Azərbaycan Respublikasının əməkdar artisti, muğam ifaçısı, AMEA Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti Nuriyyə Hüseynova Musiqi Kollecinin tələbələri üçün onlayn ustad dərsi keçib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva qeyd edib ki, Naxçıvanda muğam sənətinin öyrənilməsi, təbliği və tədrisi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Musiqi Kollecində, musiqi məktəblərində muğam dərsləri tədris olunur, gənc muğam ifaçıları yetişdirilir.
Nuriyyə Hüseynova tələbələrə muğam sənətinin sirlərindən danışaraq xalqımız tərəfindən milli özünüdərkin ən mühüm mədəni dəyərlərindən biri kimi qəbul edilən qədim muğam sənəti bu gün ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında layiqincə qorunur, yaşadılır və təbliğ olunur. Çünki muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin musiqisidir.
Tələbələr “Şur” muğamından “Mayə”, “Bayatı -şiraz” muğamından “Bayatı- isfəhan”, “Rast” muğamından “Bərdaşt maya”şöbələrini və Mirzə Hüseyn segahından bir hissə oxuyublar.
Sonra tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, tədbirdə xanəndəlik sənətinin inkişafında çox böyük xidmətlər göstərən onlarla muğam və dəstgahların canlı ifaçısı olan Azərbaycan Respublikasının Əməkdar artisti, muxtar respublikada xanəndəlik sinfinin ilk məzunu Qurban Qasımov və Naxçıvan Muxtar Respublikasının əməkdar aristi Hünər Əliyev də iştirak edib.
Məlumat üçün onu da bildirək ki, Nuriyyə Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Beynəlxalq müsabiqələrdə və konsertlərdə uğurla çıxış edən Nuriyyə Hüseynova 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası) muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim kimi də fəaliyyətə başlayıb. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi kimi fəaliyyət göstərən Nuriyyə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən Rasim Gəncəlinin "Qəlbi asiman kimi" və Teymur Bünyadovun "Sən olmasaydın" adlı kitabları çapdan çıxıb.