Bakıda Malayziya və Azərbaycan universitetlərinin rektorlarının görüşü keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri, tələbə və akademik heyət mübadiləsi, birgə proqramlar və qarşılıqlı öyrənmə imkanları müzakirə olunub.
Tədbirin açılışında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil bin Mohd Riza çıxış edərək Malayziya və Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərindən, Malayziyanın təhsil sahəsindəki qlobal mövqeyindən və üstünlüklərindən bəhs edib. Səfir bildirib ki, hazırda Malayziya 150-dən çox ölkədən olan 133 413 xarici tələbəyə ev sahibliyi edir və ali təhsil qurumları kompüter texnologiyaları, mühəndislik, tibb, biznes, islam maliyyəsi və qonaqpərvərlik sahələri üzrə geniş təhsil proqramları təqdim edir.
“Xaricdə təhsil – Qloballaşan dünyanın tələbi” adlı birinci sessiyada çıxış edən Malayziyanın ali təhsil nazirinin xüsusi müşaviri Datuk Ahmad Şalimin Ahmad Şaffi qeyd edib ki, bu gün qloballaşan dünyada xaricdə təhsil sadəcə bir seçim deyil, strateji zərurətə çevrilib. O, Malayziyada təhsilin yüksək keyfiyyəti, praktiki yönümü və əlçatanlığı barədə ətraflı məlumat verib.
Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov isə hər il xarici əlaqələrin genişləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə danışıb. O, ikitərəfli sazişlərin tələbə və akademik heyət mübadiləsini artırdığını, ikili diplom proqramlarının inkişafını sürətləndirdiyini qeyd edib.
Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyasında iştirakçılar Malayziya universitetlərinin üstünlükləri və azərbaycanlı tələbələr üçün təqaüd imkanları barədə məlumat əldə ediblər.
Malayziyanın ali təhsil nazirinin xüsusi müşaviri Datuk Ahmad Şalimin Ahmad Şaffi müzakirələr zamanı Malayziya təhsil sisteminin Böyük Britaniya modelinə əsaslandığını, xarici, o cümlədən azərbaycanlı tələbələr üçün geniş təqaüd imkanlarının mövcud olduğunu bildirib. Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən Əminağa Sadıqov çıxışında Malayziya universitetlərində praktiki təhsil imkanlarının yüksək olduğunu, 2008-ci ildəki səfəri zamanı bunun şəxsən şahidi olduğunu qeyd edib. O, Malayziyanın multikultural dəyərlərə, mülayim, xoşniyyətli insanlara sahib olduğunu vurğulayıb.
“Qarşılıqlı öyrənmə, akademik mübadilə və əməkdaşlıq” adlı ikinci sessiyada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Malayziyanın UTM universitetinin nümayəndəsi Haliza Binti Abdul Hamid, IIUM universitetinin professoru Amir Akramin Shafie və Azərbaycan İlahiyyat İnstitutunun nümayəndəsi Elnurə Əzizova çıxış ediblər. Sessiyada tələbə və akademik heyət arasında mübadilə imkanları, qarşılıqlı öyrənmə üçün mexanizmlər və effektiv əməkdaşlıq yolları müzakirə olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov universitetdə təhsil proqramlarının praktiki və sənaye yönümlü olması üçün həyata keçirilən əməkdaşlıqlardan söz açıb və Malayziya ilə Azərbaycan universitetləri arasında birgə tədqiqat layihələrinin başlanmasını təklif edib.
Azərbaycan İlahiyyat İnstitutunun nümayəndəsi Elnurə Əzizova institutun Malayziya ilə əməkdaşlığının prioritet olduğunu bildirib. O, 2019-cu ildə IIUM, 2023-cü ildə isə UKM universitetləri ilə əməkdaşlıq memorandumlarının imzalandığını, hazırda Malayziya Beynəlxalq İslam Universitetində 3 azərbaycanlı tələbənin magistr təhsili aldığını vurğulayıb.
Görüşün sonunda həm Azərbaycan, həm də Malayziyada oxşar tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub. Tədbirdən sonra universitet rektorları və rəhbər heyət Malayziya Təhsil Sərgisi ilə tanış olublar.
Qeyd edək ki, 2025-ci ildən azərbaycanlı gənclər “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Malayziyanın 7 universitetində təhsil ala bilərlər.