Logo

Gənc tədqiqatçının Naxçıvanın qədim dövr tarixi ilə bağlı 3 ölkədə elmi məqaləsi dərc olunub

18.08.2021 19:10 562 baxış
IMG

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan elm sahəsində də həmişə öz nailiyyətləri ilə seçilib. Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı yalnız elmi inkişaf etdirmək məqsədi daşımamış, həm də xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsini başlıca zərurətə çevirib.

Elmi fəaliyyətin əsas daşıyıcıları yüksəkixtisaslı kadrlardır. Naxçıvan Muxtar Respublikasında elm infrastrukturunun tamamilə yenidən qurulması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və ali təhsil müəssisələrində alim və tədqiqatçıların fəaliyyəti üçün lazımi şəraitin yaradılması, elmi mühitin inkişafı üçün yaradılan şərait və görülən işlər bu sahədə gənc kadrların yetişməsinə də imkan verir.

Elə bunun nəticəsidir ki, iyul-avqust aylarında Naxçıvan Dövlət Universitetinin müəllimi, AMEA Naxçıvan Bölməsinin doktorantı, gənc tədqiqatçı Emin Məmmədovun Naxçıvanın qədim dövr tarixi ilə bağlı, xüsusilə də Eneolit və Tunc dövrləri haqqında 3 ölkədə (İspaniya, Ukrayna, Rusiya) ingilis dilində elmi məqalələri dərc olunub.

Gənc tədqiqatçının Ukraynanın tanınmış elmi nəşrlərindən olan beynəlxalq indeksli "Qileya" ("Гілея" науковий вісник) jurnalında "Eneolit mədəniyyətinin mənşəyinə dair araşdırmalar (Naxçıvan-Şərur arxeoloji abidələrinin tədqiqinə nəzərən)" məqaləsi, Rusiyanın tanınmış elmi nəşrlərindən olan beynəlxalq indeksli "Elm problemləri" ("Проблемы науки") jurnalında "Eneolit mədəniyyətinin xronologiyası (Naxçıvan-Şərur arxeoloji abidələrinin tədqiqinə nəzərən)" məqaləsi dərc olunub. "Azərbaycanın Şərur bölgəsinin Eneolit dövrü arxeoloji abidələrində aşkar olunmuş metal əşyalar haqqında" məqaləsi isə İspaniyanın Madrid şəhərində təşkil olunan "Müasir dünyada elmin perspektivləri və əsas meylləri" adlı IX Beynəlxalq Multidisiplinar Konfransın materiallarının toplandığı jurnalda çap olunub.

Məqalələrdə Naxçıvanın qədim yaşayış yerlərinin tədqiqi, Şərur bölgəsinin Orta və Son Eneolit dövrünə aid  arxeoloji abidələri, bu bölgədə metallurgiya və metalişləmə sənətinin qədim tarixi, Naxçıvanda zəngin metal yataqlarının qədim dövrlərdən bəri istifadəsi, Eneolit dövründə Şərur bölgəsində tikinti mədəniyyətinin formalaşması və inkişafı haqqında arxeoloji tapıntılar əsasında məlumat verilir. Bu araşdırmalar, eyni zamanda, Naxçıvanda Eneolit dövrü mədəniyyətinin mənşəyi və onun xronologiyası ilə bağlı məsələləri aydınlaşdırmağa imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir”. Biz də yeni axtarışlarda, davamlı inkişafda gənc tədqiqatçıya uğurlar arzulayırıq.

Məmməd Babayev

Xəbər lenti