Logo

"Etibarlılıq və xeyirxahlıq qəhətə çəkilib"

09.12.2022 21:26 384 baxış
IMG

Mətbuatda "Kitablarınızı Azərbaycanda çap etdirməsəniz, sonralar milli kimliyinizə şübhə ilə yananaşanlar tapılacaq"- başlıqlı yazını nəzərdən keçirdim.

Həmin yazının müəllifi, professor Qəzənfər Paşayev idi. Hörmətli Qəzənfər müəllim yazar Sərdar Aminin professor, hörmətli Rafiq Əliyevlə müsahibəsi haqqında olduqca səmimi fikrini və mülahizələrini dəyərli oxucularına çatdırır. Müsahibədə dünyanın gedişatına güzgü tutan incə mətləblərə, insanların ibrət götürə biləcəyi məqamlara professor Rafiq Əliyevin toxunduğunu qeyd edirsiz. Bununla yanaşı olaraq, bəşəriyyəti dünya bina olandan bəri, əzəli və əbədi problemə bir-birinizdən xəbərsiz fərqli zamanda olsaz belə, hər ikiniz bəşər övladını düşündürən mövzuya yanaşma və münasibətinizin eynən oxşar olduğu bəlli olur.

Professor Q.Paşayev "Məhbus məktubu" adlı hekayəsində qoyduğu problemə eynən professor R.Əliyev müsahibəsində toxunaraq: "Mənim ən böyük arzum o olub ki, Allah məni maddi cəhətdən zəngin eləməsin. İnsan elə bir varlıqdır ki, bütün hissləri ödənildikdə-pul, mal, şəhvət-o zaman izafi bir hissə ehtiyacı yaranır". Professor Q.Paşayev əlavə olaraq qeyd edərək: "İzafi zənginlik insanın, xüsusən də əvvəllər görməmiş adamın harınlığına gətirib çıxarır, gözləri ayağının altını seçmir" - kəlməsi sanki dövrün nəbzini tutaraq, fikrimcə, professor elə bil lap zamanın tərifini verib.

Hörmətli alim, keçən əsrin 60-cı illərində İraqda tərcüməçi işlədiyi vaxtda qəzetlər inanılmaz bir xəbər dərc etdiyini və həmin xəbərdə Almaniyada milyarderin 20 yaşlı oğlu intihar etdiyini qeyd edirsiz. İntihar hadisəsinin səbəbini həmkarınız R.Əliyevə ünvanlayaraq sözügedən faktın izafi ehtiyaca ən yaxşı nümunə olduğunu önə çəkirsiniz. Professor Q.Paşayev həmkarı R.Əliyev haqqında qeyd etmiş olduğu fikirlər səmimi olduğu kimi, həm də düşündürücüdür. Hörmətli Q.Paşayevin hörmətli R.Əliyev haqda yazısını ədəbi yanaşmanın ən gözəl və təsirli bir nümunəsi kimi göstərmək olar. Professor Q. Paşayevin tövsiyyəsindəki ali yanaşma tərzi, həmkarına yönəlmiş arzu və sualların mahiyyətində, eləcə də qoyuluşunda doğma düşüncə hissinin əlvan rəngini görməmək mümkün deyil.

Müasir dövrün yazarlarına, özünə "ustad" deyib, populyarlığı sənətdən üstün tutanlar hökmən professor Q.Paşayevin həmkarı professor R.Əliyev haqda olan yazısını oxusalar sağlam və milli dəyərlərimizdən qaynaqlanan ənənəni, kökü görmüş olarlar...

Professor Q.Paşayev "Mən də Yaradana sidq-qəlbdən inanıram" - deyərək yer, kainat və təbiət müstəvisindən yanaşdığınızı qeyd edirsiniz. Mən də yazı müəllifi olaraq, Sizin yazınızda keçən əsrin 60-cı illərində İraqda işlədiyiniz zamanda qəzetlərdə Almaniyalı milyarderin 20 yaşlı oğlunun intihar etməsi xəbərini qeyd etməklə yanaşı, haqlı olaraq vurğulayırsız ki, insan elə bir varlıqdır ki, bütün hissləri ödənildikdə; pul, mal, şəhvət o zaman izafi bir hissə ehtiyacı yaranır. Sizin yazıda iki məqam diqqətimi çəkdi. Birincisi Allah məni maddi cəhətdən zəngin etməsin". İkincisi isə Alman milyarderin 20 yaşlı oğlunun intihar hadisəsinə ən yaxşı nümunə olduğunu bildirməyinizdir. Əslində, Sizin fikirlərinizə kölgə salmaq niyyətindən çox uzaqam. Təbii ki, bir yazı müəllifinin mövqeyi, ayrı bir müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Mətləbə keçim 2016-cı ildə yaxın qohumun evində olduğum zaman telekanalların birində səslənən bir xəbər evdəkiləri heyrətləndirdi. Xəbərdə deyilirdi ki, 8,7 milyard dollar dəyərində vəsaitin sahibi olan 44 yaşlı ABŞ vətəndaşı bütün varidatının səhv etmirəmsə 80 faizini ölkəsinin sosial, ekologiya və ətraf mühitin qorunmasına, eləcə də humanitar fondlara və xeyriyyə cəmiyyətlərinə rəsmən adları çəkilən təşkilatlara köçürdüyünü bəyan etdi. Xəbərdən məlum olur ki, varidatın sahibi milyarder əqli və fiziki cəhətdən tam sağlamdır. Ona qarşı nə dövlət, nə də kimsə tərəfdən təzyiq, təsir və ya təhdid olmayıb. Varidatın sahibi şəxsən heç kimin diqtəsi olmadan özü bu qərara gəldiyini deyib. Həmin an ekranda varidatını sədəqə kimi verən milyarderin surəti göstərilməsə də verilişin aparıcısı milyarderin özünə qalan varidatının müəyyən hissəsinin xarici ölkələrdə işgüzar və ya turizm, istirahət səfərlərində otel icarəsinə, habelə xidmət sahələrinə xərcləyəcəyini dedi. Varidatının özünə qalan hissəsinin onun ömrünün sonuna qədər yetərincə çatacağını, hətta xeyli vəsaitin artıq qalacağını milyonlarla izləyicinin diqqətinə çatdırdı. Şübhəsiz ki, mənim qeyd etdiyim Amerika milyarderinin necə deyərlər "varın verən utanmaz" əldə etdiyi, bu qədər qazandığı milyard dollarla qiymətləndirilən varidatından birdəfəlik öz-özünə müstəqil qərar verməsi hadisəsi, xüsusən də Amerikada heç də yeni və ilk hadisə deyil. Hazırda Vikipediya səhifəsinə baxsaq, varidatının xeyli hissəsindən keçməyə qadir olan milyarderlərin siyahıda artıq barmaq sayından çox olduğunun fərqində olmuş olarıq. Bəlkə də Amerikanın bu qədər qüdrətli ölkəyə malik olmasında varidatından keçən Amerika vətəndaşının müstəsna mövqeyi ilə yanaşı, əməlində göstərdiyi səxavətini ölkəsi üçün fayda və əhəmiyyətinin az olduğunu düşünmək, fikrimcə, sadəlövlük olardı.

Hörməti professorlar Q.Paşayev və R.Əliyevin milyarder Amerika vətəndaşı haqqında məndən də artıq müfəssəl məlumatları var. Hər iki tanınmış alim özlərinə var, dövlət arzulamasalar da belə, ölkəmizdə kifayət qədər (zəngin deməzdim) varlı, hər tərəfli imkana malik şəxslər var. Artıq sosial şəbəkələrdə varidatı hədsiz artan şəxslər ilə bağlı yayılan xəbərlərdə onların sərvətlərinin istər xaricdə, istərsə də ölkə daxilində olması faktı heç kimə sirr deyil. Hörmətli professorlar R.Əliyev və Q.Paşayevdən mənim də umacağım və gözləntilərim var. Necə ki, alim Q.Paşayev alim həmkarı R.Əliyevin xarici ölkələrdə 76 kitabının çap olunduğunu, ancaq ölkəmizdə nə üçün bu günədək Rafiq müəllimin kitablarını çap etdirməməsini səmimi və haqlı olaraq qınayır və məqbul saymır. Rafiq müəllimə önəmli məsləhət verən Q.Paşayev əslən Qarabağlı həmkarına sonralar onun milli kimliyinə şübhə ilə yanaşanların mütləq tapılacağını qeyd edir. Mənim umacağım və gözləntilərim əsasən odur ki, hər iki nüfuzlu və tanınmış alimin ölkəmizin mənafeyinə kölgə salan, mili - mənəvi dəyərlərimizə zidd olan məlum hadisələrə yumşaq desəm bir susmaqla yanaşma müşahidə olunur.

Müstəqilliyimizin bərpasından ötən illər ərzində incəsənət muzeyindən oğurlanan rəsm əsərlərindən başlayaraq, son illərdə ayrı-ayrı nazirliklərdə büdcə vəsaitlərini mənimsəyən vəzifəli şəxslər haqqında artıq xarici ölkələrin mətbuatında çap edilən xəbərləri gizlətmək, ört-basdır etmək mümkün deyil.Sosial şəbəkələrin geniş vüsət aldığı bir şəraitdə belə arzuolunmaz hadisələrin yayılmasının qarşısını almaq mümkünsüzdür.

ATU-nin dosenti, həkim ziyalı R.Mahmudovdan savayı sanki ayrı bir ziyalı nə efirdə, nə də mətbuatda hadisələrə öz münasibətlərini bildirməyə meyl etmirlər. Bəlkə mən yanılıram? Yeniyetmə və gənc nəslə, bir sözlə ölkə əhalisinə mənəvi saf, vicdanı təmiz, alnı açıq, üzü ağ, heç kimin qarşısında gözükölgəli olmayan ziyalıya və onun sözünə hədsiz ehtiyacı olduğunu xüsusilə qeyd etsəm, yəqin ki, məni qınamazsız.

Hörmətli oxucular. Hər dəfə ekranda eyni şəxslər, yalnız partiya rəhbərlərini, siyasiləri görməkdən ölkə əhalisinin onların çıxışlarından məmnun qaldıqlarını müşahidə etməmişəm. Ona görə də prof. Q.Paşayev və R.Əliyevdən umacağım və gözləntilərim əsasən odur ki, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon vətəndaşımızın məcburi köçkün düşməsi və belə bir vəziyyətin hələ də davam etdiyi zaman milli-mənəvi dəyərlərimizə zərbə vuran, sapı özümüzdən olan baltaların gənc nəslin vətənpərvərlik ruhuna pis təsir göstərən hərəkətlərə, meyllərə, təzahürlərə qarşı ən tutarlı cavabı, kəskin sözə, dəyərli kəlama qadir ziyalılara bir daha təkrar edirəm ki, ictimaiyyətin onlara böyük ehtiyacı var.

Milli tarixi taleyimizin şərəfi sandığım Firudin bəy Köçərlinin şəxsiyyətinin məziyyətlərinin milləti naminə etdiklərinin dəyərini, misilsiz fədakarlığını qeyd etməyi özüm üçün mənəvi borc sayıram.

Məlumdu ki, Firidun bəy Köçərli dövrünün imkanlı şəxslərindən olub. Hansı tarixi ağır şəraitdə O, Qori seminariyasından həyatını təhlükəyə ataraq həmin təhsil müəssisəsində əldə etdiyi, qoruyub saxladığı xəzinəni elmin, biliyin mənbəyi olan kitabları millətinin balalarına ərməğan etdi.

Qazaxda Firidun bəy öz zəhməti, gərgin əməyi, habelə maddi vəsaiti hesabına məktəb açdı. Mahal camaatı təhsil ocağına “Bəyin Evi” adını qoymuşdular. Həmin dövrdə quraqlıq və ərzaq qıtlığı ucbatından əhalinin qidaya artan ehtiyacını görüb Gəncəbasar ərazisindəki öz şəxsi pay torpaqlarını əhaliyə taxıl, əkin - biçin üçün təmənnasız olaraq pay verir.

Hazırda ölkəmizdə Firidun bəy Köçərli ilə müqayisədə Bəydən qat-qat varidatı çox olan şəxslər var.

İnternet mediadan əldə etdiyim məlumata əsasən beynəlxalq bankın rəhbərinin arvadı ölkədən çıxardığı küllü miqdarda xarici valyuta ilə hələ aldığı mülkü demirəm, hətta özü üçün şəxsi təyyarə də icarə edir.

Keçmiş bank şefinin arvadı bütün bunları, yəni öz arzu və istəyini ölkədən çıxardığı valyuta hesabına İngiltərədə heç bir pis iş görmədiyinə əmin olaraq istəyini həyata keçirməsinə nail olur.

Dahi Azərbaycan şairi, filosof və mütəfəkkiri Nizami Gəncəvi "Xəzinə tapşırsan hər gədaya sən.Bir dünya xətalar çıxar əlindən." kəlamını sanki 21-ci əsrdə də məmləkətinin baş xəzinəsində xətaların baş verəcəyini dahi şair öncədən bilirmiş.

Professor Q.Paşayev sözügedən yazısında qeyd etdiyi kimi insanların ibrət götürə biləcəyi yaxın tarixi keçmişimizdən və nə yaxşı ki, itib-batmayan, yaddaşlardan silinməz,pozulmaz bir nümunəni oxucuların nəzərinə yetirirəm.

Xan qızı pullarını Bakıda xərcləyirdi. Bu ərazidə şairənin nə töcü yığanı, nə də ki, vergi toplayanları yox idi. X.Natəvanın göstərdiyi xeyirxah əməlin və səxavətinin təməlində ULU TANRIYA itaəti və bəndələrinə ehtiramı dururdu, desəm yəqin ki, yanılmaram.

X.Natəvanın etdiyi xeyriyyəçiliyin tarixi Amerika milyarderin xeyriyyə əməlindən bizi ən azı bir əsrdən çox zaman ayırır.

Hər iki alimə sual edirəm: Xurşidbanu Natəvan və Firudin Bəy Köçərlinin maddi imkanları olmasaydı onlar öz soydaşlarına belə nəcib xeyirxahlıq və səxavət nümunəsini necə və ya hansı vasitə ilə həyata keçirə bilərdilər?

Xeyirxahlıqdan söz düşmüşkən, Professor, kulturologiya üzrə görkəmli alim Fuad Məmmədov və Engel Rzanoviç Tahirovla birgə "İdrak" verilişinin qonağı idi. 30.06.2013-cü il tarixdə məşhur alim E.Tahirova veriliş iştirakçılarından biri "bu qarışıq zamanda insanlar arasında olan münasibətlərdə çatışmayan əsas nədir” - sualına Engel Tahirov : "etibarlılıq, xeyirxahlıq indiki zamanda qəhətə çəkilib" - dedi. Dünya şöhrətli alim E.Tahirovun bu qiymətli kəlamına xüsusilə də gənc nəsil önəm verməlidirlər. Cənabi fakt qarşısında baş əyirəm.( Maksim Qorki)

“Evronyus" xəbərlər proqramını izləyərkən erməni əsilli Fransada yaşayan Şarl Aznavurun ölüm xəbərini Ermənistanda əhali tərəfindən necə qarşılandığını əks etdirən süjet diqqətimi cəlb etdi. Efirdə göstərilən süjetdə sanki 7-dən 77-cən bütün erməni xalqı qəm içində yasa batmışdı. Xəbərdə ayrı-ayrı şəhər və kəndlərin sakinləri şam yandırır, Aznavurun portreti qarşısında toplaşaraq kədərli olduğunu ifadə edirdilər. Xəbərdə diqqətimi çəkən növbəti kadrdakı görüntü daha çox maraq kəsb edirdi. Belə ki, həmin kadrda ucqar dağ kəndinin sakinləri başqa ölkədə yaşayan erməni əsilli Aznavurun ölüm xəbərini eşidib kənd meydanına toplaşaraq onu yad edirdilər. Yad edənlər arasında yeniyetmə oğlanın operatora tərəf zillənən kədərli baxışları ilə yanaşı olaraq telemüxbirin dediyi sözlər : "O,(Ş.Aznavur) daim kənd sakinlərini yad edər, yardım və köməkliyini. əsirgəmirdi" Başqa bir ölkədə yaşayan erməni müğənnisinin ölüm xəbərinin Ermənistanda ümumxalq hüzn günü olaraq qarşılanmasına geniş şərh yazmağı lüzum görmürəm. Sözgəlişi,. Çin filosfunun kəlamına isə lüzum görürəm. "Könül istərsə min imkan var, istəməsə min bir bəhanə tapar".

17.01.2019-cu il tarixində İngiltərənin sabiq Baş Naziri xanım Tereza Mey məlum Breksitlə bağlı Parlamentdə cıxışı zamanı: “İndi biz şəxsi maraqlarımızı kənara qoyub, milli maraqlarımızı üstün tutmalıyıq "- fikrini həm parlamentarilərə, həm də xalqın tale yüklü məsələlər ölkə ictimaiyyətinin diqqətini bu məzmunda düşünüb-daşımağın vacibliyini önə çəkdi.Baş Nazirin sözünə oxşar kəlamı prof, R. Əliyev Yutubda səsləndirərək: "Milli mənafeyimizi şəxsi maraqlarımızdan bir pillə üstün tutmağın mühüm olduğunu dilə gətirmişdi.

Məşhur aktyor və kino rejissoru Radj Kapur çəkdiyi filmlərdə qarşısına qoyduğu məqsəd və məramı o idi ki, Hindistan xalqının böyük əksəriyyətinin yoxsul vəziyyətdə olduğunu önə çəkməklə dövlətin rəhbər şəxslərinə göndərdiyi ən təsirli mesaj idi.Xalqın yoxsul həyatını eləcə də güzəranını həll etmək iqtidarında olmasa da ancaq dövlət başçısına oynadığı rolları ilə güclü təsir edə bilmişdi.Deməli, məşhur aktyor və kino rejissor R. Kapur istək və arzusuna qismən də olsa yaxınlaşmağa nail olmuşdu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış, nitq və məruzələrində bütün dövlət məmurlarından ədalətli olmağı və humanizm prinsiplərinə əməl etməyi buyurur. Dövlət başçısının səsləndirdiyi önəm verdiyi sözlərə hər bir məmur gündəlik iş və fəaliyyətində tədbiq etməlidi. Dövlət başçınin səsləndirdiyi fikirlərdən ibrət götürməyən və ya dərs çıxara bilməyən bəzi məmurların küllü miqdarda xarici valyutanın başqa ölkələrə çıxarılması faktlarına əhali arasında müxtəlif və təzadlı fikirlərin yaranmasına səbəb olur.

Zamanın sözünü zamanında deyən ziyalılarımızın sayı az da olsa, ancaq olub. Necə deyərlər, durulmanın sərhədləri müəyyən olunmalıdır. Dövlət başçısı Covid-19 pandemiyasına qarşı əhalinin sağlamlığın qorumaq məqsədilə illik maaşın yaradılmış fondun hesabına köçürdü. Bununla bağlı ÜST-na 10 milyon dollar pul vəsaitinin köçürülməsinə qərar verdi. Doğrudur, dövlət başçısının təşəbbüsünə və göstərdiyi nümunəyə xeyli sayda qoşulanlar oldu. Prezident İlham Əliyevin təşəbbüsü müəyyən səbəbdən fərz etsək ki, yubanır. Mütləq özünü göstərən aşiqlərin, zamanın da əhaliyə humanitar yardım işlərinə çətin ki, yaxın gələrdilər. Şübhəsiz ki, istisnaları bura əlavə etməmək şərti ilə qeyd edirəm.Yalnız şəxsi mənfəətini güdənlər və nəfsinin qulu olanların, hər bir təminatı, təzminatı ola-ola belə acgözlərin canında heç vaxt milli ruh olmaz.

Əziz Müəllimim, Professor Şirməmməd Hüseynov öz vəsaiti hesabına Cümhuriyyət tarixini ömrünün ixtiyar çağında, gecəsini gündüzünə qataraq bütün intellektual əməyini əsirgəməyərək, istiqlal və müstəqillik tariximizin qaranlıq qalmış səhifəsinə məşəl tutdu. İctimai xadim, professor Şirmməməd Hüseynovun hələ tələbəlik dövründən, yəni sovet donəmindən yaxından tanıyan və izləyən şəxs kimi onun mühazirə, çıxışlarının mövzusunun ana xəttini milli təəssübkeşlik, sözünün sonu isə vətənpərvərliklə bitirdi. Unudulmaz müəllimimiz Professor Ş.Hüseynov bizə öyrətdiyi eyni zamanda aşıladığı vətənpərvlik hissini qeyd etməyi özümə mənəvi borc bilirəm.

Xalqın həmişə alim sözünə, ziyalı mövqeyinə ehtiyacı olub. Ona gorə də hər iki professor R. Əliyev və Q. Paşayevdən umacağı mız və ümdə xahişim odur ki, ölkəmizdə gedən prosesləri qiymətləndirmə səviyyəsinə malik olmayan şəxslər var.Məntiqsiz, yalan danışan, bəsit düşüncəli nadanlar epidemiyadan daha təhlükəlidir. Belə təhlükəli "epidemiyaların" gözləməkdən ona qarşı mübarizə aparmaq lazımdır.

Milli-mənəvi dəyərlərimizi qorumaq və yaşatmaq naminə düşünürəm ki,xalq məhz sizin kimi bədii zövqə , sağlam düşüncəyə malik, ictimaiyyət arasında nüfuzu olan alimə, əsl ziyalıya, təkrar edirəm ehtiyacı var.

Xalqın, ziyalının müxalif mövqeyinə, alim sözünə artan ehtiyacını nəzərə alıb, sizdən bir daha ziyalı sarıdan ölkə mediasında yaranmış boşluğu doldurmaq və mənəvi yükü daşımağı rica edirəm.

Yazımın sonunu təəssüflər olsun ki, cəmiyyətimizdə yaranmış mənəvi boşluğun olduğunu etiraf etməklə bitirmək məcburiyyətindəyəm.

Artıq, insanların bir-birinə qarşı ümdə və vacib olan: cəmiyyət, tərəflər arasında xeyirxahlıq, şəfqət, mərhəmət hissləri, yaxşılıq etmək və onu paylaşmaq meylləri qeybə çəkilib.

17-ci əsrdə Avropa mütəfəkkirin "Dahilər qarşısında baş əyirəm, xeyirxah və mərhəmət sahibləri önündə isə diz çökürəm" kəlamı ilə cəmiyyətimizin portreti dahinin sanki "səssiz sözü" ilə çəkilmişdir.

P.S. Mövzuya yenidən qayıtmaq ehtimalı var.

Hikmət Əliyev

​​​​​Azərbaycan jurnalistlər birliyinin üzvü

Xəbər lenti