Ətraf mühitin qorunması, iqlim dəyişikliyi üzrə ekspert və vəkil, “Filippin iqlim dəyişikliyi” enerji proqramının rəhbəri Ancela Konsuela İbay Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin qonağı olub.
Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, ekspozisiya ilə tanış olan Ancela Konsuelada Azərbaycanın şairə qadınları ilə bağlı məlumatlar maraq doğurub. Qonaq Azərbaycanın qadın şairlərindən Məhsəti Gəncəvinin, Heyran xanım Dümbülünün, Xurşidbanu Natəvanın, habelə 1937-ci il repressiya və mühacir dövr Azərbaycan qadını və digərlərinin həyat və yaradıcılığı ilə tanış olub.
Sonda Ancela Konsuela muzeyin rəylər və təəssüratlar kitabına Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında bir çox məlumat öyrəndiyini yazıb. O, Filippinə qayıdarkən Azərbaycandan çox gözəl xatirələr aparacağını deyib, bir gün ailəsi ilə birlikdə yenidən ölkəmizi ziyarət edəcəyini bildirib.