Logo

Nəriman Nərimanovun Xatirə Muzeyində Zəfər qəhrəmanları yad edilib

07.11.2024 11:31 299 baxış
IMG

Noyabrın 5-də Nəriman Nərimanovun Xatirə Muzeyində 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərimiz əbədidir” adlı tədbir keçirilib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən muzeyin direktoru Ləman Hüseynova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsinin tarixindən, qəhrəman Vətən oğullarının şücaətindən, milli birliyimizdən söz açıb. Bildirilib ki, məhz xalq, dövlət və ordu birliyi sayəsində Azərbaycanın torpaqları işğaldan azad olunub.

L.Hüseynova diqqətə çatdırıb ki, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilir. O, keçmiş məcburi köçkünlərin yenidən qurulan doğma yurdlarına mərhələli şəkildə qayıtdıqlarını, bunun çox qürurverici olduğunu vurğulayıb.

Şəhid Turqut Xəlilbəylinin anası Almaz xanım, Sübhan Abdurrahmanlının anası Mehriban xanım övladlarının vətənpərvərliyindən, keçdikləri qəhrəmanlıq yolundan danışıblar.

Qazi İsmayıl Əhmədzadə isə keçdiyi döyüş yolundan bəhs edib. O, 44 günlük Vətən müharibəsində şəhid olmuş silahdaşlarının döyüşdə göstərdikləri qəhrəmanlıqları dilə gətirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə tarixə qızıl hərflərlə yazılıb.

Sonra tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında vətənpərvər ruhlu musiqilər səsləndirilib.


 

Xəbər lenti