Logo

Akademik Adil Qəribovun biblioqrafik göstəricisi nəşr edilib

19.11.2025 14:45 37 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında radiasiya kimyası sahəsində görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müşaviri akademik Adil Qəribovun 75 illiyi münasibətilə biblioqrafik göstəricisi çapdan çıxıb.

MEK-dən TƏHSİL.BİZ-ə bildirilib ki, əmək fəaliyyətinə AMEA Radiasiya tədqiqatları sektorunda başlamış akademik Adil Qəribovun Azərbaycanda kimya elminin inkişafında xüsusi xidmətləri olub. Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri kimi akademik A.Qəribovun rəhbərliyi ilə ilk nüvə və infrastrukturu formalaşıb. Onun tədqiqatlarının nəticələri neftin katalitik krekinqi proseslərində tətbiq üçün tövsiyə olunmuş, alimin nüvə parçalanma proseslərinin enerjisini birbaşa hidrogen vasitəsilə çevrilmə üzrə aldığı nəticələr İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda yeni hibrid tipli nüvə reaktorlarının elmi əsaslarının işlənməsində istifadə olunub.

Akademik 500 elmi əsərin, 20-dək müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, “Şöhrət” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, “Heydər Əliyevin 100 illiyi” yubiley medalları ilə təltif edilib.

Vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə Biblioqrafik informasiya xidməti sektorunun müdiri Aygün Əliyevadır.

AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunan göstəricidə görkəmli alimin həyatı, elmi məqalə, məruzə müsahibə və çıxışları əks olunur.

Xəbər lenti