Logo

Semestrin və kursun birinciləri: yaradıcılıq hesabatları ilə - REPORTAJ

24.12.2022 22:21 1165 baxış
IMG

Artıq 2022/2023-cü tədris ilinin birinci semestri (Payız semestri) yekunlaşmaq üzrədir.

Bu müddət ərzində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin birinci kurslarının yaradıcılıq qığılcımları mətbuat səhifələrinə "düşdü". Onlar yazı, esse, hekayələri ilə düşüncə və duyğularını, müşahidə və məlumatlarını, bir sözlə müəllimlərindən və həyatdan öyrəndiklərini qələmin dili ilə çatdıra bildilər. Bunu birinci kurs tələbələrinin ilk semestrdəki "yaradıcılıq hesabatı" da adlandırmaq olar. 

Günəş yer üzünü şəfəqləri ilə ziyalandırdığı kimi, tələbələr də hər qələm məhsulları ilə öz istedad və bacarıqlarını cilalayır, bəlkə özləri də bilmədən ziyapərvər missiya həyata keçirirdilər. Oxucu qəlbinə yol tapmağı, rəğbət qazanmağı məqsəd, hədəf kimi qarşıya qoyan tələbələrin fərqli mövzulardakı yazıları müxtəlif sayt və qəzet səhifələrində dərc olundu.

Gənc jurnalistlər bilir ki, yaradıcılıqda sevinc, xoşbəxtlik, doğru yola istiqamət var. Rus yazıçısı, esseist və jurnalisti Dostoyevskinin təbiri ilə desək "Yaradıcılıq... insan təbiətinin ayrılmaz, üzvi bir xüsusiyyətidir". Digər düşüncə adamı bu məfhumu dünyanın yaranmasının davamı adlandırır. Əlbəttə, yaradıcılıq bəşəri məsələdir.

Bəşəri duyğuları, hissləri, ümumilikdə bütün insanlara məhəbbəti Südabə Məmmədovanın "Ümid həyatın sərmayəsidir", "İstək uğruna atılan daş", Yaxşılıq – insanlığa açılan qapıdır", "Ana haqqı – Tanrı haqqı" başlıqlı esse və hekayələrində görmək olur. Gənc tələbə "Qanlı davranışlı qansız düşmən" adlı essesində bəşəriyyətə qənim kəsilən erməni vəhşiliyinə, düşmən vandallığına toxunur. O, gələcək nəsillərə hiyləgər düşməni tanımağı və heç vaxt çomağı əldən yerə qoymamağı qələminin mürəkkəbi ilə çatdırır: "Aradan illər keçdi. Böyüdüm, müəllim oldum. Başıma gələnləri şagirdlərimə söylədim. Düşmənin vandal münasibətini heç vaxt unutmamağı, onlara qarşı daim ayıq-sayıq olmağı tapşırdım".

Vətənpərvərlik mövzusunda qələmə alınan digər bir yazı "Tariximizin dönüş nöqtəsi" adlanır. Bu esseni oxuyanda dünyaşöhrətli alim Xudu Məmmədovun fikirlərini xatırlayıram: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Görünən odur ki, gənc və istedadlı tələbə Nurlan Cəbrayılzadə Azərbaycan tarixinə bələd, dövlətçilik ənənələrinə sadiqdir. Onun "Vətənpərvərlik – söz və əməlin vəhdəti" adlı yazısında yer alan bir cümlə dediklərimizin təsdiqidir: "Vətənə məhəbbət, öz şəxsi mənafelərini vətən yolunda qurban verməyə əsaslanan hissi və mənəvi bağlılıqdır".

Nurlan Cəbrayılzadənin fakültəyə, müəllimlərinə olan mənəvi bağlılığı da gözdən yayınmır. Bunu BDU-nun Jurnalistika fakültəsinin professoru,
filologiya üzrə fəlsəfə doktoru Akif Rüstəmzadənin 83 illiyinə yazdığı "İmzamız sizin imzanızdır..." adlı essesində oxumuş oluruq. Müəllif yazıya filologiya elmləri doktoru, professor, Ustad Cahangir Məmmədlinin fikirləri ilə başlayır: “Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir. Müəllim sözünün ucalığı onun öyrətmək səviyyəsilə, tələbə sözünün ucalığı öyrənmək səviyyəsilə ölçülür”.

Yeri gəlmişkən alman pedaqoq Adolf Disterverqin fikirlərini xatırlayaq: "Ən mühüm hadisə, ən ibrətamiz mövzu, şagird (tələbə) üçün ən canlı nümunə müəllimin özüdür".

Yazılar arasında Samirə Kərimlinin "Nəsir Əhmədli ruhuna tələbə ehtiramı" başlıqlı essesi diqqətimi çəkir. Essenin ilk sətirbaşında oxuyuruq: "Müəllimlərimizin yazılarına, çıxışlarına tez-tez qəzet səhifələrində, televiziya proqramlarında, radio dalğalarında rast gəlirik. Yəni, hələ bu ixtisasa qəbul olmamışdan öncə də gələcək ixtisas müəllimlərimizin tələbəsi sayılmış oluruq". Bu ilin birinciləri professor Nəsir Əhmədlini auditoriyada görməsələr də, ancaq özlərini müəllimin tələbəsi sayır, alim ruhuna qələmləri, qəlbləri ilə öz sayğısını yetirirlər.

Gənc olmasına baxmayaraq Samirə Kərimlinin yazılarının dili rəvan və oxunaqlıdır. Mövzuya uyğun seçdiyi başlıqlar da maraq doğurur. İlk qələm məhsulu olan "Ailədaxili münasibətlərin uşaq psixologiyasında rolu" da bu qəbildəndir. Bu essedəki bəzi cümlələr fərqli quruluşu ilə seçilir: "Bu səbəbdən ailə sağlam bünövrə, təməl üzərində qurulmalı, “mən” ifadəsi “biz”lə əvəz olunmalıdır. Mütərəqqilik də məhz bundadır – biz olmaqda" və yaxud "...valideynlər buna acıqlanır, amma o cür “xeyr” deməyi bacarmalıdırlar ki, bu söz onlara “xeyir” kimi səslənsin"...

Digər esse də öz aktuallığı ilə seçilir, bugünkü reallıqları özündə ehtiva edir. Nəzrin Süleymanova yazı boyu Azərbaycan xalqının dünəninə işıq tutur, oxucuya tarixi həqiqətləri çatdırır. Məqalənin adı yazının təsir gücünü artırır: "Quzeyli, güneyli Azərbaycan". Müəllif zaman-zaman xalqımızın başına gətirilən müsibətləri, Azərbaycanı iki yerə bölən müqavilələri unutmamağı, bundan xeyirimiz üçün dərs çıxarmağı daxilində pərvəriş tapan Vətən sevgisi, Vətəndaş məsuliyyəti ilə bəyan edir: "Bəli,1828-ci il Türkmənçay müqaviləsi ilə 2 yerə parçalanan Azərbaycan… Yalnız ərazini parçalamadılar, bu ayrılıqla milyonlarla Azərbaycanlının qəlbi parçalandı. Zaman keçdikcə içimizdəki nisgil, həsrət daha da böyüdü. Arazın suyu həmin gündən gözlərdən axır. Ayrılıq keçmişimizi, bütöv olduğumuz günləri unutdurmadı".

Başqa bir tələbə yazısında tarixin müəyyən dövrlərindən sitatlar gətirilir – ilk yaradılışdan bu günümüzə kimi. Həmin yazı da adının fərqliliyi ilə oxucuda maraq doğurur: "Qadın - cəmiyyətin rəhnüması: azadxah və xeyirxahı". Ümumiyyətlə, qadın haqqında çox yazılıb, ancaq Mustafayeva Gülərin mövzuya fərqli yanaşması yazı boyu nəzərdən yayınmır. O, cəhaləti insanlığa vurulan zərbə, bəşəriyyətimiz üçün qara ləkə adlandırır. Və haqlı olaraq qeyd edir: "Cahillik insanın təhsil səviyyəsi ilə deyil, həyata baxışı ilə ölçülür". Müəllif Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindəki "təhsilli" qardaşların düşüncə dayazlığını xüsusi məharətlə vurğulayır. Bu yanaşma tələbəlik həyatına yeni qədəm qoyan Gülər Mustafayevanın zəngin daxili aləmindən xəbər verir.

Qadın mövzusunda qələmə alınan ikinci yazının müəllifi yenə də gənc və talantlı tələbə Maral Namazovadır. O, qadının səsini elə "Qadının səsi" essesi ilə duyurur. Tələbənin mövzuya hakimliyi, həssas məsələyə sərgilədiyi duyuqluğu fərqli tərzlə bərabər, insani keyfiyyətlərini də bütün çalarları ilə açıb göstərir.

Yazının əvvəli Maral Namazova oxucuya sual ünvanlayır: "Sizcə qadın kimdir?" Yazının sonunu Tomrisin adın xatırlayaraq yekunlaşdırır. Bu isim türkcə "həyat bəxş edən" deməkdir. Maraqlısı odur ki, əvvəldə verilən suala sonda müəllif özü də cavab verir. 

Essenin ən maraqlı hissəsi qazax və qıpçaq türklərindən çəkilən misallardır ki, bu da yazını dolğunlaşdırır...

Ümumiyyətlə müsəlman aləmi, eləcə də bəşəriyyət hər zaman türk qadınının mötəbər, izzətli, şərəfli məqamına Dehli türk dövlətinin sultanı Raziyə xatunun, Şərqin ilk diplomat qadını Sara xatunun, Məhsəti Gəncəvinin, Xurşidbanu Natəvanın, eləcə də M.Ə.Rəsulzadənin həyat yoldaşı Ümmbülbanu xanımın, Əhməd Cavadın ömür-gün yoldaşı Şükriyyə xanımın, Seyid Hüseynin yoldaşı Ümmügülsüm xanımın, habelə Azadlıq meydanına üçrəngli ay-ulduzlu hilalımızı gətirən Gültəkin ananın, 44 günlük Vətən savaşında general oğlunu şəhid verən Səmayə ananın, ərinin tabutunu çiyinlərində daşıyan Firuzə Cəfərovanın, qardaşı və həyat yoldaşının tabutunu zərif çiyinləri üzərinə qaldıran Nargül xanımın timsalında görmüşlər. Həqiqətən də cənnət fədakar anaların, qadınların ayaqları altındadır. Cənnəti qazanan şəhidlərimizi doğan da, dünyaya gətirən də analardır, qadınlardır. 

Jurnalistika fakültəsinin birinci kurs tələbəsi Asiman Hafizqızının şəhid qardaşımız Səid Bayramov haqqında yazdığı Şəhidin söz xatirəsi - "Hər şey Vətən üçün" essesi də bir qəhrəmanlıq, fədakarlıq nümunəsidir. 

Müəllif şəhid qardaşımıza həsr olunan yazının həssaslıq məqamını, üstəlik də qələm mürəkkəbi ilə essenin haqqını layiqincə ödəməsi diqqətdən yayınmır. "Vətən elin evi, dayağı" olduğu kimi, Şəhidlər də Vətənə ruhu ilə dayaqdır. Asiman Hafizqızı da yazısı ilə şəhid ruhuna mənəvi dayaq olur. Gənc jurnalist qələmi, qəlbi ilə mənəvi keyfiyyətlərini göstərir. Müəllif yazının sonlarında Azərbaycanın varlığı yolunda canını fəda edən bütün şəhidlərimizə tələbə ehtiramını bildirir: "Əsrlərlə şərəfli tarixi olan 50 milyonluq, o taylı, bu taylı xalq qəhrəman Vətən övladları ilə hər zaman fəxr edir".

Sonuncu tələbə yazısı qarşımdadır. Məqalənin adı da belədir: "Əbədi yaşarlar". Nahid Xəlilov bu yazısı ilə tələbədən çox müdrik insan təəssüratı yaradır. Ürəyi ac insanlara əbədi ehtiyac olan məhəbbəti, mərhəməti mənəvi qida kimi tövsiyə edir. Yazıda isimlərin çəkdiyi şəxsiyyətlərin həyat yolunun ucalığından, xarakterlərinin bütövlüyündən və əməlləri ilə intəhasız rəhmət qazandıqlarından bəhs edir. Bunun sirrini yazının elə başlığındaca açıqlayır: "İnsan ona verilən həyatın önəmini dərk etməlidir. Çünki təxminən 4,5 milyard yaşı olan dünya üçün insan ömrü çox qısa bir müddətdir. Yaşadığın hər anın qiymətini bilməli, özünü inkişaf etdirməli və həyat adlı meydanda maneələrə qarşı mübarizə aparmalısan".

Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti