Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun Oxu.Az-a müsahibəsi:
- Təhsil naziri Emin Əmrullayev brifinqdə belə bir ifadə işlətdi: “Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır”. Bu açıqlamanı necə şərh edərdiniz?
- Burada söhbət valideynlərin məktəbin idarəetməsində yaxından iştirakından, onların təhsilin inkişafı üçün vəsait xərcləməsinə imkan yaradılmasından, bunun müəyyən qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə həyata keçirilməsindən gedir.
Hesab edirəm ki, hazırkı dövrdə Azərbaycan reallığında məktəblərdə hansısa şəkildə pul yığımı məqsədəuyğun deyil. İstər qanuni, istərsə də könüllü pul yığımı bütün hallarda neqativ halların yaşanmasına səbəb ola bilər.
Onsuz da dövlət özü məktəblərə lazımi maliyyə vəsaitini ayırır, onlara qayğısını əsirgəmir. Bütün hallarda məktəblərdə könüllü və ya qeyri-könüllü şəkildə həyata keçiriləcək pul yığımı qəbuledilən deyil. Bu, xoşagəlməz ənənələrin və tendensiyaların əsasını qoyacaq.
- Ümumiyyətlə, sual olunur: Niyə orta məktəblərdə pul yığımının qarşısını almaq müşkülə çevrilib?
- Hesab edirəm bu məsələyə nəzarət və cəza tədbirləri daha da gücləndirilməlidir. Direktor, eləcə də müəllim heyəti bilməlidir ki, belə hal aşkarlandığı təqdirdə çox ciddi cəza tədbiri həyata keçiriləcək. Hətta bunun nəticəsi təhsil prosesindən bir müddət və ya tamamilə uzaqlaşdırma ola bilər.
- Həm də, təhsil və rüşvət anlayışları bir-birinə necə uyğunlaşdırıla bilər axı...
- Hamı nəzər almalıdır ki, təhsillə rüşvət heç zaman bir yerdə ola bilməz. Olacaqsa orada təhsil olmayacaq, diqqət təhsilə yox rüşvətə yönələcək. Bu, birmənalıdır.
Heç şübhəsiz ki, hər bir dövlətin inkişafı və güclü olması onun təhsili ilə bilavasitə bağlıdır. Bütün inkişaf etmiş ölkələr böyük inkişaf və uğura yüksək təhsillə nail olublar. Ona görə qısa zamanda təhsildə az da olsa rüşvət hallarına tamamilə son qoymalıyıq. Əks halda bu sahədə istədiyimiz keyfiyyəti və məzmunu əldə edə bilməyəcəyik. Təhsil sahəsində yeniliklərin tətbiqində gecikəcəyik, problemlər yığıldıqca altında əziləcəyik.
- Biz təhsil səviyyəsini müasir standartlar səviyyəsinə uyğunlaşdıra bilmişikmi?
- Bu gün ölkəmizdə təhsilin inkişafına, onun keyfiyyət və məzmunun artırılmasına xüsusi önəm verilir. Cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə təhsil sahəsində davamlı islahatlar həyata keçirilir.
Hər il təhsil sahəsində yeniliklərin şahidi oluruq. Son illər bir neçə yeni ali məktəblər yaradılıb, yüzlərlə orta məktəb inşa, təmir və bərpa olunub.
Hər il təhsil sahəsinə ayrılan büdcə vəsaiti artırılır. Müəllim, doktorant, magistrant və tələbələrin təqaüd və maaşları artırılır. Bu dövlətin bu sahəyə xüsusi önəm verdiyini, onun inkişafında maraqlı olduğunu bir daha təsdiq edir.
Beləliklə deyə bilərik ki, Azərbaycan təhsili keyfiyyətcə və məzmunca yeni bir mərhələyə qədəm qoyub. Ancaq qarşıda hələ görüləsi işlər çoxdur. Bunun üçün daha çox çalışmalıyıq. Təhsil sahəsi bir çox sahələr kimi daimi inkişafdadır, mütərəqqi təcrübələri öyrənib mütləq tez bir zamanda ölkəmizdə tətbiq etməliyik. Hazırkı zaman və dövran bunu bizdən ciddi tələb edir.
- Təhsilin inkişafı üçün təklifləriniz nədən ibarətdir?
- Yuxarıda qeyd etdiyim kimi, bu gün dünyada təhsil sahəsində ciddi dəyişikliklər baş verir, universitetlər arasında ciddi rəqabət gedir. Bu baxımdan ölkəmizdə təhsilin məzmun və keyfiyyətinin artırılması istiqamətində səylər daha da gücləndirilməlidir. Yeni informasiya texnologiyalarının və beynəlxalq standartların tətbiqi, müasir laboratoriyaların qurulması, distant təhsil sisteminin bazasının gücləndirilməsi, müasir standartlara və tələblərə uyğun yeni ixtisasların yaradılması istiqamətində işlər daha da sürətləndirilməlidir. Eyni zamanda, Azərbaycan universitetlərinin beynəlxalq reytinqinin artırılması işinə xüsusi önəm verməliyik. Bu mərhələni uğurla keçməliyik.
- Potensial varsa, universitetlərimiz niyə regionun güclü təhsil müəssisələrinə çevrilməyib?
- Qeyd edim ki, bu gün universitetlərimizin bölgənin güclü təhsil müəssisələrindən birinə çevrilməsi üçün geniş imkanlar var. Bunun üçün beynəlxalq standartların öyrənilməsini və tətbiqini sürətləndirməliyik. Yeni ixtisasların açılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Heç şübhəsiz ki, burada universitetlərimizin də üzərinə çox böyük vəzifələr düşür. Dövlətlə yanaşı onlar da beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizdə tətbiqi, peşəkar kadrların prosesə cəlb olunması istiqamətində bütün güclərini səfərbər etməlidirlər.
Bir də işə qəbulda əsas amil savad, bilik və bacarıq olmalıdır. Bu olmadan təhsildə hansısa böyük uğurdan və inkişafdan söhbət gedə bilməz.
Təəssüf ki, bu sahədə də bir sıra hallarda neqativ hallarla rastlaşırıq. Bu da öz növbəsində ölkəmizdə təhsilin keyfiyyət və məzmununa öz mənfi təsirini göstərir.