Azərbaycan Tibb Universitetində bu tədris ilində pandemiya ilə əlaqədar bu semestrdə istehsalat təcrübəsi keçirilməmiş və bununla bağlı tələbələrin yayda praktik təcrübələrinin arıtılması məqsədi ilə universitet rəhbərliyi tərəfindən onlara şərait yaradılıb. Belə ki, tələbələrin ürəyincə olan bu şərait nəticəsində, gələcəyin həkimləri xəstəxanalarda işləyərək həm bilik və bacarıqlarını artırıblar, həm də xəstələrlə ünsiyyət qurmaq vərdişinə yiyələnirlər. Bu barədə məlumat verən ATU-nun II Müalicə-Profilaktika fakültəsinin dekanı, Anesteziologiya və Reanimatologiya kafedrasının dosenti İsrail Məhərrəmbəyli xatırladır ki, əvvəlki illərdə imtahanlardan sonra tibb tələbələri respublikanın müxtəlif xəstəxanalara yayda praktik təcrübələrə yiyələnmək və daha peşəkar həkim fəaliyyətinin başlanğıcı olaraq şəxsi həkim təcrübəsinə sahib olmaq məqsədi ilə göndərilirdi.
“Baloniya sisteminə keçdikdən sonra qaydalara uyğun olaraq istehsalat təcrübələri semestr ərzində aparılmağa başlanıldı. Beləliklə, praktik vərdişlərin öyrənilməsi dərs yükü olaraq semestr dövrünə salındı. Tələbələr istehsalat təcrübələrini elə ATU-nun öz klinikalarında keçirdilər. Lakin pandemiya dönəmində bu prosesə ara verməli olduq. Çünki ATU-nun klinikaları koronavirusla mübarizədə ən fəal müəssisələr oldular. Daha sonra isə klinikalarımız Vətən müharibəsi qazilərinin müalicəsində cəlb olundu”.
Dekan İ. Məhərrəmbəylinin sözlərinə görə, tələbələr yüksək nəzəri biliklərə malik olsalar da əksər hallarda bu nəzəri bilikləri klinik biliklərlə uzlaşdıra bilmirlər: “Bu onlara xəstələrin klinik vəziyyətinin qiymətləndirilməsində, anamistik məlumatların toplanılmasında və bəzi manipulyasiyaların tətbiqində çətinlik yaradırdı. Belə halların minimuma endirmək məqsədi ilə universitet rəhbərliyinin göstərişi əsasında karantin rejiminin yumşaldığı bir dövrdə tələbələrimizə ATU-nun klinikalarında orta tibb işçisi, həkim köməkçisi kimi işləmələrinə şərait yaradılmışdır. Belə ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həm reanimasiya, həm də digər şöbələrində xüsusi qrafiklərə uyğun şəkildə praktika təşkil olunub. Həmçinin ATU tələbələri klinikalarda növbə ilə işləyir, hətta bəzi şöbələrdə orta tibb işçisi kimi növbələrdə də qalırlar”.
“Bunun nəticəsidir ki, reanimasiyada çalışan tələbələrimiz artıq kardiocərrahi, neyrocərrahi və eyni zamanda süni ventillyasiyada olan xəstələrlə işləmək vərdişinə yiyələnmiş eyni zamanda bəzi manipulyasiyaları nazoqastral zondun qoyulması, damaryolunun açılması, EKQ çəkmək, defibrillyasiya və süni tənəffüs aparatı ilə işləmək bacarığı əldə etmişlər. Ümid varıq ki, bu da onların gələcəkdə mükəmməl həkim olması üçün zəmin yaradır. Bu baxımdan reanimasiya şöbəsində praktika keçmək istəyən tələbələrin sayı daha çoxdur. Onların həvəslərini və istəklərini nəzərə alaraq tələbələrimizə dəstək oluruq və tövsiyyə edirəm ki, bu tələbələrimiz yalnız yay dövründə yox eyni zamanda semestr ərzində dərsdən sonrakı müddətdə klinikalarımızla sız əlaqə saxlasınlar. Əminəm ki, bu onların gələcəkdə bir həkim kimi formalaşmasına kömək edəcəkdir.
Tələbələr praktikada nələri öyrənirlər?
Yay praktikasında iştirak edən tələbələr də prosesin təşkilindən razılıqlarını bildirirlər. II Müalicə-Profilaktika fakültəsinin III kurs tələbəsi Fidan Seyfullayeva travmatologiya şöbəsində praktika keçir: “Travmatologiyaya gəldikdən praktika müddətində çox şey öyrəndim. Sarğının qoyulması, əməliyyatda tikişlərin salınma qaydasını öyrəndim. Əməliyyat müddətində həkimlərimiz hər bir prosesi bizə izah edirlər. Biz əvvəllər kitabdan oxuduğumuz prosesləri indi canlı görürük, sarğılarda kömək edirik. Praktika mənə hələ öyrənməli çox şey olduğunu göstərdi”.
II Müalicə-Profilaktika fakültəsinin IV kurs tələbəsi Dilbər Əliyeva 2 aydır ki, ginekologiya ixtisası üzrə praktika keçir: “Bu praktika ərzində istər əməliyyatlar olsun, istər stasionar şəraitdə xəstəyə qulluq olsun, bütün bu prosesləri izləmişəm, bəzilərində iştirak etmişəm. Küretaj, keysəriyə, təbii doöuş görmüşəm, farmokologiya keçə-keçə burda istifadə olunan dərmanları canlı istifadəə, tətbiqdə görmək, farmakologiya ilə paralel öyrənmək çox maraqlıdır. Bundan əlavə sevinirəm ki, bizim universitetdə praktika bu şəkildə yaradılıb. Ginekologiyadan sonra digər şöbələrdə də praktikaya davam etmək istəyirəm”.
I Müalicə-Profilaktika fakültəsinin V kurs tələbəsi Azər Əkbərli beş aydan artıqdır ki, reanimasiya şöbəsində praktika keçir. Deyir ki, praktika onun öyrəndiyi nəzəri bilikləri möhkəmləndirməkdə yardımçı olur: “Bu müddət ərzində təcili yardıma daxil olan xəstələrlə işim daha çox yadda qalan oldu. Çünki orda baş verən hadisələrə anında reaksiya verməlisən, atacağın addımı tez bir şəkildə beynində sistemləşdirməlisən. Bu cəhətdən burda praktika keçmək çox vacibdir. Bunu çox böyük uğur hesab edirəm. Məncə, hansı sahəni seçməsindən asılı olmayaraq, bütün tibb tələbələri xüsusilə reanimasiya şöbəsində praktika keçməlidirlər”.
I Müalicə-Profilaktika fakültəsinin V kurs tələbəsi Cəlal Nərimanzadə isə 7 aya yaxındır reanimasiya şöbəsində praktikadadır. Burada tibbin bütün istiqamətlərinə aid, tibbin bütün sahələrini əhatə edən xəstələrlə işləyir. Onun fikrincə, praktika keçməsi ona gələcəkdə tibbin hansı istiqamətində çalışacağına dair qərar verməkdə kömək edəcək.
I Müalicə-Profilaktika fakültəsinin V kurs tələbəsi Günel Hacıyeva da beş aydan çoxdur reanimasiyada şöbəsindədir. Hesab edir ki, burada vəziyyət daha fərqlidir: “Digər şöbələrdə vəziyyəti ağırlaşan xəstələr də bura gəlir. Ona görə hər cür problemi olan pasiyentlərlə üzləşirik. Reanimasiyanın iş rejimi, dərmanların sayı, bütün təyinat sistemi başqa sahələrdən fərqlənir. Bu da bizim üçün çox önəmlidir”.
Beş aydan artıqdır bu şöbədə praktika keçən digər tələbə - II Müalicə-Profilaktika fakültəsinin VI kurs tələbəsi Nərmin Abdullayeva və IV kurs tələbəsi Müzəffərli Nigar bu müddət ərzində qazandığı praktiki bacarıqları yüksək qiymətləndirir: “Reanimasiyadakı işçilər digər şöbələrdəkindən seçilir. Burada çox çətin durumda olan xəstələrlə qarşılaşırıq, hər an hər şey baş verə bilir. Ona görə reanimasiyada çalışanlar daha diqqətli və daha operativ olmalıdırlar”.
I Müalicə-Profilaktika fakültəsinin tələbəsi Novruz Nəcəfli praktika müddətində əldə etdiyi üstünlükləri belə sadalayır: “Qazandıqlarımdan ən əsası - gələcəkdə işləyəcəyim hər bir sahədə - kiçik tibb işçisi, orta tibb işçisi və həkimin vəzifəsi haqqında mühüm şeylər öyrənmiş oldum. Reanimasiyada praktika olduqca maraqlıdır, xəstələrin qulluq planları ilə maraqlanırıq. Təcili müdaxilə durumunda nə etmək lazım olduğunu canlı görürük və öyrənirik”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin baş tibb bacısı Nuranə Babayeva da praktika keçən tələbələrə hər məsələdə yardım göstərildiyini bildirir: “Bizdə çalışan tələbələrin hər birinin bacarığı, işə həvəsi göz qabağındadır. Biz hər bir məsələdə onlara dəstək oluruq. İnanırıq ki, tələbələrimiz gələcəkdə çox gözəl, savadlı cərrah, terapevt, həkim olacaqlar”.