Logo

İlahiyyatçı millət vəkili: "Quranın dilimizə ən yaxşı tərcüməsi..." - Müsahibə

01.06.2021 11:59 741 baxış
IMG

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədovdur.

 

Onunla müsahibəni təqdim edirik.

 

- Ceyhun müəllim, kitab oxumaqla aranız necədir? Mütaliəyə vaxt tapırsınızmı?

 

- Doğrudur, həmişə zaman tapmaq olmur, amma oxumağa çalışıram. Daha çox sahəm üzrə mütaliə edir, elmi ədəbiyyatı oxuyuram. Sahəm ilahiyyat olduğu üçün dinlərin tarixi, ölkəmizdəki dini vəziyyətlə bağlı materialları oxumağa üstünlük verirəm. Bununla bərabər fərdi inkişafa aid kitabları da kənara qoymuram. İnsanın özünü inkişaf istiqamətində kitablar çoxdur. Məsələn, ən çox Robin Şarmanın əsərləri xoşuma gəlir. İmkan olduqca, bədii ədəbiyyat da oxuyuram. Bəzən illər əvvəl oxuduğum kitabları yenidən mütaliə edirəm.

 

Xarici müəlliflərdən Erix Mariya Remarkın əsərlərini çox sevirəm. Son vaxtlar Cəlil Məmmədquluzadənin əsərlərinə yenidən müraciət edirəm.

 

 

- Sizdə ilahiyyata maraq hardan qaynaqlandı? Bu sahə ilə tanışlığınız necə oldu?

 

- Bu sahəyə yönəlməyim daha çox valideynlərim vasitəsilə olub. Biz Cəbrayıldanıq. Doğrudur, rayonda məscidlər var idi, insanlar dini dəyərləri əziz tuturdular. Amma bizim bölgə elə də dindar deyil. 1991-ci ildə Azərbaycanda ilk dəfə imkan yarandı ki, xaricə tələbələr göndərilsin, əmim atama təklif etdi ki, mən xaricə gedib, dini təhsil alım. Əslində planım şərqşünas və ya tarixçi olmaq idi. Bu iki sahədən birini düşünürdüm və ona hazırlaşırdım. Belə bir təklif oldu və evdəkilərin təşəbbüsü ilə Suriyada oxumağa yollandım.

 

İlkin olaraq ərəb dilini öyrənməyə başladım. Oraya getdikdən sonra tədris zamanı özümdə də bu sahəyə həvəs yarandı. Suriyaya 5 tələbə yollanmışdıq, 2 nəfər təhsilimizi sona qədər davam etdirdik. Tədris ağır idi. Təsəvvür edin, ərəb dilini yüksək səviyyədə bilmirik, ərəblərlə ünsiyyətdə oluruq. Zaman keçdikcə ilahiyyata maraq və həvəs yarandı. Düşündüm ki, bu istiqamətdə fəaliyyətimi davam etdirim.

 

Oradan qayıtdıqdan sonra magistratura, doktorantura pillələri üzrə təhsil aldım. Artıq bu sahədə özümü gördüyümə görə fəaliyyətimi davam etdirdim. Bizimlə oxuyan bəzi tələbə yoldaşlarımız ixtisas üzrə fəaliyyətlərini davam etdirmədilər. Mənim özümün marağım və həvəsim bu yolu davam etdirməyə sövq etdi.

 

- Özünüzlə oradan kitablar aldınızmı?

 

- Getdiyim ölkələrdən özümə kitablar gətirirdim. Hər dəfə gömrükdə kitablarımı görəndə soruşurdular ki, bu qədər kitabı nə edirsən? Maraq yaranmışdı ki, təqaüdümüzün, valideynlərimizin göndərdiyi pulun böyük hissəsini kitabların alınmasına sərf edirdik. Xüsusilə ərəb və türk dilində ədəbiyyatlar alırdıq. Hər tətilə gələndə 3-4 qutu kitab gətirirdim. İxtisasla bağlı kitablar idi və onlara ehtiyac böyük idi.

 

Bu gün də o kitabların böyük hissəsini saxlayıram. Bəzilərini də hədiyyə etmişəm. Kitab almaq bizim üçün zövq idi. Eyni zamanda kitabxanaları gəzirdik, kitablar axtarırdıq.

 

 

- Hansı kitabxanalara gedirdiniz?

 

- Təhsilimi Suriyada davam etdirəndə o zamankı dövlət başçısı Hafiz Əsədin atasının adına kitabxana var idi. Böyük kitabxana idi. Orada hər il sərgilər keçirilirdi. Türkiyədə, Almaniyada bu sərgilər daha geniş təşkil olunurdu. Əsasən həmin kitabxanaya müraciət edirdik. Həmçinin universitetin geniş kitabxanasında çox vaxt keçirirdik.

 

Mən Suriyada, sonra Liviyada təhsil almışam. Orada xüsusi küçələr var idi ki, ancaq kitab satırdılar. Oraya müntəzəm baş çəkir, maraqlanır, kitabları əldə edirdik.

 

- Maraqlıdır, qeydləriniz varmı?..

 

- Əlbəttə. Universitet illərində qeydlər apardığım dəftərlərim qalır. Bu dəftərlərə bəzən indi də baxıram. Kitab kimi toplamışam. Mənə maraqlı gələn fikirləri toplayıb dəftərə yazırdım.

 

 

- Ölkə daxilində kitabxanalarda mütaliə etmək üçün ilahiyyata dair kitablar tapa bilirdinizmi?

 

- İlahiyyat sovet dövründə qadağan edilmişdi. Bu mövzuda kitablar çox deyildi. Son illər müəlliflərin yazdığı bəzi kitabları Milli Kitabxanada tapmaq olur. Milli Elmlər Akademiyasında da mənbələr var. Əslində, bu gün lazımi ədəbiyyatı əldə etmək üçün akademiyanın institutlarında da mənbələr az deyil. Hesab edirəm ki, bu sahədə görəcəyimiz işlər çoxdur. İlahiyyat İnstitutunda rektor olduğumuz dövrdə bir neçə layihəyə başladıq, kitablar tərcümə etdik.

 

Türkiyədə, Rusiyada analoji proses çox sürətlə gedir. Ərəb dilində kitab nəşr olunan kimi tez öz dillərinə tərcümə edirlər. Ümumi baxdıqda Azərbaycan İlahiyyat İnstitutunun da yaxşı kitabxanası var.

 

Mən orada çalışdığım dövrdə kitabxanaya xaricdən kitablar gətirirdik. Orada dinin müxtəlif sahələrinə aid əsərlər mövcuddur.

 

- İlahiyyata aid hansı dildə kitablar oxuyursunuz?

 

- Əsasən ərəb dilindən... İlahiyyata aid kitabların böyük əksəriyyəti ərəb dilindən tərcümə olunub. Əsasən məlumatları ərəb dilindən alıram. Əlavə olaraq türkcə kitablardan da istifadə edirəm. Türkiyədə ilahiyyata aid kitablar çoxdur.

 

 

- Dini kitabların tərcüməsi sizi qane edirmi?

 

- Dini ədəbiyyatın Azərbaycan dilinə tərcüməsində problemlər var. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi hesab edirəm ki, Vasim Məmmədəliyevin təqdimatında idealdır. Çox yüksək səviyyəli tərcümədir. Vasim Məmmədəliyevlə söhbət edəndə də bildirirdi ki, günlərlə, aylarla tərcümənin üzərində araşdırma aparıb. Bu tərcümə axarlı, aydın, səlisdir. Amma Azərbaycan dilinə tərcümə olunan digər ədəbiyyatların üslubunda, dilində problemlər var.

 

- Sizcə bu problemlər nədən qaynaqlanır?

 

- Bir neçə səbəb var. Azərbaycan dilində terminlər tam oturuşmayıb. İslama aid bəzi terminlərin dilimizdə qarşılığı tapılmayıb. Bəzən bu terminlər türk, bəzən fars dilində verilir, bəzən isə ərəb dilində qorunub saxlanır. Bu terminlər üzərində işlənilməlidir.

 

Bu səbəblə biz İlahiyyat İnstitutunda dini terminlər lüğəti üzərində işlədik. Lüğətdə bir çox terminlər öz əksini tapdı. Bu, təkcə dini ədəbiyyatda yox, son vaxtlar başqa mətnlərdə, hətta qəzetlərdə, bir sıra hallarda saytlarımızda da özünü göstərir.

 

Nəşr olunan hər kitabın müəllifi, korrektoru olmalıdır. Bəzən kitablar tərcümə olunarkən, hansısa yazılar hazırlanarkən heç də hamı bu prinsipə əməl etmir. Kitab yazılır, redaktə olunmur. Ona görə də bu kimi problemlər özünü göstərir.

 

 

- Sevdiyiniz ilahiyyat alimləri kimlərdir? Onların kitabları sizin kitabxananızda varmı?

 

- Çoxdur... Məndə müxtəlif kitablar var. Müasir alimlərimizin kitabları da kitabxanamda yer alıb. Əvvəlki müəlliflərdən məşhur alim Cəlaləddin əs-Süyutinin təfsir kitabı var, Quranla bağlı, ərəb dili ilə bağlı kitabları da həmçinin... Onun əsərləri bir müəllif kimi çox xoşuma gəlir. İbn Həcər Askaləni, Mustafa Buğa, Nurəddin Aytərin də məşhur əsərləri kitab rəflərində yer alıb. Onlar təkcə Suriyada yox, dünyada da çox məşhur alimlərdir.

 

- Digər səmavi kitabları oxuyursunuz?

 

- Əlbəttə. Kitabxanamda Quran, Bibliya var... Hətta bəzən mübahisəli məsələləri müqayisəli şəkildə araşdırıram. Hansısa mövzunu işləyəndə müxtəlif kitablarda məsələyə necə münasibət bildirilib, onu da öyrənməyə çalışıram. Səmavi dinlər Allahdan qaynaqlandığına görə əksər məsələlərdə fikirlər, mövqelər üst-üstə düşür. Bəzi xırda fərqlər olur, ümumən götürdükdə hesab edirəm ki, onları oxumaq yaxşıdır və lazımdır.

 

 

- Maraqlıdır, dünya ədəbiyyatından, milli ədəbiyyatdan kimləri oxuyursunuz?

 

- Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məhəmməd Səid Ordubadini oxuyuram. Ordubadinin "Qılınc və qələm" əsəri çox sanballı əsərdir. İlyas Əfəndiyevin əsərlərini uşaq vaxtı oxumuşam. Vaxt qıtlığı səbəbindən bədii ədəbiyyata çox zaman ayıra bilmirəm.

 

- Şeir, yoxsa roman oxumağa üstünlük verirsiniz?

 

- Əsasən roman oxuyuram. Şeirə də biganə deyiləm. Nüsrət Kəsəmənlinin bəzi şeirləri zövqümü oxşayır. Məsələn, onun "Oğru olmaq istəyirəm" şeiri çox maraqlıdır.

 

- Kitabxanaya ayrılan otaq kiçik olsa da, burda kifayət qədər kitab görürəm. Təxminən nə qədər kitabınız var?

 

- Açığı, tam saymamışam. Təxminən 3000- 5000 arasında kitab olar. Kitabxananı 7 ilə yaxındır formalaşdırmışam. Aralarında köhnə kitablar da var. Kitabxanamı böyütməyi planlayıram. Yarıdan çoxu təhsil müddətində aldığım kitablardır. Tədris ədəbiyyatı da var, əlavə vəsait kimi aldığım kitablar da bura daxildir.

 

 

- Kimdənsə hədiyyə kitab almısınız?

 

- Hesab edirəm ki, ən gözəl hədiyyələrdən biri kitabdır. Zaman-zaman mənə kitab hədiyyə edirlər. Bir müddət Dini Qurumla İş üzrə Dövlət Komitəsində dinşünaslıq üzrə ekspert kimi işləmişəm. O zaman xaricdən gətirilən dini ədəbiyyata bizim rəyimizdən sonra icazə verilirdi. Bizə bəzən mətbəələr, bəzən dini müəlliflər tərəfindən kitablar hədiyyə olunurdu.

 

Tibb Universitetini bitirmiş ilahiyyatçımız Elmir Quliyev bəzi kitabları şəxsən özü mənə hədiyyə edib. Bir müddət Dini Qurumla İş üzrə Dövlət Komitəsində Rafiq Əliyevlə birlikdə çalışmışam. Özünün qələmə aldığı və mənə hədiyyə etdiyi kitablar var. Prezident Administrasiyasında işləyəndə Kamal Abdulla da kitablarını mənə bağışladı.

 

- Səmavi kitablar arasında bağlılıq, oxşarlıq, əlaqə haqda danışdız...

 

- Səmavi kitabların hamısı dini inanclara görə Allah tərəfindən nazil olunub. Amma dini inanclarda müxtəlif yanaşmalar var ki, zaman-zaman kitabların bəzilərində əksini tapıb. Səmavi dinlərin oxşarlığı çoxdur. Bəşərilik, humanist dəyərlərin təbliği, ibadət, saflaşma, paklaşma... Məqsəd bir olduğuna görə səmavi kitablarda bənzərlik çoxdur.

 

Bəzi xırda fərqlər də var. Amma əsas məqsəd ibadətlə Allaha yönəlməkdir. Son məqsəd də paklaşmadır.

 

 

- Köhnə kitabınız varmı?

 

- Bəli, dinlə, islam fəlsəfəsi ilə bağlı kitablarım var, hədiyyə edilib. Əslində, Azərbaycanda belə kitablar çox idi. Bu gün də arxivlərdə qalır. Ümumiyyətlə, ölkəmizdə əvvəl dini kitablar çox olub.

 

Adətən, kitabxananın özünün aurası olur. Günümün çox hissəsini burada keçirirəm. Düşünürəm ki, bir evdə kitabxananın olması vacibdir. Evi zənginləşdirir.

 

- Sizə təsir edən ilk kitab hansı olub?

 

- Gərək bu barədə düşünüm... Suriyaya təhsil almağa gedəndən sonra dini kitablarla tanış olmağa başladım. Ərəb dilini öyrəndikcə, Quran oxumağa başladım. Sonra peyğəmbərlərin hədisləri və digər mənbələri oxudum. O mənbələr və kitablar ciddi şəkildə öz təsirini mənə göstərdi.

 

Məhəmməd Ramazan Əl Buti çox məşhur müəllifidir. Onun Allahla, peyğəmbərlərin həyatı ilə bağlı çox maraqlı kitabları var.

 

 

- Təsirləndiyinizi qeyd etdiyiniz kitablar hazırda burada varmı?

 

- Bəli, o kitabların bəziləri buradadır. Bəzilərini ümumiyyətlə hədiyyə etmişəm. Məşhur islam alimi Mövdudinin çox maraqlı əsərləri var. Müəllif kitablarım çoxdur. Məsələn, Süyutinin "Cəlaleyn Təfsiri" əsəri Qurani-Kərimin şərhini ifadə edən dəyərli əsərlərdəndir.

 

Bir hissədə türkcə kitabları yığmışam. Hesab edirəm ki, Dünyamin Franklinin "Avtobioqrafiya" kitabı çox maraqlı kitabdır. Onu hər kəs oxumalıdır.

 

- Özünüzün Qurani-Kərimi, yaxud başqa dini kitabı tərcümə etmək kimi planınız varmı?

 

- Mən əslində ayrı-ayrı tərcümələr etmişəm, məqalələrim var. Tərcümə etdiyim üç kitab nəşr olunub. Qurani-Kərimi tərcümə etmək çox məsuliyyətli işdir. Ölkəmizdə onun bir neçə tərcüməsi var, lakin aralarında ən uğurlusu Vasim Məmmədəliyevin tərcüməsidir. Dini ədəbiyyatın tərcüməsi barədə düşünmək olar.

 

- Neçə Quran kitabınız var, hansı dillərdədir?

 

- İngilis, Azərbaycan, rus, ərəb dillərində tərcümələr var. Türk dilində Quran kitabım çoxdur. Nəriman Qasımzadənin Quranın şeir formasında tərcüməsi də kitabxanamdadır.

 

Eyni zamanda, kitabxanamda Bibliyanın, İncilin də müxtəlif formaları yer alır. Kitabxanamı zənginləşdirmək barədə yenə də düşünürəm.

 

 

- "Dövlət, din və münasibətlər" kitabınızı gördüm. Sizcə, dövlət-din münasibətləri düzgün tənzimlənirmi?

 

- Hesab edirəm ki, bu gün Azərbaycanda bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Əslində dövlət və din münasibətləri ən mürəkkəb münasibətlərdəndir. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, ölkəmizdə bütün dinlərə böyük qayğı və diqqət var.

Azərbaycanda xristian, müsəlman, yəhudi və digər din mənsubları çox mehriban yaşayır. Dinlər arasında ayrı-seçkilik yoxdur. Bu gün bu təcrübəmiz xaricdə də yüksək qiymətləndirilir.

 

- Oxuculara oxumaq üçün tövsiyə etdiyiniz kitab hansıdır?

 

- Hər bir vətəndaş ilk olaraq mütləq Qurani-Kərimi oxumalıdır. Klassikərimiz diqqətdən kənarda qala bilməz. Məsələn, Məmməd Səid Ordubadininin "Qılınc və qələm" əsəri mütləq oxunmalıdır. Erix Mariya Remarkın bütün kitablarını oxumaq vacibdir. Eyni zamanda, fərdi inkişafla bağlı kitabları oxumağı tövsiyə edirəm.

 

Müəllif: Aysel Azad, Foto: Pərviz Həşimi

Xəbər lenti