Logo

Teleaparıcı: "Öz peşəsinə aşiq olan diplomsuzlardan qorxmaq lazım deyil" - MÜSAHİBƏ

20.04.2022 16:40 505 baxış
IMG

Televiziya aparıcısı Azər Süleymanlının "Report"a müsahibəsi.

- Televiziyaya gələndə tamaşaçılar sizi Azər Süleymanlı kimi yox, “Azər Xəyal” olaraq tanıyıb. “Xəyal” imzasının mənası nə idi və niyə yox oldu?

- “Azər Xəyal” haqqında istənilən sual, mesaj, rəy, xatırlatma məni çox qəribə edir. Bu mənim üçün həyatımın çox dərin yerinə, ən qiymətli yaşantılarımın, xatirələrimin, şəxsimin zirzəmisinə səfər deməkdir. Bəli, mən bu uzun müqəddəs yola “Azər Xəyal” olaraq çıxdım. Hər şeyə bu adla başladım. Televiziya yolunda ilk addımlarımı, ilk həyəcanımı, bəxtiyarlığımı bu adla yaşadım. İnsanlar məni bu adla tanıdı, bu adla sevdi. Tanıdıqlarım, tanımadıqlarım yaddaşlarına, telefonlarına məni “Azər Xəyal” olaraq qeyd etdi. Yeri gəlmişkən, bu gün də, bəzi dostlarımın telefonunda adım “Azər Xəyal” olaraq yazılı qalıb. 1999-cu ildə gələcəyimə, özümə açdığım qapı o vaxtlar Qubada yerləşən “Xəyal” televiziyası idi. Bu televiziya mənim xəyallarımın gerçəkləşdiyi ünvana çevrildi. Televiziyanın adı da sanki mənə ümid verirdi. Beləcə, bu ad mənim ilk addımlarıma yoldaş oldu.

Bu barədə heç düşünmədim də. Sanki “Azər Xəyal” özü doğuldu. Həm efirə çıxdığım ilk televiziyanın adı, həm də xəyallarımın reallaşması bu adla üst-üstə düşdü. İllər keçdi. Artıq universitetdə oxuyurdum. Xəyallarım yavaş-yavaş “Xəyal”a sığmırdı. Müstəqillik yaşına çatmış biri kimi, yeni həyat qarşımda dayanmışdı. O vaxtlar ölkədə regional televiziyalar şəbəkələşməyə və yenilənməyə başladı. 2007-ci ildə Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalı - Regional TV yayıma çıxdı. Dəvətlə yolum ora uzandı. “Xəyal” imzası öncə çalışdığım televiziyanın adını assosiasiya etdirdiyindən məsləhət olundu ki, öz soyadımla efirə çıxım. Həm də artıq “xəyallar” çin çıxmışdı, məni böyüdüb yola salmışdı.

- Demək olar, 10 ilə yaxındır səhər proqramını aparırsınız. 2017-ci ildən bu günə qədər “Sabahın xeyir, Azərbaycan”, ondan əvvəl də “Yeni gün” verilişinə aparıcılıq etmisiniz. Həm də “Səs Azərbaycan” layihəsinin aparıcısı olmusunuz. Bu qədər işin öhdəsindən necə gəlirsiniz? Zamanı necə bölürsünüz?

- Bütün bunlar adiləşib, nəfəs alıb-vermək kimi həyatiləşib. Həm də, uşaqlıqdan yaranan vərdişdir. Televiziyada orta məktəb illərindən çalışıram. Ali məktəbə də işləyə-işləyə hazırlaşmışam. Yeri gəlmişkən, heç bir hazırlığa getmədən universitetə qəbul olunmuşam. Tələbəlik illərim də belə keçib. 4 il boyu hər cümə günü dərsdən çıxıb rayona getmişəm. Həftəsonu orada - televiziyada verilişlərim olurdu. Televiziya ilə yanaşı müxtəlif tədbirlərdə, el şənliklərində də aparıcılıq edirəm. Bəzən o qədər yorğun və vaxtsız oluram ki, gün ortası zəngli saatı 15 dəqiqəlik qurub yatıram və sonra qalxıb yenidən işlərimin arxasınca qaçıram. Bir cümlə ilə fikrimi nöqtələsəm, belə deyərəm - “Sevgi kömək edir”.

- Televiziya layihəsi aparıcı simaya bağlıdır, ya komanda işidir?

- Aparıcı - simadır. Adı və vəzifəsi kimi elə aparıcıdır. Amma hər hansı bir televiziya layihəsi komanda işidir. Təbii ki, söhbət uğurlu layihədən gedir. Komanda güclü olmasa, aparıcı əziyyət çəkir, ümumi iş də zəifləyir, keyfiyyət aşağı enir.

- Hazırda KİV-də və televiziyada jurnalistika təhsili almış şəxslərlə yanaşı qeyri-ixtisası bitirən yetərincə jurnalist var. Bu hal cəmiyyətdə birmənalı qarşılanmır və mübahisəyə səbəb olur. Sizcə, peşədə çalışmaq üçün jurnalistika təhsili vacibdirmi?

- Ən güclü təhsil “sevgidir”. Seçdiyin sahəni, məşğul olduğun işi sevirsənsə, onun “dəlisisənsə”, məsələnin əsas qismi həll olunub deməkdir. Öz peşəsinə aşiq olan diplomsuzlardan qorxmaq lazım deyil. Təhsilin əhəmiyyətini kiçiltmək də istəməzdim, çünki önəmlidir. Sadəcə mənə görə ən önəmlisi işin keyfiyyətidir. Əgər, insan öz işinin ali qaydalarına riayət edirsə, peşəkarlıq tələblərini ödəyirsə, daim özünü inkişafa yer verirsə, mübahisəyə ehtiyac yoxdur.

- Televiziyada bəzən aparıcının uyğunsuz davranışının şahidi oluruq. Bunun da kökündə yəqin reytinq qazanmaq istəyi, ya adi tamaşaçıya məlum olmayan başqa səbəb var. Bu günün aparıcısı efirdə həm oynayır, həm oxuyur, bəzən isə müsahibin yerinə fikir bildirir. Siz aparıcını necə görürsünüz? Teleməkanda tam azadlıq olmalıdır ya hansısa çərçivə?

- Biz harasa gedəndə, toplum içinə çıxanda, adi lap həyətə belə düşəndə, üst-başımıza fikir veririk. Öz evimizdəki kimi hərəkət etmirik. Televiziyaya çıxan insan isə, minlərlə insanın mənzilinə, iş yerinə girir. Bunun üçün heç kimdən icazə belə istəmir. Sizcə bu “müsafirin” özünü istədiyi kimi aparması nə dərəcədə xoşagələndir? Məzmun buna icazə verirsə, aparıcı oxuya və ya rəqs edə bilər. Amma baxır hansı şəkildə, necə. Azadlıq gözəl şeydir. Amma, baxır hansı həddə.

- Xəbər saytları, agentliklər, o cümlədən sosial şəbəkələr televiziyanı xəbər yayımında sözsüz üstələyir. Bəs televiziya digər KİV-i nədə üstələyir?

- Kütləvi informasiya vasitələrindən ilk yarananı qəzet olsa da, radio çıxanda o tarixə qovuşmadı, varlığını yenə də davam etdirdi. Televiziya yarananda da radio kənara qoyulmadı. Eləcə də saytlar və digər media elementləri TV-ləri mədəniyyət səhnəsindən silməyəcək. Qəzetlər indiki saytların əcdadı olduğu kimi, televiziyalar da bir başqa formaya keçərək öz vərəsələrini media sahəsinə bəxş edəcəklər. Forma dəyişə bilər amma, necə deyərlər, alət dəyişər, adət dəyişməz.

- Müsahibələrinizin birində demisiniz ki, mən televiziyada çalışmıram, yaşayıram. Televiziyada yaşamaq sizi digər həyatdan kənar qoymurmu? Yaşadığınız mühitdən tam razısınızmı? Yəni heç narazılığınız yoxdur?

- Mənim üçün televiziya və “digər həyat” anlayışı yoxdur. Çünki, televiziya mənim üçün bütövlükdə elə həyatdır. Televiziya mənim böyük parçamdır, özümü tapdığım yerdir, tamamımdır. “Balıq və su” vəhdətidir. Şükür yerimdir.

- Özünüzə kənardan tamaşaçı kimi baxırsınızmı? Nəyisə bəyənməyib dəyişmək istəyi olubmu?

- Əlbəttə, bu mütləqdir. Daxili və zahiri nəzarət eyni deyildir. Özüm özümün ən birinci redaktoruyam. Doğrularıma görə təşəkkür edəndə, yanlışlarıma görə də tənbehləməyi də unutmuram. Ən xırda məqamları belə diqqətə almağa çalışıram.

- Bu sahəyə yeni gələnlərə və ya aparıcı olmağı arzu edənlərə sözünüz, məsləhətiniz nədir?

- Əslində bu suala verəcəyim cavab indiyə qədər verdiyim bütün cavablarımın içində var. Bu həyatda insanın ən böyük gücü, uğuru, naxışı “sevgi”dir. Çalışın, gördüyünüz və görmək istədiyiniz işi sevin. Əgər işinizə aşiqsinizsə, onun uğrunda hər əməyə qatlanacaqsınız, ona gedən yolda deyil addımlamaq - qaçaqsınız, mümkün ola biləcək böyük çətinlikləri də kiçik görüb aşacaqsınız və uğurlu olacaqsınız. Diləyirəm ki, istəyinizə və hədəfinizə çatasınız.

Günay Sevinc

Xəbər lenti