Logo

BP-nin uşaqlara “yaşıl” töhfəsi

07.11.2024 10:52 256 baxış
IMG

BP şirkəti Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” adlı kitabın təqdimatını keçirib. Bu layihə şirkətin ölkədə davamlı inkişafa və təhsilin təkmilləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsidir. Layihə məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində uşaqları maarifləndirmək və onlarda xüsusi bacarıqlar inkişaf etdirməklə dayanıqlılıq mədəniyyəti aşılamaq məqsədi daşıyır. Kitab ətraf mühitə əhəmiyyətli təsir göstərmək istəyən valideynlər, təhsil işçiləri, şagird və tələbələr üçün mühüm bir mənbə kimi nəzərdə tutulub.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Uşaqlarda ətraf mühitə dair məlumatlılığı və bacarıqları inkişaf etdirməklə onları gələcək nəsillər üçün planetimizi qorumağa kömək edən dayanıqlı seçimlər edə biləcək məsuliyyətli vətəndaşlar kimi böyüdə bilərik. İqlim dəyişikliyinin və ekoloji problemlərin planetimizə təsiri artdıqca uşaqları dayanıqlı həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşma haqqında maarifləndirmək olduqca vacibdir. Uşaqlara erkən yaşlardan “yaşıl” biliklər aşılamaqla biz onların dünyamıza müsbət təsir göstərə biləcək, ətraf mühitə həssas vətəndaşlar kimi formalaşmasına kömək edirik”.

Qeyd edək ki, 9 fəsildən və nəticədən ibarət 168 səhifəlik kitab “yaşıl” biliklərin inkişaf etdirilməsi üçün həm hərtərəfli, həm də əlçatan yanaşma təmin edir. Kitabın hər bir fəslində müvafiq yerli və beynəlxalq qanunvericilik aktları uşaqların asanlıqla başa düşə biləcəyi formada təqdim edilir. Burada, həmçinin uşaqların marağını cəlb etmək və onları fəal iştiraka həvəsləndirmək üçün şəkillər, interaktiv fəaliyyət və oyunlar, eləcə də ekoloji terminlərin izahlı lüğəti və digər faydalı məzmun var.

Xəbər lenti