Logo

"İstirahətdən allergiya ilə qayıdanlar: “günahkar” təkcə təbiət deyil" - MÜSAHİBƏ

05.09.2021 20:58 708 baxış
IMG

Kamandar Yaqubov: Çox istərdim ki, ölkəmizdə dərman bitkilərinin yetişdirilməsi üçün plantasiyalar salınsın
 
Son vaxtlar yaşlı insanlar və uşaqlar arasında dəri səpmələri, allergiya və zəhərlənmə hallarına rast gəlinir. Bunun səbəbini bəziləri yayda təbiət qoynunda istirahət edən zaman otlar, çiçəklərlə təmasda olmaqda görür, bəziləri isə tətil səfərləri ilə əlaqədar havalarını, sularını dəyişməklə izah edirlər. Bəs əsl səbəb nədir? Təbiət qoynuna istirahətə gedən zaman nə etməliyik ki, sonradan bu cür xoşagəlməz hallarla üzləşməyək?

Bu və digər suallara cavab almaq üçün Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubova müraciət etdik.
 
- Təbiət qoynunda istirahətdən qayıdanlar arasında dəri səpmələri, müxtəlif cür allergiya, hətta bəzən zəhərlənmə halları müşayiət olunur. Adətən insanlar bunun səbəbini qidalandıqları bitkilərdə, təmasda olduqları otlarda, çiçəklərdə görürlər.  Doğurdanmı, bu belədir?
 
- Doğrudur, son günlər insanlar arasında dəri səpmələrinə, allergiya hallarına daha çox rast gəlinir. Bu, otlarla, gül-çiçəklərlə təmasla da əlaqədar ola bilər, başqa səbəblə də. Əsasən allergiya hallarına yazda çiçəklərin tozlanması vaxtı təsadüf olunur. Amma səbəbi təkcə otlarda, çiçəklərdə axtarmaq düzgün deyil. Yataq dəstləri, geyimlər, qidalar da allergiya yaradır. Elə insanlar var ki, orqanizmləri allergiya yaradan komponentlərə qarşı həssasdır. Onlar bu cür komponentlərdən hazırlanmayan münasib paltar, yataq dəsti, qidalar tapmaqda çətinlik çəkirlər. Buna baxmayaraq, orqanizmlərində problem yaratmayan geyimlərə və qidalara üstünlük verir, dərini aşındıran maddələrdən, sintetik materiallardan hazırlanan geyimlərdən uzaq dururlar.
 
- Bəzən xanımlarımızın ev şəraitində hazırladıqları kompot və turşulardan istifadə zamanı allergiya və zəhərlənmə halları olur. Xanımlar qaydalara uyğun hazırlaya bilmirlər, yoxsa başqa səbəb var?
 
- Bu məsələyə həssaslıqla yanaşmaq lazımdır. Bu sahədə illərlə təcrübəsi olan xanımlarımızda günah yoxdur. Onlar kompotlarını, turşularını lazımi şəkildə hazırlayırlar. Amma kompotun, turşunun tərkibində olan komponentə qarşı orqanizm həssasdırsa, allergiyaya və qaşınmalara səbəb olur. Ola da bilər ki, məhsulu yetişdirən şəxs qeyri-üzvi gübrələrdən normadan artıq istifadə edib. Nəticədə məhsulun tərkibində nitratlar normadan çox toplanır. Və yaxud başqa səbəblər də ola bilər.
 
- Rəhbərlik etdiyiniz fakültənin kafedralarında dərman bitkilərinin tərkibi öyrənilir. Allergiyaya və yaxud hər hansı başqa xəstəliklərə qarşı bitkilər müəyyənləşdirilib və sizin təklifinizlə bitki mənşəli dərmanlar, preparatlar hazırlanıbmı?
 
- İnsan cəmiyyəti formalaşandan xəstəliklər araşdırılıb, təhlil olunub və aradan qaldırılması üçün dərmanlar hazırlanıb. İnsanlar əvvəl bitki mənşəli preparatlara üstünlük verib. Sonra heyvan və mineral mənşəli preparatlar hazırlanıb. Elm inkişaf etdikcə, mikroorqanizmlərdən preparatlar alınmağa başlanıb. Sonra yarımsintetik və sintetik dərmanların alınması mərhələsi başlayıb və s. Bu barədə geniş danışmaq olar. Söhbət bitki mənşəli preparatlardan gedir. Allergiyaya əks göstəriş olan preparatlar hazırda satışda da var. Tələbələrimizə dünyada və ölkəmizdə geniş yayılmış dərman bitkilərinin növləri, fəsilləri, tərkibi və s. öyrədilir. Kafedralarımızda ölkəmizin ərazisində bitən dərman bitkilərinin tərkibindəki bioloji fəal maddələr aşkar edilir, farmakoloji müayinələr aparılır. Gələcəkdə hədəfimiz dərman bitkilərinin istehsalına töhfəmizi verməkdir. Çox istərdim ki, xaricdə olduğu kimi, ölkəmizdə də dərman bitkilərinin yetişdirilməsi üçün plantasiyalar salınsın.
Amma bir məsələyə də diqqət yetirmək istərdim ki, istər bitki mənşəli, istərsə də digər mənşəli preparatlar olsun, hamısının tərkibində əsas və köməkçi komponentlər var. Bəzən orqanizmin həssaslığı əsas maddəyə deyil, köməkçi maddələrə qarşı olur. Ona görə də allergiyası olan insanlar dərman preparatlarını həkim məsləhəti olmadan qəbul etməməli, müayinədən keçməlidir ki, ona əsas və yaxud da köməkçi maddənin təsiri müəyyənləşdirilsin, aldığı müalicə effekt versin. 
 
- Bəs allergiyalı xəstələrə özlərini qorumaq üçün nə məsləhət görərdiniz?
 
- Allergiyalı şəxs ilk növbədə allerqoloqa müraciət etməlidir. O, test olunmalı, orqanizminin hansı komponentə qarşı həssaslığı müəyyən edilməlidir. Xəstənin qida, geyim, qoxu, hansısa bitkiylə təmas və s. səbəbdən allergiya olması aydınlaşdırılmalıdır. Bundan sonra allergiyalı şəxs onda allergiya yaradan məhsulları, geyimləri, əşyaları istifadə etməməli, bitkilərə, gül-çiçəklərə yaxın durmamalıdır. Belə olarsa, sağlamlıqlarını qoruya bilərlər.

Xəbər lenti