Logo

Dilçilik İnstitutunun alimləri III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxış ediblər - FOTO

27.05.2024 19:16 186 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”ün əsərinin 950 illiyinə həsr olunmuş tədbirlər planı” mövzusunda çıxış edib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Nadir Məmmədli ilk olaraq əsərin tapılmasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın əməyini xüsusi vurğulayıb. O bildirib ki, əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. Türk dilinin ərəb dili qədər zəngin bir dil olduğunu göstərən M.Kaşğari "Divan"ın girişində bu dilin ərəb dili ilə birlikdə "qoşqulu yarışan at" kimi getdiyini bildirir, türk mədəniyyətinin zənginliyini, eləcə də söz varlığını nümayiş etdirir: “Böyük türkoloq Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsərinin öyrənilməsi dilçiliyimizdə həmişə diqqət mərkəzində olub və əsərin Azərbaycan dilinə tərcümə edilməsində Xalid Səid Xocayevin xidməti böyük olub. Xalid Səid Xocayev məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib. O, kitabın tərcüməsinə və “əksinqilabi pantürkist təşkilatın üzvü kimi, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edilib. Təhlükəsizlik orqanları evində axtarış aparan zaman “Divan” üzə çıxmayıb, itmiş hesab olunub.

Qeyd edək ki, əsəri 86 il sonra – 2023-cü ildə professor Nadir Məmmədli institutun arxivindən tapıb.

Festivalda Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov “Mahmud Kaşğarı “Divan”ının və Azərbaycan dilinin tarixi”, filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova “Türk dünyası - Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” və dosent Qətibə Quliyeva “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türkü" milli-mənəvi və ədəbi dəyərlər kontekstində” mövzularında məruzə ilə çıxış ediblər.

Xəbər lenti