Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “İnformasiya təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Təlimdə BDU-nun İnformatika kafedrasının müdiri Mübariz Xəlilov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının hüquqşünası Təbriz Cəfərov, Araşdırma və tədqiqat şöbəsinin məsləhətçisi Vüqar Qədimov iştirak ediblər.
Təlim zamanı informasiya hüququnun əsasları, informasiya müharibəsi, kiberhüququn mənbələri, informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamətləri haqqında məruzələr dinlənilib. Bildirilib ki, Azərbaycan 2009-cu ildə “Kibercinayətkarlıq haqqında” Konvensiyanı ratifikasiya edib. Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, informasiya infrastrukturlarından istifadə edən subyektlərin hüquqlarının və qanuni maraqlarının qorunmasını, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir. Kibertəhlükəsizlik sahəsində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020” reytinqində 194 ölkə arasında 40-cı yerdə qərarlaşıb. Ötən il isə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” qəbul edilib. Strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.
Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.