Logo

Mingəçevir Dövlət Universitetini strateji hədəflərə yaxınlaşdıran modernləşmə yolu

20.08.2021 13:27 451 baxış
IMG

2020/2021-ci tədris ili: strateji tərəfdaşlıqlar və beynəlxalq əməkdaşlıqda yeni mərhələ

 

 

(Əvvəli  https://muallim.edu.az/news.php?id=16988)

 

Qabaqcıl paytaxt universitetləri ilə strateji tərəfdaşlıq

 

Akademik potensialın gücləndirilməsi və ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə paytaxtın qabaqcıl universitetləri ilə sıx əməkdaşlığa strateji önəm verən MDU-da cari tədris ilində tərəfdaş ali təhsil müəssislərindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə mövcud əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılmışdır.

 

Bakı Dövlət Universiteti (BDU)

Azərbaycan ali təhsilinin flaqmanı olan BDU və MDU arasında 2019-cu ilin 30 sentyabr tarixində əməkdaşlıq protokolunun imzalanması ilə əsası qoyulan əlaqələr cari tədris ilində uğurla davam etdirilmişdir. Əməkdaşlıq çərçivəsində, 2021-ci ilin 4 mart tarixində MDU rəhbərliyi orta təhsilini Mingəçevir şəhərində başa vuran və yüksək bal toplayaraq BDU-nun “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri ilə görüş keçirmişdir. Əsas məqsəd BDU məzunu olacaq mingəçevirli gənclərin gələcəkdə MDU-da akademik və inzibati fəaliyyətə cəlb edilməsidir.

 

2021-ci ilin 19 mart tarixində BDU-da keçirilən və “Elm günü”nə həsr olunmuş “Kainatın yaranmasının müasir fiziki mənzərəsi” mövzusunda onlayn mühazirədə MDU-nun professor-müəllim və tələbə heyəti fəal iştirak etmişdir.

 

Bununla yanaşı, hesabat dövründə hər iki ali təhsil müəssisəsində təşkil olunmuş elmi-praktiki konfranslarda akademik heyət üzvlərinin qarşılıqlı şəkildə fəal təmsil olunması, “Erasmus+” proqramı çərçivəsində “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC) layihəsi üzrə tərəfdaşlığın həyata keçirilməsi ilə MDU və BDU arasında işbirliyi inkişaf etmişdir.

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC ilə ötən tədris ilində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılan işbirliyi hesabat dövründə daha da möhkəmləndirilmişdir.

 

Əsasən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin modernləşdirilməsinə hədəflənən sözügedən əməkdaşlıq çərçivəsində MDU tələbələri, magistrantları və əməkdaşları  UNEC-də təşkil olunan əksər konfranslarda fəal iştirak etmişlər.

 

Bununla yanaşı, cari tədris ilində UNEC tərəfindən “Distant təhsildə tədrisin təşkili və metodik təminatı”, “Kompüter şəbəkələrinin əsasları” və “Şəbəkədə təhlükəsizlik tədbirləri” mövzularında keçirilən onlayn təlimlər MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlarının bilik və bacarıqlarının artırılmasına, məsafədən tədris prosesinin səmərəli təşkili və idarə edilməsinə hazırlıq səviyyəsinin yüksəldilməsinə töhfə vermişdir.

 

Azərbaycan Texniki Universiteti (AzTU)

Ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan AzTU ilə MDU arasında 2019-cu ildə imzalanmış anlaşma memorandumu çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində cari tədris ilində əhəmiyyətli addımlar atılmışdır.

 

AzTU ilə birlikdə keçirilmiş “Azərbaycanda rəqəmsal ödənişlərin tətbiqi: reallıqlar və perspektivlər”, AzTU-nun 70 illik yubileyinə həsr olunan “Cəmiyyətin innovativ infrastrukturunun formalaşmasında informasiya texnologiyaları sənayesinin artan rolu”, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” mövzularında elmi-praktik seminarlar uğurlu və məhsuldar olmuşdur.

 

Eyni zamanda, MDU-nun Mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verən sözügedən əməkdaşlıq çərçivəsində cari tədris ilindən etibarən AzTU-nun bir professoru və bir dosenti davamlı əsaslarla (0.5 ştat) MDU-da tədris prosesinə cəlb olunmuşdur.

 

2021-ci ilin 22-23 may tarixlərində AzTU, MDU və Türkiyənin Qazi Universitetinin rektorlarının Mingəçevirdə, 18 iyun tarixində isə AzTU, MDU və Türkiyənin Yıldız Texnik Universitetinin rektorlarının Bakıda keçirilən görüşlərində yaxın gələcəkdə üçtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsinə dair ilkin razılıqlar əldə edilmişdir.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)

MDU-da Pedaqoji fakültənin potensialının gücləndirilməsi və pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADPU ilə əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır.

 

ADPU-nun 100 illik yubileyi münasibətilə 2021-ci ilin 27 may tarixində “Xarici dillərin tədrisi: müəllim hazırlığında müasir tendensiyalar”, 4 iyun tarixində “Müəllim hazırlığında riyaziyyatın tədrisi: müasir çağırışlar və yeni yanaşmalar”, 11 iyun tarixində “Ədəbiyyat dərslərində fəal (interaktiv) təlimin tətbiqi” mövzularında MDU-da birgə nəzəri-praktiki seminarlar keçirilmişdir.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

Sürətli modernləşmə yolunu seçən MDU-da ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisələrindən biri olan ADNSU ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verilmişdir.

 

2020-ci ilin 25 dekabr tarixində MDU-nun təşəbbüsü ilə ADNSU-nun 100 illik yubileyi münasibətilə onlayn formatda keçirilən birgə tədbiri əməkdaşlıq çərçivəsində atılan ilk addım kimi dəyərləndirmək olar. Tədbirdə iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin icra edilməsi, MDU tələbələri və müəllimlərinə ADNSU-nun elektron kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqamətlərdə ilkin razılıq əldə edilmişdir.

 

Cari tədris ilində ADNSU tərəfindən MDU-ya mühəndislik, energetika, mexanika, informasiya texnologiyaları və digər sahələri əhatə edən 117 adda və 142 nüsxədə kitabın hədiyyə edilməsi Mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə olmuşdur.

 

Beynəlxalq əməkdaşlıqda yüksələn dinamika və yeni mərhələ

 

Cari tədris ilinin payız semestrində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Siegen Universiteti ilə reallaşdırılan işbirliyi, Avropa Ali Təhsil Məkanı üzv ölkələrinin Nazirlər Konfransında, Kəmər və Yol Universitetləri Alyansının beynəlxalq konfransında, eləcə də Erasmus+ proqramında iştirak çərçivəsində həyata keçirilən universitetin beynəlxalq əməkdaşlığı yaz semestrində Türkiyə və Ukraynanın qabaqcıl ali təhsil müəssisələri ilə məqsədyönlü əlaqələrin qurulması nəticəsində yüksək dinamika qazanmış və yeni mərhələyə qədəm qoymuşdur.

 

Yıldız Texnik Universiteti (YTU)

Türkiyənin qocaman və davamlı müasirləşən ali təhsil müəssisələrindən biri olan YTU ilə işbirliyinə 2021-ci ilin 12 mart tarixində MDU rektorunun İstanbula səfəri çərçivəsində əməkdaşlıq protokolunun imzalanması ilə başlanılmışdır.

 

Hər iki universitet üçün qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı nəzərdə tutan protokol tələbə və müəllim mübadiləsini, ortaq mühazirələrin təşkilini, birgə tədqiqatların aparılmasını, qısamüddətli akademik proqramların həyata keçirilməsini və digər məsələləri əhatə edir.

 

Eyni zamanda, Mühəndislik fakültəsinin modernləşdirilməsini hədəfləyən əməkdaşlıq çərçivəsində akademik və inzibati heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir tələblərə cavab verən kampusun yaradılması və gənc əməkdaşların doktorantura səviyyəsində təhsil alması, məsafədən təhsilin yaratdığı imkanlardan fayda əldə edilməsi və digər məsələlərdə MDU-ya müvafiq dəstəyin göstərilməsinə dair ilkin razılıq əldə edilmişdir.

 

Bundan əlavə, 2021-ci ilin 18 iyun tarixində universitet rektorlarının AzTU-da keçirilən görüşü çərçivəsində tədrisin məzmununun yenilənməsi və müvafiq tədris laboratoriyalarının yaradılması, üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsi ilə bağlı təkliflərə müsbət münasibət bildirilmiş, MDU və YTU arasında Mevlana Mübadilə Protokolu imzalanmışdır. Sənəd növbəti tədris ilində universitetlər arasında tələbə, müəllim və inzibati heyət üzvlərinin mübadiləsini nəzərdə tutur.

 

Qazi Universiteti

Zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik Qazi Universiteti ilə işbirliyinin başlıca hədəflərini MDU-nun Mühəndislik və Pedaqoji fakültələrinin inkişaf etdirilməsi təşkil edir.

 

İlk dəfə olaraq, 2021-ci ilin 15 mart tarixində Ankarada keçirilən hər iki universitetin rektorlarının görüşündə akademik heyətin tədris bacarıqlarının inkişaf etdirilməsi, inzibati heyətin idarəetmə səriştəsinin artırılması, yeni ixtisasların yaradılması və digər sahələrdə MDU-ya müvafiq dəstəyin göstəriləcəyi bəyan edilmiş, ortaq virtual elmi konfransların təşkili, fakültə idarəçiliyi ilə bağlı təlimlərin keçirilməsi və digər məsələlər razılaşdırılmışdır.

 

2021-ci ilin 6 aprel tarixində MDU və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi əməkdaşlıq çərçivəsində atılan ilk addım olmuşdur. Bununla yanaşı, MDU-nun akademik və inzibati heyəti üzvləri Qazi Universitetində onlayn formatda təşkil edilən bir sıra tədbirlərdə fəal iştirak etmişlər.

 

2021-ci ilin 22-23 may tarixlərində Qazi Universiteti rektorunun geniş tərkibdə nümayəndə heyəti ilə Mingəçevir şəhərində səfərdə olması, universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları ilə görüşün keçirilməsi, müxtəlif sənaye obyektlərinin, tarixi-mədəni abidələrin  ziyarət edilməsi və universitetlər arasında əməkdaşlıq protokolunun imzalanması MDU-nun beynəlxalq əlaqələrinin inkişafında yeni bir səhifə kimi dəyərləndirilə bilər.

 

Ankara Hacı Bayram Veli Universiteti (AHBVU)

Türkiyənin çağdaş və yenilikçi ali təhsil müəssisələrindən biri olan AHBVU və MDU arasında əməkdaşlığın əsası 2021-ci ilin 15 mart tarixində hər iki universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulmuşdur. Hər iki universitetin uyğun proqramları üzrə tələbə və müəllim mübadiləsi, ortaq konfransların keçirilməsi, birgə tədqiqatların aparılması, fakültə idarəçiliyinin təkmilləşdirilməsi, struktur islahatlarının dəstəklənməsi, professor-müəllim və tələbə heyəti arasında əlaqələri gücləndirən müxtəlif formatlı tədbirlərin keçirilməsi və digər məsələlər barədə razılıq əldə edilmişdir.

 

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin potensialının gücləndirilməsinə, xüsusilə turizm təhsilinin inkişafına töhfə verən ikitərəfli əməkdaşlıq məhsuldarlığı ilə fərqlənmişdir.

 

Cari ilin 29 aprel və 20 may tarixlərində universitetlərarası əməkdaşlıq çərçivəsində qarşılıqlı mühazirələrin keçirilməsini nəzərdə tutan birgə layihə reallaşdırılmışdır. Layihə çərçivəsində AHBVU-nun Turizm fakültəsinin təcrübəli akademik heyət üzvləri “Turizmdə yeni tendensiyalar” və “Turizm siyasəti və planlaşdırılması”, MDU-nun gənc müəllimləri “Azərbaycanda turizm və rekreasiya imkanları”, “Azərbaycanın dayanıqlı inkişafında yaşıl turizmin rolu” mövzularında mühazirələr oxumuşlar.

 

2021-ci ilin 3-4 may tarixlərində MDU İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi və gənc əməkdaşı  AHBVU İqtisadi və idari bilimlər fakültəsində bakalavriat səviyyəsində tədris olunan onlayn dərslərə qoşulmuşlar. Dərslərdə “Beynəlxalq biznes” və “Beynəlxalq ticarətə giriş” fənləri üzrə mühazirələr dinlənilmişdir.

 

25 may tarixində MDU və AHBVU-nun birgə təşkilatçılığı ilə “Tarixi Zəfərdən sonra və postpandemiya dövründə Azərbaycan-Türkiyə turizm əməkdaşlığında yeni imkanlar” mövzusunda keçirilmiş elmi konfrans böyük maraqla qarşılanmışdır. Onlayn formatda təşkil edilən konfransda AHBVU-nun Turizm fakültəsinin təcrübəli professorları “Türkiyə ali təhsil sistemində turizm”, “COVID-19 pandemiyası dövründə Türkiyə turizminə gələcək baxış”, MDU-nun gənc akademik heyət üzvləri “Qarabağın turizm ehtiyatları”, “Qarabağda turizm sahəsinə investisiya qoyuluşunun prioritet istiqamətləri” mövzusunda məruzələrlə çıxış etmişlər.

 

2021-ci ilin iyun ayı ərzində AHBVU-nun təcrübəli professorları tərəfindən MDU-nun gənc akademik heyət üzvləri və magistrantları üçün “Turizm müəssisələrində insan resurslarının idarə edilməsi”, “Turizm müəssisələrində müştəri münasibətlərinin idarə edilməsi” və “Mühasibat uçotu sahəsində e-dövlət tətbiqləri” mövzularında seminarlar keçirilmişdir.

 

Konya Ticarət Odası (KTO) Karatay Universiteti

Türkiyənin sürətlə böyüyən sənaye mərkəzində yerləşən və müasir kampusa sahib olan KTO Karatay Universiteti ilə əməkdaşlığın əsası 2021-ci ilin 16 mart tarixində hər iki universitetin rektorlarının Konyada keçirilən görüşü çərçivəsində əməkdaşlıq protokolunun imzalanması ilə qoyulmuşdur.

 

Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan protokol tədris prosesində ortaq fəaliyyətlərin həyata keçirilməsi, tələbə və magistr mübadiləsi, müəllim və inzibati heyətin mobilliliyi, akademik və elmi sahədə sertifikat proqramları, ortaq konfranslar və simpoziumların keçirilməsi, birgə tədqiqatların aparılması, elmi məqalələrin dərc edilməsi və digər məsələləri əhatə edir.

 

Eyni zamanda, universitet və sənaye arasında davamlı işbirliyinin yaradılması, unversitet büdcəsinin sənayeyə xidmət hesabına genişləndirilməsi, yeni nəsil kampusun yaradılması, rəqəmsallaşma və digər sahələrdə KTO Karatay Universitetinin uğurlu təcrübələrindən MDU-nun faydalana bilməsi üçün müvafiq dəstək göstəriləcəkdir.

 

2021-ci ilin 22 aprel tarixində MDU və KTO Karatay universitetinin inzibati heyət üzvləri arasında onlayn formatda işçi qaydada keçirilən görüşdə növbəti tədris ili üçün birgə tədbirlər planı müzakirə edilmiş və razılaşdırılmışdır.

 

Özyeğin Universiteti (ÖzU)

Türkiyənin yeni dövr ali təhsil müəssisələrindən biri hesab edilən, ən “yaşıl universitet”lər sırasında yer alan və müasir standartlara cavab verən kampusda fəaliyyət göstərən ÖzU ilə əməkdaşlıq MDU-da mövcud infrastrukturun modernləşdirilməsi və kadr potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

2021-ci ilin 12 mart tarixində MDU-nun nümayəndə heyətinin üzvləri ÖzU-nu ziyarət çərçivəsində yaşıl kampusda yerləşən tədris binaları, tələbə ofisləri, biznesin inkişafı və sənaye 4.0 kompetensiyaları mərkəzi, kitabxana, qapalı və açıq idman meydançaları, yeməkxana, yataqxana və digər infrastruktur obyektləri ilə tanış olmuş, gələcəkdə kampus idarəçiliyi sahəsində ÖzU təcrübəsindən faydalanmaq imkanları əldə etmişlər.

 

Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU)

Yaz semestrində Ukraynanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan KNEU ilə əməkdaşlığın əsası qoyulmuşdur. 2021-ci ilin 2 mart tarixində MDU və KNEU arasında əməkdaşlıq çərçivəsində qarşılıqlı silsilə mühazirələrin keçirilməsini nəzərdə tutan birgə layihəyə start verilmişdir.

 

Layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən dörd qarşılıqlı mühazirə təşkil edilmişdir. Belə ki, cari ilin mart-aprel ayları ərzində KNEU-nun akademik heyət üzvləri tərəfindən “Pandemiya dövründə onlayn və ənənəvi təhsil”, “Dövlət maliyyəsi idarəetməsində dövlət büdcəsi”, MDU-nun akademik heyət üzvləri tərəfindən “Nizaminin Qərb ədəbiyyatı və mədəniyyətinə təsiri”, “Aktiv tədris və təlim texnikaları” mövzularında mühazirələr oxunmuşdur.

 

Almaniyanın Siegen Universiteti

MDU ilə  Siegen Universiteti arasında əməkdaşlıq çərçivəsində 2020-ci ilin noyabr-dekabr aylarında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə reallaşdırılmış və bütün təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilmişdir. Layihə çərçivəsində ən yaxşı biznes planları təqdim edən universitetin dörd tələbə və magistrantı dünyaca nüfuzlu “Coursera” onlayn təhsil platformasında müvafiq kurslarda ödənişsiz iştirak hüququ qazanmışdır.

 

Erasmus+ proqramı

 

MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştiraka xüsusi diqqət yetirir. Bu proqram çərçivəsində cari tədris ilinin yaz semestrində MDU-nun bir magistrantı İspaniyanın Vallodolid Universitetində təhsil almışdır.

 

Bundan başqa, MDU “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC) adlı Erasmus+ proqramında fəal iştirak edir. Layihənin açılış tədbiri cari ilin 17 mart tarixində keçirilmişdir.

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)

 

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə GIZ tərəfindən Azərbaycanda həyata keçirilən “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramı (EPİC) çərçivəsində 2020-ci ilin dekabr ayından başlanan “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi uğurla icra edilir.

 

Layihə çərçivəsində MDU-da yaradılacaq Karyera Mərkəzinin effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə üç aylıq “Karyera məsləhətçiliyi” təlimləri başa çatdırılmış və yeni strukturun fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqlar universitetə təqdim edilmişdir.

 

Strateji tərəfdaşlığın dəstəklənməsi

 

Pandemiya dövrünün çətinliklərinə və məhdudiyyətlərinə baxmayaraq, MDU-da müvafiq istiqamətlər üzrə fəaliyyətin davamlılığının təmin edilməsinə Təhsil Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, yerli və xarici tərəfdaş universitetlər və digər qurumlar mühüm dəstək vermişdir. Fikrimizcə, qarşılıqlı faydalı əməkdaşlıqların genişləndirilməsi və inkişaf etdirilməsi modernləşmə yolunda inamla irəliləyən MDU-nun strateji hədəflərinə yaxınlaşmasına ciddi töhfələr verir.

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

Xəbər lenti