Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna rol oynamış ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar “Aşıq Ələsgər dünyası” adlı konfrans keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında" 18 fevral 2021- ci il tarixli Sərəncamına əsasən, Kollecdə sənətkarın yaradıcılığı ilə bağlı silsilə tədbirlər, açıq dərslər keçirilib. Səhər Orucova dövlətin Aşıq Ələsgər yaradıcılığına olan qayğısından danışaraq sovet dövründə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aşığın 150 illik yubileyinin ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edildiyini, böyük söz ustadının əsərlərinin dəfələrlə nəşr edildiyini, onun abidəsinin ucaldıldığını, Ümummilli Liderin siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin sərəncamları ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyinin, 2021-ci ildə 200 illik yubileyinin keçirildiyini söyləyib.
"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin humanitar məsələlər üzrə sədr müavini Güllü Eldar Tomarlı Aşıq Ələsgər irsinin bədii estetik məsələlərindən danışaraq onun şeirlərinin xalq ruhu ilə həmahəngliyindən söz açıb. G.Tomarlı çıxışının sonunda “Dədə Ələsgər Ocağı” İctimai Birliyi adından Kollecə Aşıq Ələsgər portretini hədiyyə edib. Aşıq Ələsgər yaradıcılığında məhəbbbət lirikasının sənətkarlıq xüsusiyyətlərindən söz açan BDU-nun “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının müdiri Almara Nəbiyeva Aşıq Ələsgərin məhəbbət mövzulu şeirlərinin bədii-estetik funksiyalarından danışıb. Azərbaycan dili və ədəbiyyatı üzrə FBK-nın sədri Cəmalə Süleymanova çıxışında deyib ki, Kollecin tarixində ilk dəfə olaraq elmi konfransın keçirilməsi əlamətdar hadisə kimi yadda qalacaq.
Konfransın bədii hissəsində Gədəbəy aşıqları adından Aşıq Azər Fərmayıloğlu, Aşıq Təbriz Vəliyev, Aşıq Kərəm Vəliyev Aşıq Ələsgər irsindən şeirlər səsləndirib, aşıq mahnıları ifa ediblər. Kollecin "Yaradıcılıq Mərkəzi"nin üzvləri şeirlər və kompozisiyalarla çıxış ediblər. Konfransda tələbələrin çəkdiyi Aşıq Ələsgər portretləri nümayiş etdirilib.
Konfransın bölmə iclasları simvolik olaraq adlandırılan "Dədə Ələsgər ocağı" və "Dədə Ələsgər xəzinəsi" adlı otaqlarda məruzələrlə davam edib.