Bakı Dövlət Universitetinin (BDU) Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 22 Aprel – Beynəlxalq Yer Gününə həsr olunmuş elmi seminar keçirilib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin keçirilməsində məqsəd bu günün əhəmiyyətini vurğulamaq, ətraf mühitin qorunması sahəsində qlobal çağırışları, geoloji və coğrafi elmlərin aktual problemlərini diqqətə çatdırmaqdır.
Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov Beynəlxalq Yer Gününün qeyd olunmasının əhəmiyyətindən danışaraq, ekoloji sabitliyin qorunması və təbii sərvətlərdən səmərəli istifadənin vacibliyini vurğulayıb. O, belə elmi tədbirlərin tələbələrin ekoloji düşüncə tərzinin formalaşmasında və gənc mütəxəssislərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Geologiya fakültəsinin Seysmologiya və yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov “Zəlzələ proqnozunun problemləri” mövzusunda elmi məruzə ilə çıxış edib. O, çıxışında zəlzələlərin proqnozlaşdırılmasında mövcud elmi metodların imkan və məhdudiyyətləri, bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda aparılan elmi tədqiqatların vəziyyəti haqqında ətraflı məlumat verib. Alim çıxışında seysmologiyanın inkişaf perspektivləri və bu sahədə qarşıda duran vəzifələrə də toxunub.
Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov geomatika elminin əsas anlayışları, məkan məlumatlarının toplanması və təhlili metodları, eləcə də bu texnologiyaların ətraf mühitin monitorinqi, təbii fəlakətlərin proqnozlaşdırılması və regionların dayanıqlı inkişafında rolu haqqında iştirakçıları məlumatlandırıb.