Logo

ADPU-da Naxçıvanın 100 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

23.12.2024 09:14 86 baxış
IMG

"Naxçıvanlı elmlər doktorları”

Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində elmi ictimaiyyətin nümayəndələri, eləcə də Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Azərbaycanın elmi-ictimai tərəqqisində mühüm rol oynayan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı təsdiq olunub. Professor Asəf Zamanovun bu ensiklopedik əsərini də Pedaqoji Universitetin Muxtar Respublikanın 100 illiyinə dəyərli töhfəsi hesab etmək olar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhməd, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımov çıxış edərək əsərin xüsusən elm tarixi və görkəmli alimlərin irsinin öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq, müəllifə bu əhatəli tədqiqata görə minnətdarlıqlarını bildiriblər. 

Qeyd olunub ki, 100 ildən artıq tarixi olan Pedaqoji Universitet və onun alimləri daim milli təhsilimiz və elmimizin inkişafına dəyərli töhfələr verib. A.Zamanovun sözügedən əsəri də bu konteksdə növbəti qədirşünaslıq nümunəsi hesab oluna bilər.

Professor Asəf Zamanov göstərilən diqqətə görə çıxışçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, “Naxçıvanlı elmlər doktorları” əsərində ümumən 300 nəfərdən çox naxçıvanlı və əslən Naxçıvandan olan alimlər - elmlər doktorlarının həyatları və elmi yaradıcılıqları haqqında məlumat əks olunur. 

Bildirilib ki, kitab ilk dəfə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş konfransda tədqim olunub.

Müəllif Asəf Zamanov  TƏHSİL.BİZ -ə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı onun üçün katalizator rolu oynayıb: “Naxçıvanın alimlərini bir kitabda toplamaq barədə çoxdan düşünürdüm, amma reallaşdıra bilmirdim.  Sərəncamdan 5 gün sonra bu işə başladım”.

Üzərində 9 ay çalışdığı kitabı bu ilin sentyabr ayında universitetdə müzakirə edərək çapına qərar veriblər: “Kitabı hazırlayarkən Naxçıvan ensiklopediyası, özümüzün hazırladığımız Pedaqoji Universitetin 100 məşhur məzunu, Pedaqoji universitetin professorları, professor Misir Mərdanovun müəllifi olduğu “Elmlər doktorları” adlı kitablar əsas bələdçim oldu. Lakin bu kitabda 301 elmlər doktorunun barəsində daha geniş, ensiklopedik məlumatlar, hətta yetirmələrin sayı, əsərləri, aldığı mükafatlar, redaksiya heyətlərində təmsil olunduqları elmi jurnallar barədə məlumat verdik”.

A.Zamanovun fikrincə, bu kitabın stimullaşdırıcı təsirləri çox olacaq: “Azərbaycan gənclərinin elmə gəlməsində rol oynayacaq. Akademiyada, elmi tədqiqat mərkəzlərində, universitetlərdə fəaliyyət göstərmiş insanların həyatını öyrənmək, uğurlarını görmək gənclərdə motivasiya yaradacaq”.

Xəbər lenti