"Həbsxanada zibillikdə işləməyi sevirdim. Hərdən ordan qəzet səhifələri tapırdım. Həbsxanaya qəzet göndərmirdilər. Mən də o səhifələri təmizləyir, axşam otağımda oxuyurdum. Nə vaxtsa mətbuatı bu qədər qiymətləndirəcəyim ağlıma gəlməzdi" - Nelson Mandelanın bu fikirləri ona çox təsir etmişdi. Elə hey düşünürdü: "Azadlıqda olan biz, hər tərəfdə qəzet köşkü, əldə etmək qəpik-qruşa, oxumaq isə çox asan". Sonra yenə də öz-özünə deyinirdi: "Bəs bizim qəzetdən gen düşməyimizə səbəb olan nədir?"
Əlbəttə, bu, deyinməkdən başqa bir iş deyildi. Bunu cənab özü də gözəl anlayırdı.
Cənab hər zaman olduğu kimi yenə də təlx ovqatla qəzet köşkünə yaxınlaşdı. Əlindəki qəpiyi satıcıya tərəf uzadaraq:
- Mənim qəzetimdən qalıb? - dedi.
- Əlbəttə, qalıb, saxlamışam - satıcı uca səslə cavab verdi. Sonra da arıq, uzun boğazını köşkün dar pəncərəsindən çölə çıxarıb:
- Cənab, indiki zamanda qəzet oxuyanmı var?! - deyərək, sanki kübar alıcını məzəmmət elədi.
O, sakit bir baxışla başını yellədi. Qəzeti əlinə alan kimi vərəqləməyə başladı. Adəti üzrə köşkün yanında qoyulan dəmir ayaqlı taxta oturacaqlı stula əyləşdi.
Birdən köşk pəncərəsindən nazik iplə asılan qırmızı rəngli alışqan diqqətini çəkdi. Qısa bir zamanda sağa-sola rəqs edən, tez-tez alıcı əli dəyişən alışqan onlarla siqaret dənəsini odladıqca, bu mənzərə onun da qəlbinə köz ələyirdi.
Diqqətini çəkən digər bir məqam da vardı: bəzi siqaret dənələrinin qəzet qiymətindən baha olması.
Gördükləri onun təlx ovqatını daha da korladı. Fikrə getdiyi, öz-özüylə dərdləşdiyi bir vaxtda böyürtü səsinə diksindi. Sanki mağara içində dərin qış yuxusuna gedən ayı gördüyü yuxudan qorxaraq nərilti çəkmişdi.
Ayının min oyunu bir armudun başında olduğu kimi, böyürən kişi də siqaretsiz qalacağından qorxaraq köşkün bağlanmasına bu cür etiraz etmişdi.
Köşk sahibi amiranə şəkildə: "Yoldaş, axı köşkü bağladım, zəhmət deyilsə siqareti qarşıdakı mağazadan alın. Anlayışlı olun. Qışqır-bağır salmağa nə hacət?" - desə də heyvan xislətli kişi iki ayağın bir başmağa dirədi.
Çox keçmədi ki, satıcı çətinliklə bağladığı köşkü açdı. Kişinin də ətrafa yayılan iyrənc və xırıltılı səsi xırp kəsildi.
Alıcı qulağını eşələmək üçün çeçələ barmağındakı quzğun caynağına oxşayan dırnağı ilə acgözlüklə siqaretin sellofan örtüyünü qopardı.
Yaxınlıqda zibil qutusu var idi. Ancaq o özündən əvvəlkilər kimi zibili yerə atdı.
Külək də siqaret kötüklərini sağa-sola qovur, sellofan torbaları göyə sovururdu. Əzilmiş plastik və metal içki qabları da küləyin dirijorluğu altında şəhərin musiqi ritmini tuturdu.
Yəqin ki, ömründə bir dəfə də olsa qəzet oxumayan alıcı polietilen torbaların ətrafa zərərli kimyəvi maddələr yaydığından, qida zəncirini çirkləndirdiyindən, heyvanların məhvinə yol açmasından, kanalizasiyaları tıxadığından xəbərsiz idi.
Əlbəttə, onu ümumi məsələ deyil, şəxsi məsələ maraqlandırırdı.
Qutudan bir ədəd siqaret çıxarıb qalın və göyərmiş dodaqları arasına qoydu. Dərin nəfəs aldı, tüstünü ciyərlərinə çəkərək rahatlıq tapdı. Sanki həyatdakı bugünlük missiyası tamamlandı.
Cənab oturduğu stulda don vurmuş vəziyyət almışdı. Ona gördükləri Mandelanın fikirlərindən, siqaret dənələrinin qəzet qiymətindən baha olmasından daha çox təsir etdi.
O, daxilən sarsılmışdı. Yenə də öz-özünə deyinir, beynində isə cavabsız tapmaca kimi bir sual var-gəl edirdi: insan daxilini cahillik dumanından təmizləyən qəzetmi, yoxsa insan bədənini zəhərli tüstüyə qərq edən siqaretmi?!
Əsgər İsmayılov