"Mephisto” kitab evi İstanbulun mərkəzində – İstiqlal küçəsi, 125 ünvanında yerləşir.
Bura mağazanın Bəyoğlu şöbəsi sayılır. Qeyd edək ki, mağazanın digər şöbələri Beşiktaş və Bahariyədir. Book-cafe tipli bu kitab evi böyük oxucu kütləsinə malikdir. Və demək olar, İstanbula yolu düşən hər kəsin üz tutduğu İstiqlal küçəsində yerləşməsi də mağazaya xüsusi üstünlük verir, ona olan diqqəti artırır.
Bu barədə “Kaspi” qəzetinin dərc etdiyi məqalədə qeyd olunur.
Üç mərtəbəli kitab evinin birinci mərtəbəsi nə qədər sıxlıq olsa da, digər iki mərtəbələrində oxucular qismən az olur. Eyni zamanda disklər, albomlar satılan bu mağaza həm də musiqisevərlər üçün ziyarət ediləsi məkanlardandır.
Unutmamış deyim ki, bu kitab mağazasında qiymətlər əl yandırır, türk lirəsinin dollara nisbətdə dəyərdən düşməsi kitab qiymətlərinə çox təsir edib. Ona görə də, bir qisim alıcı mağazaya gələndə ötən illərdəki nəşrləri axtarırlar ki, kitabın arxa qapağında qeyd olunan əvvəlki məbləği ödəyib ucuz ala bilsinlər. Qiymətlərin bahalığı bəzi kitabsevərləri ikinci əl kitabların satıldığı bukinistlərə üz tutmağa vadar edir. Məsələn, mən "Səsəfələr ensiklopediyası” tarixi adlı kitabı 69 türk lirəsinə aldım, halbuki yaxın illərdə həmin həcmdə kitabı 30 türk lirəsinə almaq olurdu.
İkinci mərtəbədə isə ədəbi-elmi jurnallar satılır. Diqqətimi çəkdi ki, Türkiyədə təkcə poeziyaya aid 20-dən çox jurnal var. Hələ ümumi ədəbiyyat, sənət jurnallarını kənara qoyuram. Hər nə qədər özümüzü "şair xalq” adlandırsaq da, təəssüf ki, bizdə hələ sırf şeir jurnalı, poeziyaya aid dövri nəşr çap olunmur. Burada fəlsəfə, tarix, ədəbiyyatşünaslıq, din, yeni kitablar, ən çox satılanlar, kültür, sənət və sair bölmələr var. Bu bölmələrə baxa-baxa səhəri axşam etmək olar...
Nəzərə alsaq ki, Türkiyədə kitab evləri çoxdur, onda onların hər birindən yazmaq maraqsız olar. Amma bu kitab evinin şöhrətini nəzərə alaraq buradan yazı hazırlamaq, əməkdaşlarından biri ilə söhbətləşmək qərarına gəldim. Mütaliə dairəsinin genişliyinə və təcrübəsinə görə digər satıcılar onun müsahibə verməsini istədilər. Beləcə, təcrübəli kitabçı, gözəl kitab zövqü olan və "Mephisto”nun satıcısı Sedat Barkınla söhbətləşdik.
– Sedat bəy, bu kitab mağazasına təsadüfi oxuculardan daha çox müştərilər üz tutur, artıq bu kitab evinin öz oxucuları yetişib. Bu kitab evi öz şöhrətini nəyə borcludur?
– "Mephisto” kitab evi 25 ildən çoxdur ki, fəaliyyət göstərir. Və artıq öz oxucu kütləsini formalaşdırıb. Oxucuların əksəri bu kitab evindəki satıcıların kitab təqdimatlarına, tövsiyələrinə inanırlar. Yəni uzun illər ərzində oxucularla səmimi münasibətlərimiz, istədiklərini bu kitab evində tapmaları, yeni ədəbiyyatları buradan rahatca əldə edə bilmələri, sifarişlər və sair məsələlər onlarla aramızda etibarlı əlaqələrin qurulmasına səbəb olub.
– Məsələn, kitab oxumağa yeni başlayan biri gəlib sizdən "hansı kitabı mütaliə edim” deyə tövsiyə istəsə, hansı nəşrləri məsləhət görərdiniz?
– Yeni oxucuya kitab məsləhət görməzdən əvvəl sevdiyi janrı bilmək lazımdır. Əgər seçimi tamamilə mənim öhdəmə buraxsa, asan qavranılan, zərif klassik nümunələrdən birini məsləhət görərəm. Sait Faiq, Orxan Kamal, Səbahəddin Əli, Qoqol, Zolya və sair. Bu cür kitablar sürətlə oxunur, oxucunu yormur, həm də yeni kitab oxumağa başlayan insanda mütaliə vərdişi aşılayır.
– Çətin oxunan, amma dəyərli kitabların satış prosesi necə gedir, siz onların alınması üçün çalışırsınız?
– Uliyam Folkner, Roberto Balano, Tomas Bernard, Robert Müsil, Vladimir Nabokovun kitablarını satmağı çox sevirəm. Onların kitablarını oxucuların əlində görmək, oxunduğunu düşünmək mənə həzz verir, həmin oxucuları xoşbəxt sayıram.
– Bu qədər işin içərisində kitab oxumağa vaxtınız qalırmı?
– Həyatda ən çox sevdiyim şey kitab oxumaqdır. Ona görə sosial şəbəkələrdən istifadə etmirəm, gecə rahatlığımdan kəsib oxuyuram, ya da işə gələndə bir saat ərzində yolda mütaliə edirəm. Əsasən, ədəbi kitablar oxuyuram, amma fəlsəfi, psixoloji əsərlər də mütaliə edirəm. Latın Amerikasını çox sevirəm: Roberto Bolano, Mario Varqas Lyosa və sair. Ən çox sevdiyim yazıçı isə Uliyam Folknerdir. Onun yazı dili, üslubu, istifadə etdiyi ədəbi priyomları çox bəyənirəm.
– Musiqiyə bu qədər önəm verməyinizin səbəbi nədir?
– "Youtube” kanalları CD bazarını zəiflətsə də, hələ də diskləri alanlar var. Amma son dövrlər vala qulaq asmaq yaman dəbə mindiyinə görə, valların satışı artıb. Biz sənət zövqü olan adamları bir yerə toplayan kitab eviyik.
– Pandemiyanın kitab mağazanızdakı satışlara mənfi təsiri heç kəsə sirr deyil. İstərdim bu barədə danışasınız...
– Pandemiyanın ilk dönəmində mağazamızı bağlamalı olduq. Eyni zamanda çölə çıxmaq qadağası da satışlara mənfi təsir elədi. İndi-indi özümüzə gəlməyə başlamışıq. Kitab nə qədər dözüm aşılasa da, özü o qədər tez bəlaya gəlir.
– Hansısa kitabın çox satılmasında bu kitab evinin rolu olurmu?
– Əlbəttə. Həmin kitabları önə, çox satılanların, yeni kitabların arasına qoyaraq ona qarşı oxucu diqqətini artıra bilirik. Çünki hər gün bu kitab evinə minlərlə oxucu gəlir.