Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi yaradılıb.
TƏHSİL.BİZ xəbər verir ki, mərkəz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə tərəfdaşlığı çərçivəsində fəaliyyətə başlayıb. Mərkəzin açılış tədbirində çıxış edən NDU-nun rektoru Elbrus İsayev qeyd edib ki, Biotibbi Araşdırmalar Mərkəzi hər iki müəssisənin maddi-texniki resursları və kadr potensialını nəzərə almaqla birgə layihələr hazırlayacaq.
Mərkəz tədqiqatçı alim və tələbələr üçün geniş imkanlar yaradacaq.
Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd görkəmli alim Zərifə Əliyevanın elmi məktəbinin davamçılarını yetişdirmək, eyni zamanda hər iki müəssisənin potensialından istifadə etməklə tədqiqatlar aparmaqdır və bununla elmə töhfə verməkdir.