Logo

Avropada təhsil alan ilk azərbaycanlı qızı

07.01.2023 20:28 939 baxış
IMG

Çox təəssüflər ki, elmin, mədəniyyətin, tərəqqinin yüksək inkişaf etdiyi müsair dövrümüzdə xaricə təhsil almağa gedən qızlarımız hələ də bəzi “düşüncəli” insanlar tərəfindən cəmiyyətdə normal qarşılanmır.

Amma unutmayaq ki, hələ 20-ci yüzilliyin əvvəllərində də Parisə, Peterburqa, Moskvaya oxumağa gedən azərbaycanlı qızları olub. Belə qızlarımızdan biri də Şahtaxtlı Leylabanu idi (bir çox mənbələrdə yanlış olaraq Leyla və yaxud Leylabəyim yazılır). Leylabanu İsveçrədə Lozanna Universitetinin tibb fakültəsinə daxil olanda cəmi on altı yaşı var idi. Kim idi bu Leylabanu xanım ki, Azərbaycan qızının adi mədrəsə təhsili ala bilmədiyi bir zamanda xaricdə təhsil almağa nail olmuşdu? 

Leylabanunun atası İsa Sultan Şahtaxtlı Naxçıvanda sayılan-seçilən, ziyalı-elmli Şahtaxtlılar nəslindən idi. Dövrünün tanınmış jurnalisti, torpaqşünas alimi, ictimai xadimi olan İsa Sultan Tiflisdə gimnaziya, Peterburqda universitet təhsili almış, Paris və Londonda siyasi biliklərə yiyələnmişdi. İsveçrədə meşəçilik üzrə dissertasiya müdafiə edən İsa Sultan Şahtaxtlı 1875-ci ildə Tiflisə gəlir və Rusiya Kənd Təsərrüfatı Akademiyasına üzv seçilir. Həmin vaxtdan jurnalistika ilə məşğul olmağa başlayır. Əsasən “Kavkaz” və “Kaspi” qəzetlərində çap olunan İsa Sultan “Tiflisski vestnik” qəzetində bir müddət şöbə müdiri işləyir. 

Leylabanunun anası Səkinə xanım istefada olan kapitan Allahyar Ağalarovun qızı idi. Səkinə evdə xüsusi müəllim-lərdən təhsil almış və rus dilini mükəmməl öyrənmişdi. Tiflisin zadəgan mühitində Sofya xanım kimi tanınan Səkinə xanım İsa Sultanla 1885-ci ildə ailə qurur və bu izdivacdan altı qızları olur. (Səkinə-Sofya xanım haqqında “Oxşar taleli rəfiqələr və yaxud qoruyucu mələklər-analar” sərlövhəli məqaləmdə geniş bəhs etdiyim üçün təkrara yol vermirəm). 

Ailənin ilk övladı olan Leylabanu 1886-cı ildə anadan olub. İlk təhsilini ata-anasından alan Leylabanu 1904-cü ildə Tiflisdə Qızlar Gimnaziyasında təhsilini başa vurub. Gimnaziya təhsili ilə kifayətlənməyən Leylabanu Avropa təhsili almağa can atır. Atası İsa Sultan kimi onun da İsveçrəyə, Lozanna universitetinə gedən yolu Peterburqdan keçir. Bunun üçün anası, "kollegiya müşavirinin" dul qadını (Leylabanunun 8 yaşı olanda atası İsa Sultan 41 yaşında vəfat edir) Sofya xanım Şahtaxtinskaya Tiflis qubernatoruna ərizə ilə müraciət edir. 

2 iyun 1905-ci il tarixli ərizəsində Sofya xanım Tiflis qubernatorunun dəftərxanasından qızının siyasi baxımdan etibarlı sayılmasını təsdiq edən arayış verilməsini xahiş edirdi. Tiflis jandarm idarəsi 17 iyun 1905-ci il, Tiflis polismeysteri 30 iyun 1905-ci il tarixli məktublarında “1902-ci ildən etibarən Tiflisdə yaşayan Leylabanu Şahtaxt-inskayanın heç vaxt istintaq altında olmadığını və məhkəmə qarşısında dayanmadığını, qanuna müğayir heç bir suç işləmədiyini bildirir və tələb edilən etibarlılıq haqqında arayışın verilməsini mümkün sayırdı”. 

Leylabanu Şahtaxtinskaya Peterburq Qadın Tibb İnstitutunda (Bestujev kurslarında) yalnız bir il oxuyur, 1906-cı ilin sentyabrında İsveçrəyə üz tutur. Uzaq bir diyarda, qürbət eldə təkbaşına yaşayan, maddi və mənəvi sıxıntılarla üzləşən, ürək sözlərini deməyə, dərdlərini bölüşməyə bir adam tapmayan Leylabanu bir çox çətinliklərlə də üz-üzə qalmışdır. Altı körpə qızla təkbaşına qalan Səkinə xanım onları böyütmək, təhsil vermək, cəmiyyət arasına çıxarmaq üçün nə qədər əzablar çəkmişdi. 

...Həsrətlə qızı Leylabanunun yolunu gözləyən Səkinə ana 1907-ci ildə İsveçrədən onun ölüm xəbərini alır. Bu dəhşətli faciə tək Şahtaxtiniskiləri deyil, bütün dost-tanışı sarsıdır. Dövrü mətbuatda məqalələr yazılır, başsağlıqları verilir. 

“Zakafkazye” qəzetində Şəfi adlı bir müəllif həyəcanla yazırdı: “Yaxşı adamlar nə qədər azdırlar və bizim qəddar zəmanə onlarla nə qədər amansızlıqla rəftar edir! İnsan həqiqətə, xeyirxahlığa, işığa can atdığı bir zamanda ölümün məhvedici qüvvəsi öz qurbanının kimliyinin fərqinə belə varmadan ayrılıq hökmünü verir. Lakin elə bir şey də var ki, onu heç bir qüvvə dağıdıb məhv edə bilmir, o, əbədi yaşayır. Gənc, sinəsində sonsuz həyat eşqi qaynayan Leylabanu çadra mühitinin əhatə dairəsi və atmosferi ilə məhdudlaşa bilməzdi. Bu mühit və onun fəlsəfəsi gənc qıza boğucu görünürdü. Orta təhsil aldıqdan sonra, o, yalnız həmin təhsillə kifayətlənmək istəmədi. İsveçrəyə gedərək Lozanna universitetinə daxil oldu. Çadranın və xurafatın həmvətənlərinə, bacı və qardaşlarına necə dəhşətli ziyan vurduğunu bir an belə unutmadan böyük maraq və səylə həm təbabəti, həm də ictimai elmləri öyrənməyə başladı. Arzuları böyük idi. Leylabanu Cenevrədə xəstələnib həyata əlvida dedi. Lakin onun xatirəsi, onun başladığı xeyirxah iş, çadranın altından da olsa, gözünün ucu ilə həyata baxmaq, dünyanı görmək istəyənlərin yaddaşında həmişə yaşaya-caqdır. Qoy sənin bu addımın xeyirxahlığa və işığa can atanlar üçün həmişə bir nümunə olsun!”. 

Leylabanunun ölümü Mirzə Cəlilə də çox pis təsir edir. Ailə xoşbəxtliyi üçün hər an Şahtaxtinskilərə minnətdar olan Mirzə Cəlil “Molla Nəsrəddin”də təsirli nekroloq çap edir. 1908-ci ildə jurnalın 52-ci sayında Leylabanunun vəfatının bir illiyi münasibəti ilə yazırdı: “Sahibi-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyla xanım Şahtaxtlı Şvetsariyada Hacı Zeynalabdin Tağıyev cənablarının köməyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi. “Əfsus. Qismət olmadı. Leyla xanım keçən il Şvetsariyada soyuqdəymədən vəfat elədi. Yevropaya elm dalınca gedən müsəlman qızlarından biz Leyla xanımdan savayı bir özgəsini eşitməmişik”. 

22 yaşlı Leylabanunun vaxtsız ölümünü “təskinsiz dərd” adlandıran Mirzə Cəlil müsəlman qızlarını Leylabanunun yolu ilə getməyə səsləyərək, onun başladığı işin davam etdirilməsini millətin ləyaqət borcu kimi dəyərləndirərək yazırdı: “Məcmuəmizin səhifəsini mərhumənin şəkli ilə bəzədik ki, gələcək Leyla xanımın vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər: bu bacımız vəfat etdi, bəs rəvadırmı bunun yeri boş qalsın? Rəvadırmı bundan sonra Şvetsariyada elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş? Dəxi dünyada müsəlman qızı yoxdur və bəlkə dünyada heç müsəlman yoxdur? Rəvadırmı?”. 

Bunun millətin adına, ləyaqətinə rəva olmadığını İsa Sultan Şahtaxtinskinin ailəsində böyüyüb başa çatan Leylabanunun kiçik bacısı Adilə xanım Şahtaxtinskaya (ilk azərbaycanlı qadın tibb professorlarından biri) sübuta yetirdi. O, Azərbaycanı beynəlxalq miqyasda təmsil edən məşhur ginekoloq mütəxəssi kimi tanındı. Adilə xanım bununla həm də arzuları yarımçıq qalan, nakam taleli bacısının ruhunu şad etdi. 

Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti