Bu gün Bakı Dövlət Universitetinin ərazisində yeni bir qurğunun açılışında iştirak etdik. Məlum olduğu kimi, Azərbaycan ətraf mühitin qorunması, ekologiya və eyni zamanda, yaşıl enerji, yaşıl iqtisadiyyat sahəsində çox ciddi işlər görür, böyük uğurlara imza atıb.
TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev jurnalistlərə müsahibəsində söyləyib.
Rektor bildirib ki, təkcə COP29 tədbirinin Azərbaycanda uğurla həyata keçirilməsini qeyd etmək kifayətdir. Digər tərəfdən, ümumi konvensiya çərçivəsində, istər parlament, istər Nazirlər Kabineti tərəfindən müvafiq qərarların qəbul olunması və bu işlərin həyata keçirilməsi özü Azərbaycanın uğurlarına dəlalət edir. Bugünkü layihəmiz KOBİA ilə birlikdə həyata keçirilib. Əməkdaşımız bu layihənin 5-ci qrant müsabiqəsi üzrə verilmiş layihənin qalibi olub.
İlk layihədir ki, həm günəş, həm də külək enerjisindən istifadə etməklə universitet ərazisində əməkdaşlarımız və təhsil alanlar üçün təmiz ekoenerjidən istifadə imkanlarını yaradır. Düşünürük ki, bu ərazi - ekoenerji məntəqəsi digər universitetlərin tələbələri üçün də tədris imkanı yaradacaq. Çünki günəş və külək enerjisindən istifadə, eyni zamanda, ekoloji problemlərin əyani şəkildə göstərilməsi üçün bir məkan olacaq.