Logo

BDU tələbəsi ikili diplom proqramı haqqında danışır - MÜSAHİBƏ

15.11.2021 10:49 1912 baxış
IMG

“Düşünürəm ki, təhsil hər zaman davam etdirilməlidir. Təhsil davam etdirilməli və yüksək səviyyədə olmalıdır ki, gələcəkdə peşəkar olasan... Uğura aparan yol da asan deyil. Amma xatırlamaq lazımdır ki, çətinliklər olmadan heç bir uğur əldə edilə bilməz. Buna görə də heç vaxt ruhdan düşməməli, hədəflərimizə doğru yeni addımlar atmalıyıq!” Bu sözləri Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Nəzrin Qasımova ilə apardığımız müsahibədə deyib.

Bildiyimiz kimi, Bakı Dövlət Universiteti dünyanın bir çox nüfuzlu universitetləri ilə ikili diplom təhsili üzrə proqramlar həyata keçirir. Tələbələrimizə təhsil yolunda böyük dəstək olan bu proqramlar üzrə təhsil alanlardan biri də BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasının bakalavr məzunu Nəzrin Qasımovadır. O, bu yolda keçdiyi mərhələlərlə bağlı, təhsil prosesi, qazandığı təcrübələrlə bağlı öz təəssüratlarını bölüşür.

- Hansı ikili diplom proqramı üzrə təhsil alırsınız?

- Hazırda BDU-da Beynəlxalq münasibətlər və diplomatiya (ingilis bölməsi) ixstisası üzrə təhsilimi davam etdirirəm. Eyni zamanda, Bakı Dövlət Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əasasən beynəlxalq münasibətlər və diplomotiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı əsasında beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram.

- Bəs ikili diplom proqramı üzrə təhsil almağa nə vaxt qərar verdiniz?

- Bizə proqram barədə məlumat verildikdə çox sevinmişdim. Bu şansı dəyərləndirmək istəyirdim. Həmçinin, daha sonra xəbər edildi ki, müsahibə mərhələsindən uğurla keçən tələbələrin UBİS Universiteti üzrə təhsil haqqı BDU tərəfindən qarşılanacaq.

- Bu proqrama necə qoşuldunuz? Bunun üçün hansı mərhələlərdən keçməli oldunuz?

- Proqram barəsində sentyabr ayında məlumatlandırıldıq. Daha sonra kim ikili diplom üzrə təhsil almaq istəyirsə, həmin tələbələrdən CV, motivasiya məktubu və dil sertifikatı tələb olundu. Daha sonra isə müsahibə mərhələsinə dəvət olunduq. Seçilənlərdən biri də mən oldum. Qeyd etdiyim kimi, sentyabr ayında beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan, Azərbaycan, rus, ingilis bölmələri görüşə dəvət edildi. Proqram haqqında bizə geniş məlumat verildi. Müsahibə mərhələsi əvvəl onlayn şəkildə keçiriləcəyi planlaşdırılmışdı, daha sonra isə universitetə dəvət olunduq. Müsahibə mərhələsi də olduqdan təxminən bir həftə sonra artıq nəticələr bəlli idi. Daha sonra isə seçilənlər UBİS-in rəsmi səhifəsində qeydiyyatdan keçməli idilər. Qeydiyyatdan keçdikdən sonra isə dərslər başladı.

- Dərs prosesi necə gedir? Sizi qane edirmi?

- Dərs prosesi onlayn şəkildədir. Axşam saatlarında dərsə qoşuluruq. Təxminən iki saat çəkir. Dərslər müzakirə yönümlü olduğu üçün çox maraqlı olur. Düzdür, bəzi fərqliliklər var, amma artıq alışmışam. Məsələn, hər həftə tapşırıqlar verilir və həmin tapşırıqlar həftə sonuna kimi yazılmalıdır. Hər tapşırığın xüsusi vaxtı olur. Dərs zamanı müəllim təqdimatlardan da istifadə edir. Çalışırıq ki, hər birimiz dərs zamanı aktiv olaq, hər birimiz mövzuyla bağlı fikirlərimizi bildiririk.

- Bəs yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdinizmi?

- Bəli, əvvəlcə bir az çətinlik çəkdim. Çünki hər iki universitetdəki dərsləri oxumaq, tapşırıqları vaxtında yerinə yetirmək bəzən çətinliklər yaradır. Amma zamanla öyrəşdim.

- Son olaraq, sizin kimi ikili diplom proqramı üzrə təhsil almaq istəyən tələbələrə məsləhətləriniz nə olardı?

-  Düşünürəm ki, təhsil hər zaman davam etdirilməlidir. Təhsil davam etdirilməli və yüksək   səviyyədə olmalıdır ki, gələcəkdə peşəkar olasan. Ona görə də bu magistratura proqramını seçdim. Çünki çox yaxşı şansdır. Bu şansı dəyərləndirməyi hər tələbəyə məsləhət görərdim. Başlanğıcda çətinliklər yaşaya bilərlər. Uğura aparan yol da asan deyil. Amma xatırlamaq lazımdır ki, çətinliklər olmadan heç bir uğur əldə edilə bilməz. Bunu prioritet sayaraq, heç vaxt ruhdan düşməməli, hədəflərimizə doğru yeni addımlar atmalıyıq.

Müsahibəni hazırladı:

Nərminə Əsədova

Xəbər lenti