Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçirilib

28.11.2025 17:03 35 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə region sahibkarlarının iştirakı ilə karyera və əmək yarmarkası keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, tədbirin məqsədi tələbə və məzunların işəgötürənlərlə birbaşa əlaqəsini təmin etmək, iş imkanları barədə məlumatlılığını artırmaq və onların real əmək bazarına çıxışını dəstəkləmək olub.

Yarmarkada ümumilikdə 12 müəssisə tərəfindən turizm, aqrar, iaşə, sənaye və digər iqtisadi sahələr üzrə 200-dən çox vakansiya təqdim edilib. Ən çox vakansiya turizm sektoru üzrə olub.

İşəgötürənlərin təqdim etdiyi iş təklifləri arasında əməkhaqqı 400–1600 AZN aralığında olan vakansiyalar diqqət çəkib. Bu əməkhaqqı intervalı peşə təhsili məzunları üçün rəqabətli iş imkanları yaratmaqla yanaşı, onların regional məşğulluq perspektivlərini də genişləndirib.

Tədbir çərçivəsində tələbə və məzunlar işəgötürənlərlə birbaşa görüşərək ilkin müsahibələrdə iştirak edib və real iş imkanları haqqında ətraflı məlumat əldə ediblər. Ümumilikdə 400-dən çox tələbə, məzun və vətəndaşlar yarmarkada iştirak edib.

Yarmarka həmçinin yeni əməkdaşlıq perspektivləri ilə yadda qalıb. Tədbirin sonunda iki böyük müəssisə ilə: aqrar sahə üzrə "Qəbələ Quşçuluq" ASC, turizm sahəsi üzrə "Hill Chalet Hotel & Resort" ilə əməkdaşlıq memorandumu imzalanıb.

Həmçinin tədbirdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş qısamüddətli kursları uğurla bitirmiş növbəti müdavimlərə sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi regionda peşə təhsili və məşğulluq sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbələrin real əmək bazarına çıxış imkanlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti