22 aprel tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə “Açıq qapı” tədbiri keçirilib. və
Tehzil.biz xəbər verir ki, tədbirdə 1000 nəfərədək yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, eləcə də dövlət qurumlarının və əlaqədar tərəflərin rəsmi nümayəndələri iştirak edib.
Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Tədbirdə kostyum ustası, tikişçi, dizayner, aşpaz, qənnadçı-şirniyyatçı, florist, zərgər, ağac nəqqaşı, xalçaçı və qrim kimi müxtəlif istiqamətləri əhatə edən stendlərdə tələbələrin əl işləri sərgilənib, ustad dərsləri təşkil edilib.
“Açıq qapı” günündə iştirakçılar peşədə inklüziv tədris və xidmətlər, hazırki qəbul qaydaları, peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində cari fəaliyyətlər haqqında ətraflı öyrəniblər, o cümlədən uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparıblar.
Birgə əməkdaşlıq çərçivəsində Bakı, Gəncə və Cəlilabadda yerləşən bir sıra peşə təhsil mərkəzləri üçün nəzərdə tutulan “Açıq qapı” günlərinin keçirilmə məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, peşə təhsilinin ölkədə qadın və kişilər üçün müvafiq təhsil seçimlərindən biri olaraq təqdim etməyə, ümumilikdə peşə təhsilinin cəlbediciliyini artırmağa kömək etməkdir.
Qeyd edilməlidir ki, açıq qapı günləri 26 aprel Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, 28 aprel isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək tədbirlərlə davam edəcək.
Tədbirlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.