Logo

Azərbaycan Ordusunun inamlı Qələbəsi

28.09.2021 16:39 620 baxış
IMG

27 sentyabr 2020-ci ildən başlayaraq ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Azərbaycan müharibəyə hər zaman hazır olub, bizi dayandıran amil məsuliyyətli ölkə olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız idi. 

Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən – Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.

Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi.Bitərəf mənbələr bildiriblər ki, Azərbaycan qüvvələri 14 və ya 15 oktyabrda Hadrutu tam ələ keçiriblər. Qəsəbənin şimalında və qərbində oktyabrın 30-dək digər kəndlər və yüksəkliklər uğrunda yeni döyüşlər baş verib.
     
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri[  7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir.Buna baxmayaraq, ertəsi gün Azərbaycan MüdafiəNazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyanvə Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır.Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir.Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır.

Hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun “Pravda.ru” nəşrinə ordumuzun güc-qüdrəti ilə bağlı açıqlaması da diqqət çəkir. İ.Korotçenko birinci Qarabağ müharibəsindən danışaraq xatırladıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu diqqət mərkəzində saxlanıldı, bununla bağlı mühüm tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev 17 illik hakimiyyəti dövründə isə iri infrastruktur neft-qaz layihələrini həyata keçirdi və bundan əldə edilən böyük həcmli valyuta gəlirləri hesabına bütün Azərbaycan, eləcə də ordu sürətlə inkişaf etdi və regionun ən güclü silahlı qüvvəsinə çevrildi.

Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş əzmi haqqında qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib: “Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz.

İşğal altında olan ərazilərimizin bir hissəsi hərbi yolla, digər hissəsini isə Ermənistan üçün kapitulyasiya aktı kimi dəyərləndirilən 10 noyabr Bəyanatından irəli gələn öhdəlik əsasında azad edilir. Dekabrın 1-də Azərbaycanın bütün ərazisi üzərində siyasi-hüquqi suverenliyimiz və ərazi bütövlüyümüz bərpa edildi. Beləliklə, Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü təmin edildi.

Azərbaycan Ordusu birmənalı şəkildə bütün dünyaya sübut etdi ki, istənilən vəzifəni icra etməyə qadirdir. 44 günlük müharibə zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və artıq ali hərbi məktəb dərsliklərinə salınır, öyrənilir. Təsadüfi deyil ki, ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edir.Heç şübhəsiz, ordumuzun döyüş hazırlığını, manevr təcrübəsinin artırılmasında qardaş Türkiyə ilə müxtəlif dövrlərdə keçirilmiş birgə hərbi təlimlərin özünəməxsus yeri olub. Birgə hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktiki manevretmə səriştəsi əsaslı şəkildə artmışdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

Zaur Mikayılov
İmişli rayonu Sarxanlı kənd 2 saylı tam orta məktəbin tarix müəllimi

Xəbər lenti