“ADPU-da elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadəyə dair Qaydalar” qəbul olunub.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, bu qaydaların məqsədi Pedaqoji Universitetdə süni intellekt (Sİ) texnologiyalarının tədris və elmi-tədqiqat proseslərində istifadəsini tənzimləmək və bunun etik, hüquqi və akademik dürüstlük prinsiplərinə uyğunluğunu təmin etməkdir.
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”na əsaslanaraq müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanan qaydalar ADPU-nun bütün strukturları, akademik heyət, inzibati idarəçilər, tədqiqatçılar, və bütün səviyyələrdə təhsilalanlarına şamil olunur.
Qaydalar görə universitetdə süni intellekt tədris və qiymətləndirmənin avtomatlaşdırılması, fərdi tədris planlarının hazırlanması, tədqiqat məlumatlarının təhlili və vizualizasiyası, elmi məqalə və hesabatların hazırlanması, plagiatın aşkarlanması və istinadların avtomatik tərtibatı kimi müxtəlif sahələrdə tətbiq oluna bilər.
Qeyd edək ki, qaydalara əsasən Sİ-nin tətbiqi ilə yaradılan nəticələr də müəllifin əqli mülkiyyəti sayılacaq, amma insan tədqiqatçının nəzarəti və təsdiqi ilə qəbul olunacaq. Müəlliflər tədqiqatdakı Sİ məhsulları haqqında açıq məlumat verməlidirlər və onlar ADPU-nun antiplagiat qaydalarına əsasən yoxlanılacaq.
Universitetin elmi-tədqiqat fonduna təqdim olunan Sİ əsaslı işlərdə müəlliflik hüququ məsələlərinə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında ayrıca baxılacaq.
Həmçinin tədqiqat məqsədilə olsa belə, Sİ platformalarına şəxsi və korporativ, həssas və ya məxfi məlumatların daxil edilməsi qadağandır.