Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbi II qrup üzrə qəbul keçirəcəyini elan edəndə buna şans kimi baxdım”

27.11.2021 22:08 1018 baxış
IMG

Gülcan Məmmədova 2004-cü ildə Bakı şəhərində doğulub. Səbail rayonu 91 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başlayıb. Sonra təhsilini 163 nömrəli məktəbdə davam etdirib və bu məktəbin məzunu olub. Buraxılış və qəbul imtahanlarında ümumilikdə 675,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasını seçib. O, ibtidai sinifdən dərslərini yaxşı oxumaqla yanaşı, araşdırmağa, öyrənməyə həvəsli olub.  Müxtəlif mədəniyyətlər, musiqilər, filmlər barədə öyrənib. II sinifdən Cövdət Hacıyev adına Musiqi məktəbinə qəbul olub və 7 il burada piano təhsili alıb.
 
-Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?  
- Bakı Ali Neft Məktəbi haqqında fikirlərim həmişə yüksək olub. Lakin mən II ixtisas qrupu üzrə hazırlaşırdım və BANM-də bu qrupa qəbul yox idi. Bu qrup üzrə qəbulun olmamağına çox təəssüflənirdim. Bakı Ali Neft Məktəbi təxminən iyun ayının əvvəlində II ixtisas qrupu üzrə qəbul keçirəcəyini elan edəndə buna bir şans kimi baxdım. İlk olaraq buranı yazdım. Dövlət sifarişi əsasında oxumaq istəyirdim, burada dövlət sifarişi ilə oxumaq üçün cəmi 10 yer var idi. İxtisas seçiminin cavablarını böyük həyəcanla gözləyirdim. Bakı Ali Neft Məktəbinin kodunu da əzbərləmişdim. Qorxurdum ki, istəyimə nail ola bilmərəm. Cavablar açıqlananda bura daxil olduğum məlum oldu. Sevincimin həddi-hüdudu yox idi. 
 
 -Biznesin idarə edilməsi ixtisasına marağınız necə yaranmışdı?
-Biznesin idarə edilməsi sahəsini dərindən araşdırmışdım. Bu sahənin genişliyini, perspektivlərini oxuyandan sonra ona marağım yaranmışdı. Bakı Ali Neft Məktəbində bu ixtisasın açılması da məni çox sevindirdi. Çünki həm Bakı Ali Neft Məktəbində təhsil almaq istəyirdim, həm də biznesə marağım var idi. Burada II qrup üzrə məhz Biznesin idarə edilməsi ixtisasının açılması mənim hər iki arzumun reallaşmasına səbəb oldu.
 
-Adınızı Prezident təqaüdçüləri siyahısında görəndə hansı hissləri keçirdiniz? 
-Statistikaya nəzər yetirəndə Prezident təqaüdünə layiq görüləcəyimi təxmin edirdim, amma dəqiq bilmirdim. Təqaüdçülərin siyahısı açıqlananda adımı o siyahıda görmək məni çox xoşbəxt etdi. Bu ada layiq görülmək böyük sevincdir.
 
-Ali məktəbə necə hazırlaşırdınız? Yüksək bal toplamaq istəyənlər abituriyentlərə nə məsləhət görürsünüz? 
-İlk növbədə, məqsəd olmalıdır. Məqsəd olmasa, nə qədər çalışsan da, istiqamətsiz, pərakəndə hazırlaşmış olursan. Dərslərə sistemli şəkildə çalışmaq lazımdır. Bundan başqa, aşağı siniflərdən təməl olmalıdır. Şagirdlər çox vaxt düşünürlər ki, abituriyent olanda hazırlaşacağam. Hər şeyi X-XI siniflərə saxlayırlar, amma təməlin 40-50%-i aşağı siniflərdən qoyulur. Bunu nəzərə almaq lazımdır. Təbii ki, çətinliklər çox olur. Bizim ali məktəbə hazırlaşdığımız vaxt sərt karantin rejiminin tətbiq olunduğu müddətə düşmüşdü. Dərslərimiz onlayn keçirilirdi. Ona görə bir müddət uyğunlaşmaq çətin idi. Amma müəllimlərin köməyi, həvəsləndirməyi sahəsində yüksək nəticəni əldə edə bildim.  
 
-Gələcək hədəfləriniz nələrdir?
-Əvvəlcə bakalavr təhsilimi yüksək göstəricilərlə yekunlaşdırmaq, daha sonra isə növbəti pillədə -magistraturada təhsil almaq  istəyirəm.
 
-Dərslərlə bağlı təəssüratlarınız necədir?
-Dərslərimiz gözlədiyimdən daha çətindir. Amma müəllimlərimiz yaxşı öyrənməyimiz üçün çox fədakarlıq edirlər. Hamıya vaxt ayırmağa, diqqət yetirməyə çalışırlar. Bu, bizim işimizi daha da rahatlaşdırır.
 
-Musiqidən başqa hobbiləriniz, məşğuliyyətiniz varmı?
-Musiqidən başqa, şahmat və voleybolla da maraqlanıram. Həftəsonu Bakı Ali Neft Məktəbinin kampusunda bu iki idman növü ilə də məşğul oluram. Bir neçə saat voleybol, ardınca isə şahmat dərsləri götürürəm.

Xəbər lenti