Logo

Uşaq həniri ilə şair nəfəsini qovuşduran muzey

20.02.2022 16:21 518 baxış
IMG

Yaxın günlərdə Bəxtiyar Vahabzadənin ev muzeyində şairin Rza Təhmasib, Xudu Məmmədov, Cavad Heyət, Şahmar Ələkbərzadə ilə münasibətlərini əks etdirən eksponatlar sərgilənəcək. Böyük şairin Cənubi Azərbaycanla bağlı fəaliyyətinin ifadəsi olan sənədlər də muzeyə veriləcək

Bəxtiyar Vahabzadə Şəkiyə şeir yazmamışdı deyə özünü qınayırdı. Paradoksal o idi ki, bu töhmətin özünü də şeirə çevirmişdi və doğulduğu yer barədə yazırdı:  "Dünənlə bu gün çiyin-çiyinədir küçələrində”. Tarix sərgisi olan Şəkiyə gəlib də, şairin yurdunu ziyarət etməmək, şeir-sənət nəfəsi yaşayan evinə ayaq basmamaq düzgün olmazdı. Odur ki, yol işarələrindəki oxlara etimad edə-edə, "Bəxtiyar Vahabzadənin ev muzeyi”nin yerini tapdım. Şəkinin ucqar bir yerində – Yuxarı baş məhəlləsində yerləşən bu ev muzeyi hələ mədəniyyət ocağı olmamışdan əvvəl Bəxtiyar Vahabzadənin könlündə özünə belə yer etmişdi:
 
Şəkidə məhlə var nə qədər desən,
Gəldim bu dünyaya "Yuxarı baş”da
Bir göz evimizdə nə desən vardı,
Taxça aşağıda, buxarı başda.
 
Çıxdı ahıllığım o evdən çölə
Amma uşaqlığım yuxarı başda.
İndi mən həsrətəm ata yurduna,
Odu ürəkdədir, buxarı başda!


 
Uşaqlara bağışlanan ev
 
B.Vahabzadə 1925-ci ildə Şəkinin Yuxarı baş məhəlləsində dünyaya göz açıb. Doqquz yaşına qədər bu evdə – indiki muzeydə yaşayıb. Doqquz yaşında o dövrün siyasi-ictimai hadisələri ilə əlaqədar ailəsi ilə birgə Bakıya köçüb. Onların Bakıya köçməsinə səbəb isə ailəsinin Şəki mühitindəki ictimai-siyasi reallıqla barışmaması imiş. 1948-ci ildə şair ailə üzvlərinin və qohumlarının razılığı ilə bu evi uşaq bağçası kimi istifadə edilməsi üçün dövlətə verib. Çünki o dövrdə Yuxarı baş məhəlləsində bağça yox imiş. Beləcə, burada uşaq həniri ilə şair nəfəsi qovuşub.
Prezident İlham Əliyevin Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqındakı 27 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə şairin ev muzeyi yaradılıb. Eyni zamanda şairin ev muzeyinin lap yaxınlığında uşaqlar üçün bağça tikilib. Ev muzeyinin açılışı 31 avqust 2018-ci ildə olub. Burada  ekspozisiya sahəsi 70m2 ərazini əhatə edir, muzey inzibati və fond otaqlarından ibarətdir. Muzeyin ekspozisiyasının əsasını şairin ailəsi tərəfindən verilən kitab, əlyazma, sənəd, foto və arxiv sənədləri, həmçinin də şəxsi əşyalar təşkil edir. 
 
Mahnıların notları, nəşrlərin fotoları

Muzeyin maraqlı otaqlardan biri B.Vahabazdənin iş otağıdır. Şairin iş otağında Bakıda 60 ildən artıq müddətdə yazılarını qələmə aldığı masası, kitabları, ailə şəkilləri və sair yer alıb.
Digər bir otaq isə Bəxtiyar Vahabzadənin yaradıcılığına aiddir.  Orada şairin səhnələşdirilən "İkinci səs”, "Fəryad”, "Yağışdan sonra” adlı dramlarının afişaları, Türkiyə, Latviya, İran, Amerika, Almaniya və sair ölkələrdə dərc olunan kitab və əsərlərinin sürətləri, O.Rəcəbov, R.Mirişli, R.Mustafayev, Ş.Axundova, E.Sabitoğlu və sair bəstəkarların şairin sözlərinə bəstələdikləri mahnıların notları, yaxud onların toplu halında nəşrlərinin fotoları sərgilənir. Eyni zamanda zövqlə geyinməyi sevən şairin kostyumu da diqqət çəkir.
 
Təbrizdən gələn möhürlü məktublar
 
Şairin ictimai-siyasi fəaliyyətinə aid otaqda orden, medal və digər təltifləri xüsusi maraqla izlənilir. Qeyd edək ki, B.Vahabzadənin ən sevdiyi təltifi "İstiqlal” ordeni imiş. Bundan başqa, Rumıniyanın Komandor dərəcəli "Ləyaqət” ordeni, Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı nişanı, SSRİ Dövlət Mükafatı laureatı ordeni, Türkiyənin "Onur” ordeni, Təbrizdən şairə gələn möhürlü məktublar ədibin ictimai-siyasi fəaliyyəti ilə bağlı otaqda ziyarətçilərə təqdim olunur. Şairin təltifləri sırasında "Azərbaycan SSR xalq şairi” vəsiqəsi, "Azərbaycan SSR Əməkdar incəsənət xadimi” nişanı və vəsiqəsi, Şəhər Xalq Deputatı vəsiqəsi, SSRİ Yazıçılar İttifaqının vəsiqəsi və nişanı, Azərbaycan Respublikası Milli Məclisinin 1-ci və 2-ci çağırış deputat vəsiqəsi və sair var.  
 
Amerika, Çexiya, Polşa, Fransadan gələn qonaqlar
 
1000-dən artıq eksponatı olan muzeyin çox istiqanlı, gələn ziyarətçiləri qayğı ilə qarşılayan 5 əməkdaşı var. Muzeyin həyəti o qədər gözəldir ki, bağça elə ürək oxşayır ki, sanki cənnət-məkandır. Muzeylə məni tanış edən, əhatəli məlumatlar verən ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli söhbət zamanı bu mədəniyyət ocağına olan diqqətdən və gözlənilən yeniliklərdən söz açdı: "Bəxtiyar dünyasına yaxın insanlar düşünürdülər ki, muzey bu ünvandan bir qədər aşağıda, Bəxtiyar müəllimin yaşadığı digər evdə yaradılsın. Çünki yaradıcılığının əhəmiyyətli dövrü o evdə keçib. Amma sonra muzey burada açılandan sonra məlum oldu ki, yeri ucqar olsa da, ziyarətçi sarıdan heç zaman korluq çəkmirik. Bura gələn qonaqların fotolarına baxsanız, görərsiniz ki, dediklərim doğrudur. B.Vahabzadə dünyanın şairidir, onu sevənlər dünyanın hər yerindən gəlirlər. Amerika, Çexiya, Polşa, Fransadan və sair qonaqlarımız olub. Biz həm də Bəxtiyar Vahabzadənin növbəti yubileyi ilə bağlı muzeydə yeniliklər etməyi düşünürük. Muzeyimizdə Rza Təhmasib, Xudu Məmmədov, Cavad Heyət, Şahmar Ələkbərzadənin B.Vahabzadə ilə  münasibətlərini əks etdirən eksponatlar sərgilənəcək. Eyni zamanda böyük şairin Cənubi Azərbaycanla bağlı fəaliyyətinin ifadəsi olan sənədlər və digər başqa yeni materiallar muzeyimizdə yer alacaq”.


"Yuxun şirin olsun” deyimmi? 
 
Muzeydən çıxarkən düşünürəm ki, hər ziyarətçi gəlişi ilə B.Vahabzadənin uyuyan ruhu oyanır. Eyni zamanda hər ziyarətçi gəlişi ilə muzey də tarix yuxusundan ayılır, canlanır.  Mən də muzeydən çıxıram, bir azdan az əvvəl oyanan eksponatlar yenə uyuyacaqlar. Bu düşüncələr şairin anasının vəfatı ilə bağlı yazdığı misraları yadıma salır:
 
"Yuxun şirin olsun” – deyərdin mənə,
"Yuxun şirin olsun” – deyimmi sənə?
 
Fərid Hüseyn, Kaspi qəzeti
 

Xəbər lenti