Tolerantlıq sözü dözmək, qəbul etmək kimi mənalara gəlir. Bir termin kimi tolerantlıq başqasının azadlıq və hüququna hörmət göstərməkdir. Bu termin din sözü ilə bir tərkibdə dini tolerantlıq mənasında daha çox istifadə edilir. Dini tolerantlıq hər bir din mənsubunu öz mövqeyində qəbul etmə və bunu həyata keçirmə düşüncəsidir. Bununla birlikdə tolerantlıq sərhədsiz bir anlayış da deyil.
Azərbaycan İlahiyyat İnstitutunun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov deyir ki, İslamda dini tolerantlıq "Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!" şəklində prinsip və təcrübə kimi ortaya qoyulub.
Müsəlmanların siyasi və hərbi güc əldə etməsindən sonra nazil olan bu ayə həzrət Peyğəmbər tərəfindən fərqli din mənsublarına qarşı tətbiq olunub. Müfəssirlər də ayədəki "məcburiyyət" sözünü təfsir edərkən dinin sahəsinin məcburi deyil, ixtiyari olduğundan çıxış edərək heç kimin İslam dininə girməyə məcbur edilə bilməyəcəyini vurğulayıblar: "Kafirun surəsinin 6-cı ayəsi də dini tolerantlığın əsasını dəstəkləyən başqa bir hökm gətirmişdir. Ayədə "Elə isə sizin dininiz sizə, mənim dinim də mənə" buyurularaq insanların fərqli inanclara sahib ola biləcəkləri təsdiqlənmişdir. Bu inanc və anlayışlar nə qədər yanlış olsa da, varlıqları inkar edilə bilməz.
Praktik həyatda da həzrət Peyğəmbər və onun davamçıları Quranın gətirdiyi bu düsturu mümkün olduğu qədər tətbiq etməyə çalışıblar. Xüsusilə, həzrət Peyğəmbərin qeyri-müsəlmanlarla bağladığı müqavilələrdə qarşı tərəfə heç bir təzyiq göstərmədiyi çoxsaylı hadisələrdə öz əksini tapmışdır. Hətta Hüdeybiyə müqaviləsi əsnasında onun adının qarşısındakı "rəsul" sözünün müqavilə mətnindən çıxarılmasına belə etiraz etməyib".
M.Camalovun sözlərinə görə, azlıq bir ölkədə sayca çox olan kütləyə nisbətlə din, dil, irq kimi fərqliliklərə sahib az sayda olan xalq, camaat və topluluqlara verilən addır. Bu termin XVI əsrdə Avropada dini fərqlilikləri ifadə etmək üçün ortaya çıxarılıb və o zamandan bəri istifadə edilib. Ancaq zamanla azlıq sadəcə din deyil, dil, irq və mədəniyyət fərqliliyi göstərən qruplar üçün də işlədilmişdir. Beləliklə, literaturda dini azlıq, milli azlıq kimi terminlərə rast gəlmək mümkündür. İslam dünyasına gəlincə, azlıq bir termin kimi yeni-yeni tələffüz edilsə də, əslində, mahiyyət etibarilə İslamın ilk dövrlərindən etibarən mövcud olmuşdur. Klassik fiqh ədəbiyyatında azlıq dini fərqliliyi ifadə etmək üçün istifadə edilmiş və bunlara, yəni İslam ölkəsində yaşayan qeyri-müsəlmanlara "zimmi" adı verilib. Avropadan fərqli olaraq İslam dünyasında azlıq məfhumu dini fərqlilik üçün istifadə edilib, dil, irq və mədəniyyət kimi fərqliliklər burada nəzərə alınmayıb. Çünki İslam dininin gətirdiyi dəyər anlayışına görə, insanlar dil və irq kimi doğuşdan gələn xüsusiyyətlərə görə təsnif olunmaz. İnsanlar yalnız Allaha qarşı təqvalı olmaqla bir-birindən fərqlənə bilər. Bunun isə insanın əldə edəcəyi haqlara hər hansı bir təsiri yoxdur.
Prorektor bildirib ki, İslam ümumbəşəri bir din olduğu üçün onun gətirdiyi hökmlər sadəcə müəyyən bir bölgə, din yaxud millətlə bağlı deyil, bütün bəşəriyyəti əhatə edir. Buna görə də, xüsusilə, hüquq sahəsində İslam ölkəsində yaşayan qeyri-müsəlmanlarla bağlı çoxsaylı hökmlər mövcuddur. Bunun ən gözəl nümunəsini İslamın ilk dövrlərində görmək mümkündür. Belə ki, həzrət Peyğəmbər Mədinəyə hicrət edib ilk İslam dövlətini qurduqdan sonra həm Mədinədə yaşayan, həm də bütün Hicaz bölgəsindəki yəhudi və xristianlarla qonşuluq və siyasi əlaqələr qurmağa çalışlar. Şübhəsiz, bu əsnada mənfi münasibətlər də yaranıb. Məsələn, Mədinə xristianları müsəlmanlarla birgə yaşamağı qəbul etməyib, Məkkəyə köçüb və hətta Uhud döyüşündə müsəlmanlara qarşı müşrik ordusu arasında yer alıb. Ancaq bu, həzrət Peyğəmbərin onlarla sülh çərçivəsində münasibət qurma cəhdində olmadığını göstərməz. Çünki həzrət Peyğəmbərin, xüsusilə, əhli-kitab olaraq adlandırılan yəhudi və xristianlara yaxın münasibəti tarixən məlumdur. Hətta Məkkə dövründə müsəlmanların müşrik zülmündən qaçıb sığındıqları ilk yer xristian bir ölkə olan Həbəşistan olub: "Mədinəyə hicrətdən sonra isə həzrət Peyğəmbərin xristianlarla ilk təması onları İslama dəvət etmək oldu. Bunun üçün həzrət Peyğəmbər qonşu xristian ölkələrin rəhbərlərinə ayrı-ayrılıqda İslama dəvət dəvət məktubları göndərib. Bunların bir qismi bu dəvətə hədiyyələrlə cavab vermiş, bir qismi isə təklifi rədd ediblər. Eyni şəkildə Mədinə ətrafındakı xristian qəbilələrdən İslamı qəbul edən, sülh müqaviləsi bağlayan yaxud döyüşdə məğlub olaraq İslam hakimiyyətinə tabe olanlar olub.
Bundan əlavə, Mədinədə yəhudilərin ibadət etdiyi və təhsil fəaliyyətləri ilə məşğul olduğu Beytul-Midras adlı bir müəssisələri vardı. Həzrət Peyğəmbər buraya müdaxilə etməyərək, onlara həm ibadət, həm də təhsil azadlığı verib. Hətta bəzən buraya gələrək, yəhudiləri ziyarət edib". Onun sözlərinə görə, İslam hüququnun dövlət anlayışına görə bir dövlət hakimiyyət, ölkə və xalqdan meydana gəlir. Bunlardan hakimiyyət ünsürü Allah və Peyğəmbər adına idarəçilərə aiddir. Peyğəmbər ona inananlardan beyət alaraq ilk İslam dövlətini qurmuş, xəlifə və sultanlar da bu əsasdan çıxış edərək İslam cəmiyyətlərini idarə edib. Ölkə isə müəyyən bir siyasi hakimiyyət altında birləşən xalqın yerləşdiyi ərazini bildirir. İslami anlayışa görə müsəlmanlar arasında mənəvi bir bağ olduğu üçün İslam hökmlərinin tətbiq olunması baxımından dünya darul-islam və darul-hərb olmaqla iki qismə ayrılıb. Burada müsəlmanların can və mal təhlükəsizliyi içində olduqları və İslam dinini yaşaya bildikləri ölkə darul-islam, yəni İslam ölkəsi adlandırılıb.
Bir İslam ölkəsində yaşayan xalq İslama görə üç qismə ayrılır. Bunlar müsəlmanlar, zimmilər və müstəmənlərdir. Müsəlmanlar İslamı qəbul edən və onlara İslam hökmlərinin tətbiq olunduğu insanlardır. Zimmilər İslam ölkəsinin vətəndaşlığını qəbul edən qeyri-müsəlmanlardır. Müstəmənlər isə İslam ölkəsinin vətəndaşlığını qəbul etməməklə birlikdə İslam ölkəsinə girmək və orada müvəqqəti yaşamaq icazəsi almış qeyri-müsəlmanlardır:
"Zimmilər İslam ölkəsi vətəndaşı olduqları üçün birbaşa dinlə bağlı olmayan ictimai işlərdə çalışa bilərlər. Ancaq dövlət başçılığı və qazilik kimi dinlə əlaqəli yüksək vəzifələrə gətirilmələri qəbul edilməmişdir.
Bununla birlikdə zimmilər şəxsi haqq və azadlıqlardan eynilə müsəlmanlar kimi faydalana bilərlər. Burada səyahət və məskən haqqı ilə bağlı yeganə istisna zimmilərin Hicaz bölgəsinə buraxılmamasıdır. Mal, can, namus və məskən toxunulmazlığı baxımından müsəlmanla zimmilər arasında bir fərq yoxdur. Zimmilərə din və vicdan azadlığı verilər, ibadətlərini sərbəst yerinə yetirə biləcəkləri kimi, evlənmə, boşanma, nəfəqə və miras kimi hüquqi mövzularda da öz dini anlayışlarına görə əməl edə bilərlər".
M.Camalovun dediyinə görə, Fəzlur Rəhman dini azlıqlar haqqında "Non-Muslim Minorities in an Islamic State" adlı bir məqalə qələmə alıb. O, bu məqaləni Tomas Mişelin "The Rights of Non-Muslims in Islam: An Opening Statement" adlı məqaləsinə cavab olaraq yazıb. Fəzlur Rəhman bu məqaləsindəki əsas müddəasını bütün cəmiyyətlərdə mövcud olan ümumbəşəri dəyərlərə əsaslandırır. Onun fikrincə, sekulyar dəyərlərə sahib olanların irəli sürdükləri əsaslar da, nəticə etibarilə, ilahi dinlərin gətirdiyi prinsiplərdə qeyd edilmişdir: "Ancaq ümumiyyətlə, dini azlıqların haqları ilə bağlı əsas problem müxtəlif dinlərin gətirdiyi qanun-qaydalar arsındakı ilk baxışda kiçik görünən, əslində isə həll edilməsi çox çətin olan fərqlərdir. Fəzlur Rəhman hinduların hindu olmayanlara və yəhudilərin yəhudi olmayanlara qarşı baxış tərzini buna nümunə kimi göstərir.
Fəzlur Rəhman bütün dinlərin gətirdiyi ümumbəşəri dəyərlərin zəruriliyini qeyd edərək, əvvəlcə Qurani-Kərimdə digər din mənsublarına qarşı münasibətə yer verir. Məhz bununla bağlı olaraq Qurani-Kərimin özü haqqında bildirdiyi və onun bu mövzuda ilk ağla gələn xüsusiyyəti daha öncə bəşəriyyətə göndərilməmiş yeni bir kitab olmamasıdır. Qurani-Kərimin bu açıq-aşkar bəyanına görə bütün dinlər eyni ilahi mənbədən gələn ümumbəşəri qanunlar mənzuməsi olub. Beləliklə, digər din mənsublarının həqiqətin öz əllərində olduğu iddiasının əksinə, Qurani-Kərim başlanğıcdan etibarən hidayət yolunun ümumbəşəri olduğunu bildirib və üstünlüyün millətə, yaxud inanc qruplarına görə deyil, bu hidayət yolundakı məqama görə müəyyənləşəcəyini elan edib. Bunun zəruri nəticəsi kimi Quranın gətirdiyi iman anlayışına görə bütün peyğəmbərlərə inanmaq şərtdir".
M.Camalov vurğulayıb ki, Tomas Mişel İslam cəmiyyətlərində işə qəbul sahəsində və daha sonra da karyera yüksəlişində qeyri-müsəlmanlara nəzərən müsəlmanlara üstünlük verildiyini qeyd edir. Mövzu başlığı fərqli olsa da, müəllifin işarə etdiyi bu məsələ də mahiyyət etibarilə nəzəriyyə ilə praktika arasındakı uyuşmazlığın məhsuludur. Halbuki İslam dininin bu məsələyə münasibətinin çox həssas olduğu hamıya məlumdur. Maidə surəsinin 8-ci ayəsində bu mövzuya belə işarə edilir: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" Fəzlur Rəhman bu ayəyə işarə edərək İslamdakı ləyaqət anlayışının, hətta düşmənləri də əhatə etdiyini qeyd edir: "İbadət azadlığı və din təbliği. İslamın azadlıq anlayışının əsasında inanc azadlığının olduğunu demək mümkündür. Qurani-Kərimdəki "istəyən inanar, istəyən inkar edər" və ya "dini qəbul etmədə məcburiyyət olmaz" şəklindəki aşkar prinsipləri buna misal kimi qeyd edə bilərik. Nəticə olaraq demək olar ki, tolerantlıq bir cəmiyyətin sahib olduğu ən ülvi dəyərdir. Bunun fərqində olan müsəlmanlar Quranın açıq bir şəkildə əmr etdiyi, Peyğəmbərin də öz həyatında bunun necə tətbiq olunacağını göstərdiyi dini tolerantlığı dinin əsaslarından biri kimi qəbul etmiş və bunu diqqətlə tətbiq etmək üçün əllərindən gələni əsirgəməyiblər".
Sevinc QARAYEVA