Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrinə əsaslanan yeni kitab oxuculara təqdim olunub.
TƏHSİL.BİZ xəbər verir ki, “Mənim Qərbi Azərbaycanım - Xatirələr” adlı kitab Qərbi Azərbaycandan olan müəllim-müəlliflərin özlərinin və valideynlərinin xatirələri əsasında müxtəlif illərdə dərc olunmuş məqalələr toplusudur.
Bu yazılarda Azərbaycan xalqının əsrlər boyu yaşadığı Qərbi Azərbaycan torpaqları, həmin ərazilərin azərbaycanlılara məxsus olmasını təsdiqləyən tarixi məlumatlar, ermənilər tərəfindən törədilən vandalizm aktları, xalqımızın doğma yurdlarından kütləvi şəkildə qovulması, eləcə də tarixi, dini-mədəni abidələrimizin talan edilməsi və məhv olunması ətraflı şəkildə əksini tapır.
Təqdimat mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açılış nitqi ilə çıxış edib.
Bildirib ki, kitabda müəlliflərin hər biri Qərbi Azərbaycan əsillidir və hazırda Azərbaycanın müxtəlif şəhər, kənd və qəsəbələrində orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğuldurlar. Onlar doğma yurda dair xatirələrini qələmə alıblar.
Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bu kitab gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə, Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına xidmət edəcək: “Keçmişini bilməyən xalqın uğurlu gələcəyi ola bilməz. Məhz buna görə də Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamları öyrənmək lazımdır”.
Mərasimdə həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Axundov, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, “İki sahil” qəzetinin baş redaktoru, deputat Vüqar Rəhimzadə və digər şəxslər çıxış ediblər. Onlar Qərbi Azərbaycan irsinin qorunmasının, həqiqətlərin dünyaya çatdırılmasının və gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıblar.
“Mənim Qərbi Azərbaycanım” layihəsinin meneceri və buraxılışa məsul olan şəxs, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev isə qeyd edib ki, kitab yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də tanıdılmalıdır: ““Mənim Qərbi Azərbaycanım” kitabı xarici dillərə tərcümə olunmalı, beynəlxalq tədbirlərdə təqdim edilməlidir. Hamı bilməlidir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır”.
O, həmçinin vurğulayıb ki, nəşr pedaqoji prosesdə də mühüm rol oynaya bilər.
Layihənin rəhbərləri – elm və təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Firudin Qurbanov və Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir. Kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi Rövşən Ağayev, redaktorları isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin aparıcı mütəxəssisi, Əməkdar müəllim Əhliyyət Adıgözəlovdur.
“Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabı pedaqoqlar, təhsil tarixinin tədqiqatçıları, tələbələr və geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.