Oktyabrın 18-dən etibarən ümumi təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə başlanan monitorinqlər davam etdirilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə məlumat verilib.
Bildirilib ki, agentliyin yerli təhsili idarəetmə bölmələri (Regional Təhsil İdarələri) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin birgə təşkil etdiyi monitorinqlərdə hər iki qurumun nümayəndələri, "Məktəblinin dostu" layihəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.
Monitorinqlər zamanı şagirdlərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na riayət etmə vəziyyəti yoxlanılıb, məktəbə gətirilməsi qadağan olunan əşyalarla bağlı maarifləndirmə aparılıb. Bununla yanaşı, dərsə davamiyyət, məktəbli formalarının istifadəsinin vacibliyi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib. Monitorinq nəticəsində aşkar edilən nöqsanların səbəbləri müzakirə olunub və həlli yolları məktəb rəhbərliyinə təqdim edilib.
Bundan yanaşı, yuxarı sinif şagirdləri üçün “Narkomaniyaya qarşı mübarizə” və “Kəsici, deşici alətlərin, qadağan olunmuş əşyaların istifadəsinin qarşısının alınması” mövzularında təqdimatlar keçirilib.
Qeyd edək ki, bu tip monitorinqlər nizam-intizamın təmin edilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ardıcıl və planlı şəkildə həyata keçirilir.