Azərbaycan Dillər Universitetində (ADU) “Future of Learning” forumu keçirilib.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, forum ADU, Hədəf Liseyi – STARS Campus, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) təşkilatlarının birgə təşkilatçılığı, həmçinin “Hi Languages”, “e-School” və Nəsibə Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə baş tutub.
Forumda 350-dən çox iştirakçı yer alıb. Tədbir təhsil sahəsində qlobal dəyişikliklər fonunda yeniliklərin təqdimatı və beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Tədbirin əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq, eyni zamanda, müəllimlərin peşəkar inkişafına dəstək vermək olub. İkidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında geniş fikir mübadiləsi aparılıb.
Forumun əsas auditoriyasının ingilis dili müəllimləri olmasına baxmayaraq, tədbirdə digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər fəal iştirak ediblər.
Spikerlər arasında tanınmış təhsil mütəxəssisi və BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru və “Caucasus & Central Asia IB” Assosiasiyasının sədri Françesko Bançini, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov (Ed.M.), Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev, “Hədəf STARS Campus”un icraçı direktoru və təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva, ADU-nun baş müəllimi və beynəlxalq sertifikatlı təlimçi Aynur Əsgərzadə, IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen yer alıblar.
Forum çərçivəsində “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”, “Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives kurikulumu çərçivəsində mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as a Catalyst for Effective English Language Acquisition”, “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” mövzularında təqdimatlar keçirilib.
Spikerlər və iştirakçılar adından Qarabağ Universitetinin kitabxanasına kitab ianə ediləcəyi elan olunub. Bu mənəvi təşəbbüsə verdikləri töhfəyə görə spikerlərə təşəkkürnamələr təqdim olunub və onlara Qarabağla bağlı xatirə kitabı hədiyyə edilib.
Hədəf Nəşrləri və Sinkod tərəfindən forum iştirakçılarına ingilis dilinin tədrisinə dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olunub. Eyni zamanda, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, eləcə də Qazaxıstan və Qırğızıstandan forumun onlayn iştirakçıları bu imkanlardan yararlanıblar. Bu təşəbbüs regional və beynəlxalq əməkdaşlığın inkişafı baxımından xüsusi önəm daşıyıb.
“Future of Learning” forumu təhsildə yenilikləri izləmək, beynəlxalq təcrübələri öyrənmək və onları praktikada tətbiq etmək istəyənlər üçün mühüm platformadır.