Logo

“Bizim işimiz haqq işidir” - müharibə veteranı Vahid Əliyevlə müsahibə

12.11.2021 15:48 892 baxış
IMG

Müsahibimiz Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovniki Vahid Əliyevdir. Vahid Əliyev Azərbaycan Dillər Universitetinin əməkdaşıdır. Uzun illər Daxili İşlər Nazirliyinin polis orqanlarında çalışıb. Xidməti illərindən Ağdam, Füzuli, Laçın və Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib.

- Vahid müəllim, müharibə nə deməkdir? Sizcə, müharibənin səbəbləri və məqsədləri nələrdi?

- Müharibə arzu olunmaz, dəhşətli hadisədir. Dərhal göz önünə çox sayda ölənlər və yaralananlar, dağıdılmış məmləkətlər, regionlar, şəhərlər, kəndlər və sair yerlər gəlir. Bu da dövlətlər, tayfalar,  siyasi qruplar arasında, onların mütəşəkkil hərbi birləşmələri arasında gedən döyüşlərin nəticəsidir.

Ermənistanla bizim  aramızda gedən müharibəni belə də qiymətləndirmək olar . Ermənilər işğal etdikləri əraziləri bizdən qoparıb öz havadarlarının köməyi ilə mövqelərini müharibə yolu ilə bizə diktə edib qəbul etdirmək istəyirdilər.  Şükürlər olsun ki, müzəffər Azərbacan ordusu onların bu arzularının üstündən birdəfəlik  xətt çəkdi.

- Birinci Qarabağ müharibəsində itkilərimizin əsas səbəblərini nədə görürsünüz?

- Əvvəla onu qeyd edim ki, mənfur qonşular bu muharibəyə hazırlaşırdılar. Havadarları onları hər cür hərbi silahlar  və texnikalar  ilə kömək edirdilər. SSRİ MK  rəhbərliyi tərəfindən onlara gizli vədlər verilirdi. Bu da seperatçı meyilləri daha da gücləndirirdi. Yadınıza düşürsə, 7 dekabr 1988- ci ildə Spitakda baş verən zəlzələdən sonra separatçı meyillər daha da qızışmağa başladı.

Həmin vaxt ABŞ-da səfərdə olan MK Baş Katibi  M. Qorbaçovun səfərini yarımçıq qoyub Ermənistana gəlməsi seperatçıları daha da ruhlandırdı. Zəlzələ nəticəsində 25000 dən çox insanın ölümü ermənləri maraqlandırmır,  onlar Qarabağın Ermənistana verilməsini ondan tələb edirdi. Azərbaycanlıların Ermənistan ərazisindən köçü məhz həmin vaxtlardan başlandı. Mən onda Qazax rayonunun ərazisində Ermənistanla sərhəddə yerləşən Uzuntala adlanan DYP postunda idim. O vaxt DİN-n mülki  müdafiə qərargahının rəsi T. Kərimov və bizim əməkdaş R. Rəsulzadə ilə birlikdə Ermənistandan yük avtomobillərində gələn köçləri Azərbaycanın regionlarına yola salırdıq.

Qaldı ki, sualınıza  onu deyə bilərəm ki, çox çətin durum idi, mümkün qədər xalqı tərksilah etmişdilər. Xalqı qorxu içərisində saxlayırdılar. Ermənilərə qarşı hər hansı bir hərəkətə icazə verilmirdi . Müəyyən hərəkət edənlər də dərhal cəzalandırılırdı. Bizim ordumuz, ordu birləşmələrimiz yox idi. Ən əsası vahid rəhbərlik yox idi. Pərakəndəlik baş alıb gedirdi.Könüllü müdafiə dəstələri vardı. Onlarında hərbi peşəkarlığı yox dərəcəsində idi. Hər silah atan peşəkar hərbiçi ola bilməz, o ayrı bir anlamdı.Yeganə mobil və silahlı qurum Azərbaycan polisi idi. Baxmayaraq ki, polislə ordunun ayrı-ayrı funksiyaları var,  ancaq belə bir çətin vaxtda onlar  vətənimizin ərazi bütövlüyü uğrunda ermənilərlə savaşa qalxdı. Polislə yanaşı bizim vətənpərvər, cəsur, mərd oğullarımız vardı ki,  onlar da özləri yaratdığı müdafiə dəstələri ilə mənfur, azğın düşmənə qarşı qəhrəməncasına vuruşurdular.

Ulu öndər, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan polisinin indiki Heydər Əliyev sarayında keçirilən 2002- ci il 2 iyul tarixində “Azərbaycan polisi” gününə həsr olunmuş təntənəli mərasimdə iştirak edərək Qarabağ savaşında vuruşmuş Azərbaycan polisinə yüksək qiymət verərək belə demişdir: “Qarabağa iddia başlayanda ön cərgədə polis idi. Polis idi döşünü irəliyə verən, polis idi vuruşan. O vaxt ordu yox idi, ordu hissələri də yox idi, polis idi. Minə yaxın polis işçisi torpaqların müdafiəsi uğrunda Qarabağda şəhid olublar”.

- Qələbəni şərtləndirən əsas amillər nələrdi?

- Birinci bizim işimiz haqq işidi. Sonra BMT-in məlum 4 qətnaməsi, dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün tanıması və dəstəkləməsi, güclü və planlı şəkildə müasir ordu quruculuğu, hərbiçilərimizin peşəkarlığı, cəsurluğu, qəhrəmanlığı, müasir texniki təchizatı, həm də döyüşçülərimizin vətənpərvərlik  hissi, xalqına, torpağa bağlılıq və sair. Ən əsası Xalq-Prezident-Ordu  vəhdəti, birliyi qələbədə əsas rol oynadı. Bunlarla yanaşı ən prioritet və qarşıda duran vacib məsələlərdən biri ermənilərə dayaq olan ölkələrlə informasiya savaşında qalib gəlmək idi. Ali Baş Komandanın fitri istedada və dərin diplomatik bilgilərə malik olması bizi informasiya savaşında da qalib etdi.

- 44 günlük Vətən müharibəsində ordumuzun uğurlarının əsas istiqamətlərini necə təsvir edə bilərsiniz?

- Birinci onu qeyd edim ki, 30 il ərzində ermənilər öz xarici lobbiləri və havadarları ilə birlikdə vətənimizə qarşı aparılan işğalçı müharibəyə  don geyindirərək dünya ictimaiyyətini daim çaşdırmaqla məşğul olmuşlar. Erməni ordusunu cəsur döyüşkən ordu kimi təbliğini aparmışlar. Eyni zaman işğal dövründə bizim torpaqlarda yaratdıqları hərbi mühəndis texniki qurğuların və sədlərin “keçilməz” olduğundan ağız dolusu danışırdılar. Müharibənin ilk günlərində peşəkar, cəsur, döyüşkən Azərbaycan ordusu Ali Baş komandanının rəhbərliyi altında erməni ordusunu bu sədlərini darmadağın etdi. Müharibənin gedişatında ən önəmi hərbi faktlardan bir XXI əsrin savaşını aparan Azərbaycan ordusu erməni ordusunun bütövlükdə hərbi texnikasını məharətlə darma-dağın edərək  düşmən ordusunu iflic vəziyyətinə saldı və bu da savaşda qələbənin əsasını qoydu.

Bu qələbənin şah əsəri Şuşa şəhərinin azad olunmasında sıldırımlı qayalardan keçərək əlbəyaxa döyüşlərində qəhrəmancasına vuruşan fiziki cəhətdən sağlam və güclü olan peşəkar, igid, cəsur  mərd, ərən hərbiçi oğullarımız  tərəfindən yazıldı.

- Hərbidə bir əsgərə lazım olan əsas keyfiyyətlər hansılardı?

- Əsgərin əsas vəzifəsi  vətən torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgəri  anda sadiq qalmaqdır. Ona təhkim olunmuş silah-sursatdan, döyüş texnikasından və digər hərbi texnikalardan istifadə qaydalarını mükəmməl bilməlidir, davranış qaydalarına riayət etməlidir, hərbi borcunu yerinə yetirməlidir, fiziki cəhətdən sağlam və güclü olmalıdır, lazım gələrsə canından keçməlidir, döyüşçü  yoldaşlarına sadiq qalmalıdır, çətin durumda onlara kömək etməlidir, dövlət sirrini məxfi saxlamalıdır, nizam-intizama riayət etməli, komandirin tapşırığını yerinə yetirməlidir.

- Oxuculara, xüsusilə gənc oxucularımıza sözünüz...

- Bu möhtəşəm qələbə münasibəti ilə xalqımızı, mən Azərbaycanlıyam deyən hər bir kəsi təbrik edirəm. Zəfər bayramınız mübarək olsun. Gənclərimizin vətənpərvər ruhunda böyüməyini, sağlam, savadlı, bilikli olmağını, Azərbaycanın  dəyərli vətəndaşı kimi öz valideynlərinə və soy kökünə layiqli övlad olmağını arzulayıram.

Söhbətləşdi: Tural Cəfərli

Xəbər lenti