Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Təhsil İnstitutunun və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsinin qaliblərinin mükafatlandırma tədbirində iştirak edib.
Bu barədə Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə məlumat verilib.
Bildirilib ki, müsabiqənin milli mərhələsində ümumtəhsil müəssisələrinin 25 məktəblisi “Kosmik səyahət” mövzusunda rəsm əsərləri təqdim ediblər. Bu mərhələnin qalibi olan 3 məktəbli APRSAF-ın 30-cu sessiyası çərçivəsində Avstraliyanın Pert şəhərində təşkil olunmuş sərgidə iştirak edərək beynəlxalq mərhələdə yüksək mükafatlara layiq görülüblər. Ümumi 33 iştirakçı arasında Azərbaycan məktəbliləri üç yüksək mükafata (Ən yaxşı rəsm əsəri mükafatı, Xüsusi rəsm əsəri mükafatı və Avstraliya Kosmik Agentliyi tərəfindən təqdim olunan mükafat) layiq görülərək təltif olunublar.
Müsabiqədə ümumilikdə 1712 məktəbli iştirak edib, 1462 rəsm əsəri təqdim olunub. Sərgidə 42 əsər nümayiş olunub və qaliblərə ümumilikdə 5 mükafat təqdim olunub. Bu mükafatlardan 3-ü Azərbaycan məktəblilərinə təqdim edilib.