1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları paytaxt Bakı və respublikanın bir neçə rayonuna yeridildi. Hücum zamanı dinc insanlar ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildilər. Öncədən hazırlanan bu təcavüzkarlıq planı Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini sarsıtmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Baş verən hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə bir yerdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi.
Bunu AZƏRTAC-a AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova bildirib. O qeyd edib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, bütün dünyaya xalqımızın mətinliyini, iradəsinin sarsılmazlığını göstərdi. Xüsusilə gənc nəslin göstərdiyi şücaət Azərbaycan milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib dönməz xarakter aldı. Azərbaycan xalqı yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Daha sonra xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul olundu.
“Məhz 1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Hər il Şəhidlər xiyabanına axışan ziyarətçilər şəhidlərini qürurla anır, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet hakimiyyətinə son qoyulmasına və dövlət müstəqilliyinin əldə edilməsinə vəsilə oldu. Nə qədər zaman keçsə də, bu faciə heç vaxt Azərbaycan xalqı tərəfindən unudulmayacaq”, - deyə N.Bayramova fikrini yekunlaşdırıb.