Logo

Azərbaycanın ilk audio kitab yaradıcısı: “Biz dindən, oğru aləmindən uzağıq” – Müsahibə

28.01.2022 21:29 614 baxış
IMG

Kulis.az “Audiokitab”ın direktoru Əhliman Ərşadlı ilə müsahibəni təqdim edir.

- Bu layihə necə ortaya çıxdı? Necə qərara gəldiniz ki, insanlar kitaba qulaq asmalıdır?

- Bu ideya ilk dəfə 2015-ci ildə, bir masa arxasında ortaya çıxdı. Bizə qədər digər xarici ölkələrdə bu var idi. Audio kitab ilk dəfə Amerikada, gözdən əlillər üçün yaranmışdı. Sonra dövr keçdikcə, mobil tətbiq formasına gəlib çıxdı. Biz də fikirləşdik ki, belə bir şey Azərbaycanda da olsa yaxşı olar. Ölkəmizdə səsləndirilmiş kitablar var idi, amma tətbiq kimi ortaya çıxmamışdı. 2015-ci ilin mart ayında ilk kitabı səsləndirdik.

- Hansı kitabı səsləndirdiniz?

 

- Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”ni. Klassikadan başlamaq qərarı almışdıq.

- İstifadəçilərin bu tətbiqlə, yəni kitabların ölçüsü, onları yükləməklə bağlı çətinliklər çəkdiyini görmüşəm. Belə problemləri necə aradan qaldırmağı düşünürsünüz?

- İlk yarananda tətbiqi sınaqdan keçirdik. Tətbiq 2018-ci ilin dekabrında işləməyə başladı. O müddətə qədər baza formalaşdırdıq. Çünki bir neçə kitabla istifadəçinin qarşısına çıxmaq düzgün olmazdı. Bu günə qədər 700 kitab, 1200 əsər səsləndirmişik. Siz dediyiniz məsələ, kitabların həcminə gəldikdə isə, biz orta həcmi nəzərdə tutmuşuq. Məsələn, “Anna Karenina”nın səslənməsi 34 saata gəlib çıxırdı, bu da 2-3 giqabayt demək idi.

- Belə böyük kitabları hissə-hissə paylaşmaq mümkün deyil?

- Əlbəttə, mümkündür. Biz böyük kitabları hissələrə bölməyə başladıq. Tətbiq həm onlayn, həm offlayn rejimdə fəaliyyət göstərir. Onlayn rejimdə yüklənən kitabı offlayn rejimdə dinləmək mümkündür. Məsələ sizin telefonunuzun yaddaş həcmidir. Əgər yaddaş həcmi böyükdürsə, bir çox kitab yükləyə biləcəksiniz.

- Bir ara tətbiq çox tənqid olunurdu, elə bu məsələlərə görə...

- Problemlərin bizdən asılı tərəfləri də olur, asılı olmayan tərəfləri də. Artıq bu məsələ öz həllini tapıb. Belə ki, biz istifadəçilərimizin qarşısına yeni tətbiqlə çıxmışıq.

- Bu tətbiqdə yenilik nədən ibarətdir?

- Bu tətbiqin digərindən fərqi ondan ibarətdir ki, ilk növbədə tətbiqə abunə funksiyasını əlavə etmişik. Qeydiyyat əvvəlki kimi e-mail üzərindən yox, nömrə, sms üzərindəndir.

- Bəs həcm məsələsi?

- Böyük kitabları yenə də hissələrə böləcəyik. Yerdə qalan digər kitablar da elə çox yer tutmayacaq, təxminən 300-500 meqabayt həcmində. Bu səsdir, istər-istəməz audio formata çevirəndə belə alınır.

- “Audiokitab”da neçə nəfər işçi var?

- Kitablar ilk başda 40-a yaxın peşəkar aktyorun ifasında səsləndirilib.

- Sirr deyilsə, onlara nə qədər qonorar ödəyirdiniz?

- Onlara saat hesabı ilə ödəniş edirdik və hazırda da bu cür davam edir.

- Bəs siz nə qədər qazanırsınız?

- Normaldır, şükür Allaha. Əsasən, xərcimiz çox olub, hələ elə də böyük gəlir götürməmişik. Bu elə işdir ki, gərək əvvəlcədən çox xərcləyəsən ki, gəlirin çox olsun. 2015-dən 2019-a qədər ancaq xərcləmişik. Satış etmirdik, baza toplayırdıq. Aktyorların qonorarı, studiyanın icarə haqqı, xərcimiz çox idi. 2019-da artıq pullu kitabların satışına başladıq, müəyyən qədər gəlirimiz oldu. Ardınca pandemiya başladı, pullu kitabları pulsuz etmək qərarına gəldik.

- Nəşriyyatlarla necə işləyirsiniz?

- Nəşriyyatlarla müqaviləyə, razılaşdırmaya əsasən işləyirik.

- Ən bahalı kitabınız hansıdır?

- Ən bahalı kitabımız 6 manat 80 qəpikdir. “Çərpələng uçuran”, “Mənim adım qırmızı” kitabları ən bahalı kitablardır.

- 250-300 səhifəlik bir kitabı nə qədər müddətə səsləndirirsiniz?

- Aktyorlar bir günə təxminən 30 səhifə səsləndirə bilirdilər. Kitab səsləndirəndə istər-istəməz adam yorulur. 250-300 səhifəlik bir kitabı 10 günə səsləndiririk. Hər gün 3 saat vaxt ayırdığımızı nəzərə alsaq, 30 saata.

- Aktyor kitabın səslənməsinə öz emosiyalarını qatır, yoxsa, sadəcə üzündən oxuyur?

- Biz kitab səsləndirmək üçün ilk başda aktyorlarla bərabər, ədəbiyyat müəllimlərini çağırmışdıq. Amma istədiyimiz effekti vermədi. Səsli kitabın gözəlliyi onun dinləyicini yormamasındadır. Təxminən radio tamaşa kimi olmalıdır.

- Abunə haqqı nə qədərdir?

- Bir aylıq abunəlik haqqı 2 azn, 3 aylıq abunə haqqı 5 azn, 6 aylıq abunə haqqı 9 azn, 1 illik abunə haqqı isə 15 azn təşkil edir. Bu da kitab sevərlər üçün çox münasib və əlçatan qiymətlərdir.

- Yerli müəlliflərlə necə işləyirsiniz? Siz özünüz əlaqə saxlayırsınız, yoxsa müəlliflər özləri müraciət edirlər?

- İlk olaraq Azərbaycan klassikası ilə başladıq, daha sonra dünya ədəbiyyatı ilə paralel olaraq müasir ədəbiyyatımıza keçdik. Əksər müəlliflərimizlə müqaviləmiz var. Müəlliflərin özləri də təklif ediblər. Müəlliflər öz kitablarının gətirdiyi gəlirin 20%-nə sahib olurlar. Satışdan da, abunəlikdən də gəlir gəlməyi mümkündür.

- Yerli müəllifləri necə seçmisiniz?

- Nəşriyyatlarda daha çox oxunan, səs gətirən müəlliflərin əsərlərini səsləndirmişik və səsləndirməkdə davam edirik. Bəzi kitablar var ki, izləyicilər onu bizdən istəyib, bəzilərini də müəlliflər göndəriblər.

- Heç öz kitabını səsləndirən müəllif olub?

- Professorlarımız Kərəm Məmmədov və İlham Həsənov öz mühazirələrini, İlqar Fəhmi də öz qəzəllərini özü səsləndirib.

- Müasir yerli müəlliflərdən kimlərin kitabları daha çox endirilir?

- Əsasən tarixi roman və detektiv müəlliflərin.

- İçində vulqar ifadələr olan kitabları necə səsləndirirsiniz?

- Məsələn, Limonovun “Bu mənəm Ediçka” kitabı 18+ kitabdır. Hətta bizim audio redaktorumuz təklif etmişdi ki, həmin kitabı 18+ yox, 21+ yazdıraq.

- Elə kitabları hansısa senzuradan keçirirsiniz?

- Biz “Audiokitab” olaraq 3 şeydən uzağıq: din, siyasət və kriminal aləm.

- Dini kitab səsləndirməmisiniz?

- Düzdür, vurğuladım ki, biz dini kitablar səsləndirməmişik. Amma bir məsələni deyim ki, kitabların şahı olan səmavi kitabımız Qurani-Kərimi Rasim Balayev səsləndirib və bizim tətbiqdə var. O kitab böyük olduğuna görə biz onu iki hissəyə bölmüşük.

- Bəs İncili?

- Xeyr, sözün açığı, İncil, Tövrat hələ səsləndirilməyib.

- İnsanlar üçün oğru aləmi, “vorzakon”lar maraqlıdır. Niyə “Audiokitab”da olmasın?

- Biz, əsasən, bədii ədəbiyyatlar, dərsliklər səsləndiririk. Əsas məqsədimiz ana dilimizin saflığını qorumaq, xaricdə yaşayan soydaşlarımızın ana dilində kitabların əl çatan olması və görmə məhdudiyyətli insanların kitab dinləməsini təmin etməkdir. Bəli, o aləmə tələbat ola bilər, amma “Audiokitab”da o cür kitablar səsləndirilməyib.

- Rövşən Lənkəranskinin, Lotu Bəxtiyarın xeyli pərəstişkarı var. Onlar haqda kitabları dinləmək istəyənlər də çoxdur.

- İstifadəçilər tərəfindən bizdən belə kitabları istəyən olmayıb. Detektiv romanlara isə maraq çoxdur. Çingiz Abdullayev ən çox kitabı yüklənən müəllifdir. Artıq Elxan Elatlının da kitabları “Audiokitab”da səsləndirilir.

- Sizcə, Azərbaycan xalqı daha çox dinləyir, yoxsa oxuyur?

- Zaman o qədər sürətlə axır ki, insanların kitab oxumağa vaxtı yoxdur. Ona görə də kitab oxumağa vaxtı olmayan adam üçün ən alternativ variant audio kitabdır. Yolda gedərkən, səyahətdə olarkən, hər yerdə dinləmək mümkündür.

- Sanki audio kitab kitab oxumamaq üçün şərait yaradır. Məncə, səsli kitab dinləyəndə kitabın məzmunu yadda qalmır.

- Siz kağız kitabı oxuyanda hansısa xırda səs fikrinizi yayındıra bilər. Amma audio kitab elədir ki, qulaqcıq sizin qulağınızdadır, istər-istəməz hadisələr gözünüzün önündə canlanır, heç bir şey sizi narahat etmir.

- Ruslarda kitab səsləndirməsində qapı səsi, stəkan səsi kimi effektlərin olduğunu görmüşəm. Bəs siz belə şeylər düşünürsünüz?

- Növbəti mərhələlərdə onlar da olacaq. Radio tamaşalar düşünürük. Pyesləri bir neçə aktyorun ifasında səsləndirməyi düşünürük.

- Bizim tərcümələr çox bərbad olur. Səsləndirmələrdə bunu necə yoluna qoyursunuz?

- Ad çəkməyəcəm. Müəyyən tərcümə olunmuş kitablar var idi ki, onlar səsləndiriləndə bizim aktyorlar studiyadan çıxırdılar. Alınmırdı, cümlənin mübtədası, xəbəri bilinmirdi. Belə şeylər olurdu və biz o səhvləri özümüz düzəltməyə başlayırdıq. Bilirsiniz, bu nədən irəli gəlir? Tərcüməçilərimiz özlərinə əziyyət vermək istəmirlər. Bəzən “Google”dan tərcümə edib orasını-burasını düzəldirlər. Səsləndirilmədə bunlar daha tez duyulur. Cümlənin əvvəli ilə axırını yığıb-yığışdırmaq olmur. Sonradan həqiqətən yaxşı tərcümələr oldu.

- Yerli müəllifləri səsləndirərkən belə çətinliklər olub?

- Xeyr, olmayıb.

- Müəllif sizə təklif edəndə o özü sizə hansısa məbləğ ödəyir?

- Müraciət olarsa razılığa gəlib müqavilə bağlaya bilərik.

- Nə qədər ödəniş edilir?

- Bu kitabın həcmindən asılıdır.

- Qiraətçi əsəri əvvəlcədən oxuyur, yoxsa birbaşa səsləndirir?

- Birbaşa olanda kitabla tanış olmadığı istər-istəməz hiss olunur. Heç olmasa 30 səhifəsini oxumalıdır ki, söhbətin nədən getdiyini bilsin. Daha sonra obraza, hadisəyə münasibətini bildirmək problem olmasın.

- Siz nə qədər kitab səsləndirmisiniz?

- 55 kitabım “Audiokitab”a yüklənib, ümumi 100-ə yaxın kitab səsləndirmişəm.

- Qonorar ödədiyiniz müəllif olub?

- Hələ ki, yox. Kitabların satışı az oldu, xərci borcunu ödəmədi. Artıq abunə sisteminə keçmişik, yəqin ki, bundan sonra hər şey qaydasına düşəcək.

Xəbər lenti