Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.
Akademiyadan TƏHSİL.BİZ-ə bildirilib ki, iclasda çıxış edən AMEA-nın rəhbəri akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 2025-ci il 5 noyabr tarixli Sərəncamının Akademiyanın 80 illik şərəfli tarixində əlamətdar hadisələrdən biri olduğunu söyləyib.
“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı və proqram xarakterli, dərin məzmunlu çıxışı Akademiyanın, alimlərimizin gələcək fəaliyyətinin yol xəritəsidir. Prezident İlham Əliyevin IV Sənaye İnqilabının əsas çağırışlarından olan kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalara dair fikirləri bundan sonrakı fəaliyyətimizin əsasını təşkil edəcək”, - deyə akademik İsa Həbibbəyli bildirib.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması və Azərbaycan tarixinin, Azərbaycanın dövlətçilik tarixinin yenidən yazılması ilə bağlı Prezidentin qarşıya qoyduğu vəzifələrdən irəli gələrək dərhal AMEA-nın Rəyasət Heyətində dilçi və tarixçi alimlərlə görüşlər keçirilib, təkliflər irəli sürülüb, Akademiyanın elmi müəssisə və təşkilatlarına tapşırıqlar verilib, alimlərimiz mətbuatda məqalələrlə çıxışlar edib və yaxın günlərdə AMEA-nın vahid Tədbirlər planı qəbul olunacaq.
Daha sonra Prezidentin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 2025-ci il 5 noyabr tarixli Sərəncamı ilə təltif olunanlara mükafatları təqdim edilib. Təltif olunanlar çıxış edərək dövlətimizin başçısına Azərbaycan elminə, aliminə verdiyi yüksək diqqət və dəyərə görə minnətdarlıqlarını bildirib, alimlərimizin qarşısına qoyduğu vəzifələrin icrası istiqamətində bundan sonra da yorulmadan çalışacaqlarını söyləyiblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı da təsdiq edilib.
Həmçinin dünyaşöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş “Minilliklərin riyazi ahəngi. Qlobal dialoq” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb.