Logo

ADPU rektoru Azərbaycanlı Elm Adamları Dərnəyinin İstanbul görüşündə iştirak edib

26.11.2024 16:18 44 baxış
IMG

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-in birgə təşkilatçılığı ilə İstanbul şəhərində Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD)  ilk iclası keçirilib.

İclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanlı Elm Adamları Dərnəyinin sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Rövnəq Rzayev, eləcə də qardaş ölkədə fəaliyyət göstərən nüfuzlu alim və ziyalılar,  ictimaiyyət nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, ölkəmiz üçün həm qardaş, həm də strateji tərəfdaş olan Türkiyə həmyerlilərimizin bütün sahələrdə olduğu kimi, elmi inkişaf və tədqiqat sahəsində də ən geniş fəaliyyət göstərdikləri ölkədir. Türkiyə dövləti tərəfindən həmyerlilərimizin ölkənin elm sahəsində fəaliyyətlərinə hərtərəfli dəstək göstərilməklə yanaşı, onların elmi nailiyyətləri daim yüksək qiymətləndirilib. C.Cəfərov bildirib ki, Azərbaycanlı Elm Adamları Dərnəyinin fəaliyyəti sayəsində iki qardaş ölkənin əməkdaşlıq bağları daha da möhkəmlənəcək, bu sahədə təcrübə mübadiləsi genişlənəcək və  mühüm elmi yenilik və nailiyyətlər ərsəyə gələcək.

ABİD-ə gələcək  fəaliyyətində uğurlar arzu edən rektor təşkilatın fəaliyyəti ilə həm Azərbaycanın, həm də Türkiyənin gələcək inkişafına böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.

İki gün davam edən iclasda ABİD-in növbəti toplantılarından birinin Bakıda təşkili, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları, universitetlərin inkişafı istiqamətində birgə fəaliyyət və ortaq fəaliyyətlərin təşkili məsələləri müzakirə edilib.

 

ADPU-nun mətbuat katibi Taleh Mirzəyev

Xəbər lenti