Logo

Ədəbi tənqidimiz ölüm ayağında – Qəşəm Nəcəfzadə yazır…

23.01.2022 11:29 465 baxış
IMG

Kulis.az Qəşəm Nəcəfzadənin “Poeziya, sən nəsən?” yazısını təqdim edir.

Bu günlərdə redaksiyamıza (“Azərbaycan” jurnalı) orta yaşlı bir şair Xocalı haqqında şeirlərini gətirmişdi. Baxdım ki, hamısı ənənəvi üslubda yazılmış zəif şeirlər, hamının bildiyi, dediyi fikirlərdir, yəni şairin özünəməxsus bir misra belə yoxdur. Televiziya icmalı kimi körpələrin ayaqlarının don atmağından tutmuş, erməni vəhşiliyinə qədər hər şey yerli yerindədir, təkcə poetik düşüncədən başqa. Müəllifə dedim ki, bu şeirlərdə heç bir yenilik yoxdur. Dedi, yenilik nədir? Dedim bax, sən deyirsən ki, körpələrin ayaqları üşüdü, don atdı, bunu dəfələrlə deyiblər, düzdümü? Başı ilə sualımı təsdiqlədi. İndi sən belə desəydin, daha yaxşı olardı. Məsələn, uşaqların ayaqları soyuqdan yanırdı. Yəni, donmağın sonu bədəndə yanğı hissi əmələ gətirir. Həm də bu, insanların da ürəyinin yanmağı ilə bir paralellik təşkil edərdi. Gördüm ki, müəllif həyacansız- zadsız qovluğu eşələyir. Dedim nə axtarırsan? Dedi ki, keçən il ütü əlimi yandırmışdı, yanıq haqqında bir şeir yazmışam, qoy onu verim sizə.

Bundan sonra əl-ayağım yerdən-göydən üzüldü. Daha heç nə demədim. Artıq yeniliklə köhnəlik, poeziya ilə söz yığını arasındakı fərq aydın bir şəkildə göz önündə idi.

Belə müəlliflərin əksəriyyəti vaxtı ilə mühüm vəzifə postu tutmuş adamlardı, vəzifədən çıxandan sonra ədəbiyyatdan bərk yapışırlar.

Bir neçə il öncə Hadı Rəcəblinin Azərbaycan Dövlət Televiziyasının “Ovqat” verilişində şair kimi çıxış edəndə çox təəccübləndim və birinci dəfə eşidirdim ki, Hadi Rəcəbli şeir yazır.

Binəqədi rayonun sabiq icra başçısı İnqilab Nadirovun şeir kitabları da mənə eyni təəssüratı yaşatdı. Misalları daha da artıra bilərəm, ancaq buna ehtiyac yox.

Bir neçə il əvvəl Teymur Əhmədovun çap etdiyi “Azərbaycan yazıçıları” ensiklopedik kitabını gördüm, gözlərim qaraldı, 890 səhifədən ibarət olan bu kitabın ağırlığı heç olmasa 15 kiloqrama yaxındır. Müəlliflərin sayını dəqiqləşdirməyə səbrim çatmadı, orası dəqiq yadımdadır ki, imzaların 99 faizini ilk dəfə görürdüm. Ömründə bir dəfə şeir yazan və yazmayan adamların hamısı burda idi.

Bu dağın görünən tərəfi, indi keçək dağın içinə.

Elə şair var ki, şeiri yarıya qədər yaxşı yazır, yarıdan sonra istedadının və ya təcrübəsinin gücü çatmadığındanmı, nədənmi, bilmirəm, qalan bəndlər, misralar olduqca zəif alınır. Və ya əksinə. Şeirin əvvəli zəif olsa da sonu yaxşı qurtarır. Gənc şair Qəmər Sözayın şeirləri də belədir. Onun “Güclü qadın”, “Payız qadın”, “Payız qəlbim”, “Natamam gənclik”, “Ünvansızlaşıram” (Şeirin adlarına bax), şeirləri adi oxucu səviyyəsindən də aşağıdır. Şeir adlarının kobud, köhnə, məntiqsiz olmağı bir yana, sözçülük baş alıb gedir, şeirin məna və mətləbi nədən ibarətdir, bilinmir.

Yarpaq tökümünü yaşayır qəlbim,

Bir-bir düşür sevdiklərim gözümdən.

Ən ağrılı dərd bu olar yəqin ki,

insan küssə, nifrət edər özündən.

“Ədəbiyyat” qəzeti

Birdən - birə bu şeirlərin içərisində “Sürünür baxışlarda həsrətlər dizin –dizin” misrası qarşına çıxanda əlinqolun boşalır, qeyri ixtiyarı müəllifə əhsən deyirsən. Bəs bu cür sözçülüyün içində birdən – birə belə gözəl misra necə yaranır? Şairin şeirlərinin birinin adından göründüyü kimi, natamamlıqla tamlıq bir ürəkdə necə qərar tuta bilir? Daha dəqiq, bu cür gözəl misranı yazan Qəmər bəs o biri misralarındakı zəifliyi niyə görə bilməsin?

Aygün Xəlilqızının dövrü mətbuatda maraqlı şeirlərini çox oxumuşam. Sözü seçə bilən, onu ustalıqla misraya düzməyi bacaran Aygün xanım birdən – birə elə naşılıqlara yol verir ki, sadəcə sənə sevinmək yox, təəccüblənmək qalır. Axı gözəl şeir yazmağı bacaran şair birdən – birə şeirin bu asan ucuz yoluna niyə girsin ki…

Sabahlara ümidli,
Məğrur, onurlu qadın.
Sənə nələr yaraşmır
Ey incə ruhlu qadın?..

***

Necə edim ki, artıq,
Üşüməsin əllərin.

***

Dözmüsən bu talenin
Ədasına, nazına.

“525-ci qəzet”

Misal çəkilən misraların zəifliyi bir yana, elə sözlər var ki, yerində deyil, çürümüş diş kimi laxlayır. Buradakı “artıq”, “bu” sözləri yerində deyil, sadəcə heca sayını düzəltmək üçün işlənmişdir.

Tanınmış şair, mənim də çox sevdiyim müəllif Kəmalə Abıyeva ədəbiyyatımız üçün xeyli maraqlı əsərlər yaradıb. Bu da ədəbi tənqidin nəzərindən heç vaxt yayınmayıb. Amma onun bəzi şeirlərini oxuyanda iki fikir arasında qalırsan. O gözəl şeirlərdən sonra şair bu cür şeiri necə yaza bilər axı?

Bir uşaq gözündəki
kədər tək ağrıyıram.

Müəllif bilməlidir ki, kədər heç vaxt ağrımır, o da öz ömrünü gözəl yaşayır. Ağrıyan uşağın gözüdür. Kədər deyil əslində. Məncə müəllif bu misrada çox incə bir məqamı unutmuşdur. Amma Kəmalə xanımın aşağıdakı şeirini oxuyanda ürəkdən sevinirsən.

Bir az Təbriz kimiyəm,
Gedirsən, çatmaq olmur.

“525-ci qəzet”

Nə qədər gözəldir, həyatidir. Təbrizə nə qədər getsən də, çatmaq olmur. Bədii həqiqət yaman şeydir. Gərək Təbrizə çatmaq üçün 1828-ci lə qədər yol gedə biləsən.

Məni təəccübləndürən odur ki, gözəl şeirlər yazmağı bacaranlar, bəzən elə dəqiq olmayan misralarda ilişib qaırlar ki, istər – istəməz fikirləşirsən: ya təcrübə çatmır, ya da zəhmət.

Xatirə Rəhimbəyli kifayət qədər tanınan, maraqlı qələm sahibidir. Mən inana bilmirəm ki, şeirdə bu qədər külüng çalan bir şair sadə həqiqətlərdə bu qədər səhv eləsin.

“Yaxşı ki, yadında qalmamışam mən”

Doğurdanmı, Xatirə xanım bilmir ki, bu misrada “mən” sözü artıqdır?

Amma onun aşağıdakı misrasına baxanda istər- istəməz şairi alqışlayırsan. O saat hiss edirsən ki, bu doğurdan da, əsl şair misrasıdır.

“Aydın görünürsən gizləndikcə sən...”

“525-ci qəzet”

Nə qədər gözəldir, həyatidir. Təbrizə nə qədər getsən də, çatmaq olmur. Bədii həqiqət yaman şeydir. Gərək Təbrizə çatmaq üçün 1828-ci lə qədər yol gedə biləsən.

Məni təəccübləndürən odur ki, gözəl şeirlər yazmağı bacaranlar, bəzən elə dəqiq olmayan misralarda ilişib qaırlar ki, istər – istəməz fikirləşirsən: ya təcrübə çatmır, ya da zəhmət.

Xatirə Rəhimbəyli kifayət qədər tanınan, maraqlı qələm sahibidir. Mən inana bilmirəm ki, şeirdə bu qədər külüng çalan bir şair sadə həqiqətlərdə bu qədər səhv eləsin.

“Yaxşı ki, yadında qalmamışam mən”

Doğurdanmı, Xatirə xanım bilmir ki, bu misrada “mən” sözü artıqdır?

Amma onun aşağıdakı misrasına baxanda istər- istəməz şairi alqışlayırsan. O saat hiss edirsən ki, bu doğurdan da, əsl şair misrasıdır.

“Aydın görünürsən gizləndikcə sən...”

“525-ci –qəzet”

Adilə Nəzər müasir ədəbi prosesdə, dərgilərdə, internet saytlarında, sosial şəbəkələrdə çox fəaldır. Uğurlu şeirləri də az deyil. Aşağıdakı şeirlərə diqqət yetirək.

Sən də Bakıdasan,
mən də Bakıda.

Sən də səkidəsən,

Mən də səkidə
Bəs niyə tapmıram səni, hardasan?

“525-ci qəzet”

Bu şeiri mən bütöv oxuyanda “Çəhargaha” bənzədirəm, sanki aşiq uzun bir nalə çəkir, qışqırır, haray salır. O harayı, o duruşu şeirin intonasiyasından anlamaq mümkündür. Bir şəhərdə yaşayasan, bir səkidə durasan, amma sevgilini tapmayasan.

Amma aşağıdakı misralar elə bil Adilənin deyil, başqa bir təcrübəsiz şairindir.

Dünən gözəl bir haldaydım.

“Haldaydım” nə deməkdir? Bu da şair sözüdürmü?

Və yaxud

Qarışdırıb şeirləri qəzəllərə,
qarmaq atıb gözəllərə,
dəm tutursan ləpə-ləpə...
Hər gecə muğamdan girib,
Atdanırsan caza, repə..

“Gözəllərə qarmaq atmaq” şair ifadəsi deyil.Ümumiyyətlə, bu şeir bizə hansı estetikanı, hansı gözəlliyi təbliğ edir? “Dəm tutursan ləpə-ləpə” “Muğamdan girib, atdanırsan caza, repə” bu cür misralar şeirə heç bir gözəllik gətirmir, əksinə, söz yığınına çevirib onu daha da vulqarlaşdırır.

Tanınmış yazıçı, “Ədalət” qəzetinin baş redaktoru hörmətli İradə Tunçay böyük sevgiylə Arzu Hüseyni öz qəzetində oxuculara təqdim edir. Arzunun şeirlərinə gözəl də bir remaka da yazıb. Sağ olsun.

Qorxma, daha telefonum hey susur,

Gizlətmirəm zənglərimi birindən.

Qorxma, qəlbim həsrətinə uduzur,

Bağlanmıram adamlara dərindən.

Qorxma, gözüm açılmır ki, gün görəm,

Göz yaşımı şeirlərə sıxıram.

Bax beləcə hər gün biraz ölürəm,

Hər gün biraz həyatından çıxıram.

“Ədalət qəzeti”

Bu şeir həyatın gizli bir anıdır, müəllif onu aşkar eləyir, özü də orjinal bir biçimdə. Faciə onda başlayır ki, sən daha telefonunu bir nəfərdən də gizlətmirsən. Bu sevginin, bu həsrətin daha sorğu- sualı yoxdur. Hər şey aydınlığı ilə göz önündə. Bu şeirlərdə Arzu uduzur. Şeir qalib gəlir. Əsl şairlikdi bu.

Amma bu cür özünü ifadə edən Arzu Hüseyn sonrakı şeirlərini məğlub edir, özü qalib gəlir. Görəsən niyə? Bu şeiri də yazan məgər Arzu Hüseyn deyil?

Aclığı şərəfdən böyüklər hər gün,

Vicdanı rüşvətlə satın alanda,

Gecəmi gündüzə qatdım səninçün,

Canımı xərclədim axı yolunda.

Bu bənd heç bir məna ifadə etmir, söz yığınından ibarət , məramı, məqsədi olmayan ölü ifadələrdir. Çünki bu şeir Arzu xanıma uduzub, Arzu qalibdir. Şair öz şeirinə uduzanda şeirlər gözəl olur. Amma belə yox.

Zaur İlhamoğlunun şeirlərinə baxaq:

Gedəcəm dünyanın o bir başına

Burda əyləncədir sevgi-məhəbbət.

Bu yerdə yaşanan sevgi hissləri

Büsbütün ehtiras, büsbütün şəhvət.

Şair şeir yazır, misralar düzür

Sərir vərəq üstə düşüncələri.

Gizlənir yazdığı misralar altda

Bir şair sevinci, şair kədəri.

“Ulduz” jurnalı”

Zaur İlhamoğlu yəqin ki, bu şeirləri özü əzbər deyə bilməz. Əzbərləsə də, yadda saxlamaq mümkün deyil. Gərək şeirdə bir məna olsun ki, o yaddaşına ilişə bilsin. Təkçə şeir yazmaq azdır, gərək arı çiçəkdən şirə çəkdiyi kimi sən də istedadının gözü ilə dünyadan məna yığa biləsən.

Mən Zaur İlhamoğlunu çoxlu mütaliə etməyi , zəhmət çəkməyi arzulayıram. O hələ yazmasın, dərindən sükut etsin. Gördü ki, yazmamaq mümkün deyil, onda ilk misrasını başlasın.

Həmişə gözəl şeirlər yazan Xatirə Nurgül bəzən nəsə axtarırmış kimi elə bir yerə gəlib çıxır ki, özünü ifadə tərzi iflasa uğruyur.

Yaz, təzədən, yaz

Məni təzədən yaz, tanrım.

Və yaxud

Hələ qlobal istilər var, qarşıda,

Saylı zaman qalıb dünyanı bürüyəcək su böhranına.

Sənsə mənə qoşma ilə gəraylının fərqindən danışırsan

Unutma ki, insanın düşməni ancaq insandır

Elə dünyanın da...

“Azərbaycan” jurnalı

Bu misralarda hansı bir poetik kəşf və ya metafora, intonasiya var? Adi nəsr cümləsi. Heç nə. Müəllifin nə demək istədiyi də məlum deyil, yekun bir qənaət də yoxdur.

Belə şeirlərin çap olunmasında mətbu orqanların günahı yoxdur. Elə Xatirənin şeirlərini çapa mən vermişəm. Bunu niyə gizlədim ki... Axı Xatirə öz imzasını ədəbi mühitdə çoxdan təsdiq etmiş istedadlı bir şairdir. Çap zamanı şeirlərinə düzəliş verməyim də düzgün olmazdı. Deməliyəm ki, Xatirənin gözəl şeirləri çoxdur. Məni bir şey çox düşündürür ki, gözəl şeirlər yazan Xatirə qızımız birdən – birə niyə belə yazsın ki... Səbəbi tapmaq istəyirəm.

Belə məsələlər əslində ədəbi tənqidin işidir. O isə hələ susur. İri hərflə yazılan ədəbi tənqid heç olmasa şeirlə yanaşı getməyi o yana qalsın, hələ də şeirin arxasınca gəlir.

Sanki bu gün şeir qayıdıb ədəbi- tənqidə demək istəyir; arxamca gəlmə, sən mənə heç lazım da deyilsən. Bu, nəyə görə belə oldu? Çünki tənqid onu yaradan sözə etinasizlıq göstərdi. Müəyyən mənada ədəbi- tənqid şeirin rejissoru olmalıdır, onu oxucuya təqdim etməlidir. Amma nə fayda, şeirimizin tənqidi ölüm ayağında.

Xəbər lenti