9 yanvar Xalq şairi Zəlimxan Yaqubun anım günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsi çərçivəsində Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubovla söhbəti təqdim edir.
- Ənənəvi sualımızla başlayırıq: Sizi layihəyə dəvət edəndə Zəlimxan Yaqubla bağlı ilk yadınıza düşən nə oldu?
- Ən yadda qalan xatirələrimdən birini danışım. Bir gün gəldim gördüm ki, həyətdə ağacları sulayır. Ağaca söykənmişdi. Mənə dedi, oğul, sinəmə yaxşı şeir gəlib. Atama “bava” deyirəm. Dedim, ay bava, nə şeir? Dedi, 10 dəqiqədən sonra gəl. 10 dəqiqədən sonra gələndə dedi, qulaq as:
Nə vaxta arxalan, nə baxta aldan,
Nə dövran, nə də bir çağ vəfalıymış.
Minbir daşürəkli dostdan, tanışdan/
Bir daşlı, qayalı dağ vəfalıymış.
Nə toxa bel bağla, nə aca söykən,
Nə şaha arxalan, nə taca söykən,
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.
Zəlimxan dilində min dürlü dastan,
Gah toydan söz açır, gah da ki, yasdan.
Bahalı köynəkdən, əlvan libasdan
Kəfən etibarlı, ağ vəfalıymış.
Bu şeir mənim gözümün qabağında yarandı. 10-15 dəqiqənin məhsuluydu. Bədahətən də mənə söylədi.
- Neçə uşaqsınız?
- Dörd. İki qardaş, iki bacı. Böyük oğlu mənəm.
- Daha çox sizlə söhbəti tutardı yəqin.
- Bəli. Mənə tək böyük oğlu kimi yox, həm də dostu kimi baxırdı.
- Nədən danışırdınız?
- Azərbaycanın ictimai-siyasi həyatında baş verənlərdən, problemlərdən, öz şəxsi həyatındakı məsələlərdən... Mənimlə məsləhətləşirdi, yeri gələndə sözümə qulaq asırdı. Axşam bir də görürdün çağırırdı ki, ay qağa, təzə şeir yazmışam, bir bəri dur. Şeirlərinin ilk oxucusu olmuşam.
- Tənqid eləyə bilirdiniz?
- Hərdən mübahisələrimiz olurdu. Məsələn, deyirdim, bu nə şeirdi yazmısan. Atamın məşhur şeiri var, “Bu yaşıl ağacın altı bizimdir”. Mən o şeiri bəyənmirdim. Saza-sözə bağlı adamam deyə aşıq şeirindən uzaq şeir görəndə qəribsiyirdim. O da həmişə mənə deyirdi ki, sən belə şeyləri bilməzsən. Zaman sübut elədi ki, mən səhv danışırammış.
- Qadağa qoyurdu uşaqlarına?
- Təbii. Ən çox evə gec gəlmək məsələsinə görə. Digər məsələlərdə mənə inamı tam idi. Filankəslə görüşmə, filankəslə dostluq eləmə-filan - belə şeylər demirdi mənə.
- Borçalı mühafizəkar yerdir Evdə Zəlimxan müəllim necə biriydi? Mühafizəkarlığı varıydımı? Zəhmliydimi?
- Atam mühafizəkar idi. Ata babalarından gördüyünü saxlamağa çalışırdı. Ənənəyə sadiq adam idi. Mən özümü biləndən beləydi. Atam evə girən kimi bütün ailə üzləri ayağa qalxardı. Mən ailə quranda atamın yanında heç vaxt uşaqlarımı qucağıma almadım. Evlənəndə bir neçə il atamgildə qaldıq, heç vaxt onun yanında yoldaşımın adını çəkmirdim. Belə görmüşdük, belə də gedirdik.
- Çəkindiyiniz olurdu?
- Hə. Onun bir sərt baxışı vardı ki! O sərt baxış mənə tuşlananda istəyirdim, yer yarılsın, içinə girim. O baxış indi də yadıma düşəndə birtəhər oluram.
- 29 yaşında evlənib...
- Hə... Atamla anam qohumdular. Eyni kənddəndilər. Bolnis Kəpənəkçisindən. Qızın atasına deyiblər, hal-qəziyyə belə, nə deyirsən, onlar da razılaşıb. Beləcə evləniblər.
- O şeirlər yalanmış onda? Sevgi şeirləri...
- O şeirlərin heç biri anama yazılmayıb. Zəlimxan Yaqubun 45 yaşına qədər yazdığı sevgi şeirlərinin heç birində subyekt olmayıb. Onlar xəyali şeirlərdir. Atamın o mənada cavanlığı olmayıb. Bunu dəqiq bilirəm. Bir dəfə dedim, ay bava, bu qədər məşhursan, böyük şairsən, mən arzulayaram ki, sənin anamdan başqa məhəbbət dastanı yazacağın bir qadının da olsun. Nə qədər çox sevsən, o qədər çox yazacaqsan. Dedi, sağ ol, ay bala, düz deyirsən (gülüşmə).
- Yoldaşıyla münasibətdə necə idi?
- Bir misal deyim. Anam deyərdi ki, məsələn, nəsə almaq istəyirəm, atam bunu sorğulamazdı. Yaxud da harasa getməyini. Deyərdi, get. Anamın bunları deməyi məlumat xarakterli idi, icazə üçün demirdi. Tipik Azərbaycan ailəsi. Bir əhvalat danışım sizə. Deməli, anam tutumlu qadın idi. Pulu atamdan alırdı, bir yerə gizləyirdi. Sonra pul istəyəndə deyirdi, yoxdu, getdi. Bir dəfə bir ot-çiçək satan qadın gəlibmiş həyətimizə, anama deyib, çəkin çoxdu, 150 manat xərc çəksən səni arıqladaram. Bavam o yandan qayıdıb ki, sən bundan 150 manatı al, onun dərdindən özü arıqlayacaq (gülüşmə).
- Qızlarına qarşı da yəqin mühafizəkar olub.
- Hə. Məsələn, mənim böyük bacım ilk dəfə metroya 10-cu sinifdə minib.
- Evdən çölə çıxmayıb?
- Məktəbə gedirdi. O da yaxın idi. Böyük bacımı elə 10-cu sinifdə ərə vermişdi. Görücü üsulu ilə. Mənim özüm də o cür ailə həyatı qurmuşam. Böyüklər görüb, bəyənib. Biz də onları eşitmişik.
- Mühafizəkarlığından danışdıq. Amma Zəlimxan müəllim həm də zarafatcılıydı...
- Hərtərəfli adam idi. Deyirlər, Xalq şairi, tanınmış adam, böyük şair-filan, amma mənim üçün Zəlimxan Yaqub şəxsiyyətinə görə böyük idi. Hər şeyin yerini bilirdi. Zarafatın da, ciddiliyin də. Hərdən mənə deyirdi, ayə, bu anektodu eşidibsən. Başlayırdı lətifəni danışmağa. Özü də gözəl danışırdı. Açıq-saçıq lətifəni də çəkinmədən mənə danışırdı. Elə danışırdı, ölürdük gülməkdən...
Elə sözləri var idi ki, güllə vursa, ondan yaxşıydı. Bir dəfə qohumlardan biri döyüşkən xoruzlar gətirmişdi. Səhər yemək yeyirdik, mən də eləcənə dedim ki, o xoruzları verərsən mənə, döyüşdürəcəm. Süfrədən başını qaldırmadan sakitcə nə desə yaxşıdır? “Bilirdim ki, mənim oğlum böyüyəndə xoruz döyüşdürən olacaq!” (gülür). Bunu elə tonda, elə intonasiyada, elə dərin istehzayla dedi ki, yerimdə dondum, tər basdı məni.
- Kimisə sevdiyinizi gəlib atanıza deyə bilərdiniz?
- Yox. Çətin. Açığı, həyatımda elə məsələlər olmayıb. Əgər elə bir şey olsaydı, birinci anama deyərdim, o da atama çatdırardı. Birbaşa ona deməkdən çəkinməzdim, sadəcə bəzi sərhədləri keçməz istəməzdim.
- Sizə heç əl qaldırıb?
- Olub.
- Nə üstündə?
- Açığı xatırlamıram. Yəqin ki evə gec gəlmək üstündə olardı. Məclisdən gec gəlmişəm, o da yaxşı bir şapalaq ilişdirib.
- Küsdüyünüz olub atanızdan?
- Olub. Məni evə gec gəldiyimə görə danlayırdı. Bu da mənə ağır gəlirdi ki, artıq böyümüşəm, uşaq deyiləm...
- Artıq neçənci dəfədir ki, gec gəldiyinizi deyirsiniz. Maraqlıdır, hardan gəlirdiniz?
- Heç nə. Dostlarla yeyib-içməkdən...
- İçkiylə arası necəydi?
- Deyirlər, cavan vaxtı yaxşı çaxır içirmiş. Mənim atama Allah möhkəm fiziki güc vermişdi. Amma elə içən deyildi. Məclislərdə olurdu, saz çalırdı, şeir deyirdi. Çox sadə, təvazökar adam idi. Sizə bir əhvalat danışım. Bir dəfə Şıxovda maşını saxlatdırdı ki, gəlin burda çimək. Şıxov da sadə yerdir axı. Gördüm, yaxınlıqda iki nəfər mübahisə edir. Mən də atam barədə kiminsə söhbət eləməyinə həssas idim. Deyirdim, görən əleyhinə danışırlar, ya yaxşısına. Sən demə bunlardan biri Zəlimxanı tanıyıb, o biri deyib, ola bilməz, o buralara gəlməz. Nəsə uzun mübahisədən sonra razılaşdılar ki, gedək soruşaq. Gəlib soruşdular: “Siz Zəlimxan Yaqubun qardaşısınız?” Atam dedi, bəli, qardaşıyam. O biri qayıtdı ki, gördün, Zəlimxan Yaqubun burda nə işi var, indi o süd gölündə-zadda üzür (gülür).
- Zəlimxan Yaquba münasibət birmənalı deyildi. Bəziləri onu “saray şairi” adlandırırdı, bu mənada tənqid edirdi. Necə münasibət göstərirdi bu fikirlərə?
- Öz içində rahat idi. O məsələdən narahat deyildi. Deməzdim ki, ona toxunmurdu. Bəlkə də hardasa toxunurdu. Amma içində rahat idi. Çünki o, hamıya kömək əlini uzadırdı. Bəzən bu köməklərə görə mən ona etiraz edirdim.
- Niyə ki?
- Deyirdim, xırda şeylərə görə kimlərdənsə xahiş eləmə. Məsələn, biri zəng edib deyirdi, polis maşınımı saxlayıb. Onu da xahiş eləyirdi. Deyirdim, bu xırda şeydi. Zəlimxan Yaqub niyə adi bir işdən ötrü kimsə ağız açsın. Uzağı beş-on manat cərimə yazılacaq. Razılaşmırdı, etiraz edirdi. Deyirdi, ehtiyacı olmasa, zəng eləməz.
- Zəlimxan Yaqub sərt tənqid olunanda qıcıqlanmırdınız ki?
- Özü deyirdi, insan elə bir məxluqdur ki, İsanı çarmıxa çəkir, Məhəmmədi daşa basır. Heç kim haqqında birmənalı fikir ola bilməz. Bu mümkün deyil. O məsələləri təbii qəbul edirdi. Elə mən də. Özü deyirdi, bala, bir adam haqqında çox adam yaxşı, az adam pis danışırsa, bu normaldır. Ona saray şairi deyənlərin çoxu gəlib atamdan problemlərini həll eləmək üçün saraydan xahiş eləyiblər.
- Bəs sizə görə kimdənsə xahiş eləməyib ki?
- Olmayıb. Orta məktəbdə, yaxud başqa yerlərdə Zəlimxanın oğlu olduğumu biliblər. Və bu ad həmişə mənə yaşıl işıq yandırıb.
- Bəs onun şöhrətindən sıxılmamsınız ki? Məşhur şairin oğlu olmaq, onun kölgəsində qalmaq...
- Mən nə istedad sahibiyəm, nə də elə iddialarım var ki, onun kölgəsində qalmaqdan narahat olum. Həmişə fəxr eləmişəm onunla. O gözəl yükün altında əzilmək fəxrdir.
- Onu səmimi sevən adamlar çox idi...
- Hə, çox idi. Xəstələnəndə onlarla adam zəng eləyib demişdi ki, şair, sənə qurban olum, böyrək lazımdısa, çıxarıb öz böyrəyimi verim. Artıq xəstələnəndə yavaş-yavaş ölümə yaxınlaşdığını hiss edirdi. Əslində, mən atamın xəstəliyini özü qarışıq hamıdan gizlədirdim. Çoxu böyrək çatışmazlığı bilir, amma xərçəng idi. Özü də çox ağır növündən. Həkim deyirdi, onda elə bir şiş var ki, biz onun nə olduğunu anlaya bilmirik, icazə verərsə, onu beynəlxalq konfranslara göndərək, görsünlər nə olan şeydir.
- Diaqnozu nə vaxt bildiniz?
- 2009-cu ildə. Hər dəfə gərək yoxlanışdan keçəydi. Həkim deyirdi, şair gəl, şair gəl. Atamın da həkimlə, iynə-dərmanla arası yox idi. Sonra “UZİ” həkiminin yanına gedəndə həkim şoka düşmüşdü. Demişdi, xeyli vaxt keçib, gərək təcili əməliyyat olunsun. Şişin biri böyüyüb təmiz böyrəyi tutub. Böyrəyinin birini çıxartdılar. Bundan sonra Zəlimxan Yaqubun əhval-ruhiyyəsi düşməyə başladı. Sazı bir daha əlinə almadı. Mən nə çalışdım onun əhvalını qaldırım, xeyri olmadı. Elə bir şiş idi ki, kəsirdin, doqquz aydan sonra təzədən ayrı yerdən çıxırdı. Böyrəkləri getdi, başından da əməliyyat olundu. Bədən sağlam, ürək sağlam, amma saxlamaq olmadı. Dövlətimiz onun müalicəsi nə lazımdırsa etdi. Xəstəlik yeddi il çəkdi. O bahalı dərmanların hesabına bir az yaşadı. İki ay tam hərəkətsiz qaldı.
- Dəhşət.
- O qədər eşqli, həyatsevər, ilhamlı idi ki. O cür ağır şəraitdə xəstə ola-ola yenə də yazırdı. Mən ən çox ona təəssüf eləyirəm ki, Allah ona bir az da ömür versəydi, nələr yazacaqdı, nələr.
- Son günlərini necə xatırlayırsınız? Vəsiyyəti də olub deyəsən...
- Ölümündən bir həftə qabaq çarpayıdan durdu, yeriyə-yeriyə gəldi mətbəxdə oturdu, bizi də yığdı başına.
- O vəziyyətdə?
- Hə. Bacıları, qohum-tanış hamı ordaydı. Gəldi oturdu, söhbət elədi. Sonra işarət barmağını qaldırdı yuxarı, dedi, xalqım, millətim üçün mənalı ömür yaşadım, siz də çalışın belə yaşayın.
- Son sözləri bu oldu?
- Hə. Son sözləri idi.
- Yoxluğuna necə alışa bildiniz?
- Qəfil ölüm adamı sarsıdır. Mən özümü hazırlamışdım. 6 il xəstəliklə döyüşəndə həmişə bir yerdə olduq. Bu mənə böyük təskinlik idi. Bir dəfə Almaniyada müalicə olunduğu vaxt parkda gəzişirdik. Mənə dedi, ay bala, çalış hamıya yaxşılıq elə. Dedim, ay bava, sən şairsən, mən məmur, mənə pislik eləyənə necə yaxşılıq eləyim. Qayıtdı ki, a bala, elə bil mən Mövlanəyəm, sən Ələddin (gülür). Onlar da ata-oğul yola getmirdilər axı. Fərqli dünyaların adamları idilər. Doğrudan da mübahisələrimiz olurdu. Deyirdim, ay bava, düşüm yaxşılığın dalınca, bəs bizim dolanışığımız? Sözümü kəsirdi, deyirdi, ay köpəyoğlu, mən alverçi deyiləm! İndi başa düşürəm ki, onun mənə dediklərinin hamısı düz imiş.
- Zəlimxan adlı nəvəsi var?
- Mənim kiçik oğlum.
- Oxşayır heç?
- O qədər də yox. Həmişə atam ona baxıb deyirdi ki, bu köpəyoğlundan gözüm su içmir (gülür). Atasının adını qoyduğu balaca Yusifi özünə daha çox oxşadırdı.
2018