İşğaldan azad olunmuş Laçın şəhərində məktəbəqədər təhsil üzrə ilk təhsil layihəsinin icrasına başlanılıb.
TƏHSİL.BİZ xəbər verir ki, “Böyük Qayıdışın kiçik sakinləri” layihəsinin əsas məqsədi məktəbəqədər təhsil vasitəsilə 3-5 yaşlı uşaqların əqli, fiziki, yaradıcı potensialını ortaya çıxarmaq, mədəni səviyyəsini, psixoloji dayanıqlılığını, sosial-emosional bacarıqlarını inkişaf etdirmək, sadə əmək vərdişlərinə yiyələndirmək və s.-dir.
Hazırda Laçın şəhərində məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərmədiyini deyən layihənin icraçı direktoru Şəbnəm Uğurlu qəzetə açıqlamasında bildirib ki, layihənin icra olunacağı məkan icma əsaslı təhsil üçün tələb olunan avadanlıq və resurslarla təmin olunub.
Onun sözlərinə görə, Laçın şəhərində yaşayan 1-3 yaşlı uşaqların sayı 41 nəfər, 3-5 yaşlı uşaqların sayı isə 17 nəfərdir. Böyük Qayıdışın nəticəsi olaraq növbəti aylarda bu sayın daha da çoxalacağı proqnozlaşdırılır. Laçın şəhərində qısa müddətdə müasir standartlara cavab verən 512 yerlik məktəb tikilib. Hazırda həmin məktəbdə 125 şagird təhsil alır.