Logo

Danışma məhdudiyyətli gənc rəssamın uğur hekayəsi - VİDEO

19.01.2022 18:16 589 baxış
IMG

Onun eşitmə və danışma məhdudiyyətinin olması həyatına əngəl törətmir. Çəkdiyi rəsm əsərlərinə baxanda, onun artıq gənc yaşından uğur qazandığını söyləmək mümkündür. Müsahibim Fuad Musayev 2001-ci ildə Bakı şəhərində anadan olub. O, ilk təhsilini 2007-ci ildə paytaxtın Xətai rayonunda yerləşən 55 saylı orta məktəbdə alıb. 2015-ci ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirərək Azərbaycan Dövlət İncəsənət Kollecinə daxil olub. F.Musayevin incəsənətə, rəssamlığa olan marağı onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qədər gətirib çıxarıb. Hazırda o, Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsidir.

"Report"un əməkdaşı sağlamlıq imkanları məhdud olan gənc rəssam F.Musayevin çalışdığı emalatxanaya baş çəkib, onun yaradıcılığı ilə maraqlanıb.

Fuadın anası Aynur Musayevanın sözlərinə görə, oğlunun fiziki məhdudiyyətlə dünyaya gəlməsi onu sarsıtmayıb. Bunun artıq bir qismət olduğunu dilə gətirən ana deyib ki, bu, onun üçün problemə çevrilməyib və övladının həyatda uğur qazanması üçün bütün qüvvəsini səfərbər edib.

Oğlunun istedadından danışan A.Musayeva bildirib ki, Fuad dörd yaşında ikən divar kağızlarına rəsm çəkməyə başlayıb: "Onun bu istedadı mənim diqqətimi çəkdi. Əlindən tutub, Adil İsgəndərov adına Mədəniyyət Evinə apardım. Mənə "övladınız hələ çox kiçikdir" dedilər, Amma mən israr etdim. Nəticədə oğlum orada iki il rəsmlə məşğul oldu”.

Əslən Qarabağdan olan A.Musayeva Fuada kiçik yaşlarından doğma şəhərindən, oranın gözəlliyindən bəhs edib. Bununla da artıq oğlunun təsəvvüründə Azərbaycanın mədəniyyət beşiyini canlandıra bilib.

Elə bunun nəticəsidir ki, günlərin birində Fuad anasının canlandırdığı şəhər haqqında təəssüratlardan ilhamlanaraq Günəşin Şuşa Qalası üzərində doğmasını öz əsərində təsvir edib.

Şuşa şəhərinin şəklini çəkən zaman isə Fuadın cəmi 6 yaşı olub. Buna görə də, A.Musayeva bu rəsm əsərini tarixi bir sənət hesab edir və onu öz iş otağında qoruyub saxlayır.

A.Musayeva əlavə edib ki, Fuadın ilk fərdi sərgisi 7 yaşında Adil İsgəndərov adına Mədəniyyət sarayında keçirilib: "Həmin sərgidə mən ondan daha həyəcanlı idim. 22 ildir mən də Fuadla düşdüyüm bu mühitdə inkişaf edirəm. Fuad yeddi yaşından indiyə kimi 60 sərgidə iştirak edib. Onun bu gün cəmiyyətdə özünü rəssam kimi təsdiq etməsi mənim də valideyn kimi inkişafımdır".

Eyni zamanda Uşaq İnkişaf Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərən A.Musayeva cəmiyyətə çağırış edib. O bildirib ki, qüsurlu övlad yoxdur: "Mən özümü qüsurlu övladın anası kimi təsəvvür etmirəm. Onlar xüsusi istedada, bacarığa malik uşaqlardır. Bu gün biz valideynlər geri çəkilməməliyik. Onlar bizim övladımız, gələcəyimizidir. Ətrafı eşitməsələr belə, hiss edirlər".

A.Musayevanın sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, xoşməramlı layihələri də fiziki məhdudiyyətli insanların qayğı ilə əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynayır.

O bidlirib ki, Fondun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir.

Emalatxanada çəkiliş zamanı Fuadın müəllimi, Xalq rəssamı Arif Hüseynovla da həmsöhbət olduq. O, 6-7 il öncə öz emalatxanada uşaqlar üçün studiya açdığını bildirib. İlk tələbələrindən birinin Fuad olduğunu söyləyən A.Hüseynov ondan çox razı olduğunu deyib: "Onun bu sahəyə olan sevgisi, həvəsi göz önündədir. Rəssam olmaq üçün fikrə, ideyaya ehtiyac var. O işığı da Fuadda görürəm".

Qeyd edək ki, F.Musayev müxtəlif illərdə bir çox fəxri fərman, diplom və mükafatlarla da təltif olunub.

Xəbər lenti