Beynəlxalq Yer Günü münasibətilə EkoSfera Ekoloji-Sosial Mərkəzinin Balaxanıdakı Ekomərkəzi və Botanika bağında Bakı Abadlıq Xidmətinin tərəfdaşlığı və dəstəyi, “Oxbridge School”un məktəblilərinin iştirakı ilə ağacəkmə aksiyası və maarifləndirici tədbir keçirilib.
EkoSfera Ekoloji-Sosial Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, Beynəlxalq Yer Gününün builki mövzusu olan “Bizim enerjimiz, bizim planetimiz” çağırışına uyğun olaraq, tədbirin məhz bu ərazidə keçirilməsi keçmişin enerji irsini gələcəyin təmiz və bərpaolunan enerjisi ilə birləşdirmək baxımından rəmzi məna daşıyıb. Tarixən Balaxanı ərazisi Azərbaycanın enerji sənayesinin beşiyi hesab olunub – burada neft hasilatı və emalı ölkənin iqtisadi inkişafında mühüm rol oynayıb. Bu gün isə Balaxanı yaşıl enerji keçidinin və ekoloji transformasiyanın simvoluna çevrilməkdədir.
Tədbir çərçivəsində məktəblilər üçün Balaxanı ərazisində yerləşən sənaye parkına və təkrar emal müəssisələrinə ekoloji ekskursiya təşkil olunub. Eyni zamanda, şagirdlər üçün yaşıl enerji, tullantıların təkrar istifadəsi və enerjiyə çevrilməsi, eləcə də ətraf mühitin qorunması mövzusunda interaktiv sessiyaların keçirilib.
Tədbirin əsas məqsədlərindən biri məktəblilər arasında ekoloji düşüncə tərzinin formalaşdırılması, dayanıqlı həyat prinsiplərinin aşılanması və yaşıl texnologiyalara marağın artırılması olub. Balaxanının sənaye zonasında həyata keçirilmiş ağacəkmə aksiyası isə yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, eyni zamanda, iştirakçılarda təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunmasına dair praktiki anlayışların dərinləşməsinə xidmət edib.
Qeyd edək ki, Beynəlxalq Yer Gününün builki qlobal şüarı – “Our power, our planet” (Bizim enerjimiz, bizim planetimiz) – bütün dünyanı bərpaolunan enerji ətrafında birləşməyə və 2030-cu ilə qədər təmiz enerji istehsalını üçqat artırmağa çağırır. Bu çağırış çərçivəsində təşkil olunan tədbirdə uşaqlara alternativ enerji mənbələrinin əhəmiyyəti, enerjiyə qənaət və planetin enerji vasitəsilə qorunması kimi mövzular xüsusi diqqətə çatdırılacaq.