Logo

Peşə təmayüllü siniflər: əsaslı yenilik, maraqlı nəticə

25.04.2022 14:30 744 baxış
IMG

Müasir dövrdə sürətlə dəyişən əmək bazarının tələbatının düzgün müəyyənləşdirilməsi, şagirdlərin gələcəkdə öz potensialına uyğun doğru peşəni seçə bilməsi barədə onların daha erkən yaşlarında, məktəbdə təhsil aldığı dövrdən başlayaraq düşünmək vacibdir. Ölkədə bu istiqamətdə son dövrdə Təhsil Nazirliyi tərəfindən bir çox layihələr icra olunmaqdadır. Bunlardan biri peşə təmayüllü siniflər layihəsidir. Layihə ilk dəfə 2019-2020-ci tədris ilindən başlayaraq, Bakı şəhərində 5 məktəb olmaqla, ölkənin 20 ümumtəhsil müəssisəsində tətbiq olunmağa başlayıb.

Qeyd edək ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 15 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Paytaxtdakı 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

Layihənin tətbiq olunduğu məktəblərdən biri də Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdir.

Məktəbin direktoru Kamran İsalının dediyinə görə, peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd ümumi orta təhsil bazasında şagirdlərin erkən yaşlarda müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlığı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. Layihənin müsbət cəhətlərindən biri də ümumi təhsil müəssisələrinin doqquzuncu siniflərini bitirdikdən sonra tam orta təhsil mərhələsində təhsildən yayınan şagirdlərin məktəbə yenidən cəlb olunmasına əlavə fürsət yaratmasıdır: "Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Bu siniflərə ümumtəhsil müəssisələrinin 9-cu sinfini bitirən şəxslər qəbul edilir. Bu zaman siniflərdə şagird sayı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hər sinifdə 15-20 nəfər şagird intervalında təyin edilir. Layihə kənd təsərrüfatı, təmir-tikinti və xidmət profilləri olmaqla əsas 3 istiqamətdə təşkil olunur. Bu profillər üzrə şagirdlərə aqronomluq, mebel quraşdırma ustası, dülgər, kombi-kondisioner ustası, ev təmiri ustası, santexnik, dərzi köməkçisi, modelyer -dizayner, aşpaz, qənnadçı, İT mütəxəssisi və s. kimi peşə ixtisasları tədris edilir. Bitirdikləri ixtisaslar üzrə imtahanlardan uğurla keçdikdə şagirdlərə müvafiq olaraq uğur sertifikatları verilir. Bununla yanaşı peşə təmayüllü siniflərin 11-ci sinfindən məzun olan şagirdlər tam orta təhsil haqqında attestat əldə edirlər".

Direktor bildirib ki, N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə cari tədris ili üzrə iki peşə təmayüllü sinif fəaliyyət göstərir. Bu siniflər X və XI siniflər olmaqla hər sinifdə 20 nəfər şagirdlə komplektləşdirilib. Siniflərin hər biri 5 gün tədrisə cəlb edilir. Bu günlərdən dərs cədvəliylə müəyyən edimiş iki günündə peşə ixtisaslarının tədrisi, üç günündə isə ümumi təhsil fənlərinin tədrisi həyata keçirilir. Peşə təmayüllü siniflərin peşə modulları üzrə həftəlik dərs yükü 12 saat, ümumi təhsil fənləri üzrə həftəlik dərs yükü 19 saat təşkil edir. Bu siniflərdə peşə modulları üzrə dərsləri tədris edən mütəxəssislər xüsusi müsabiqə komissiyası tərəfindən müəyyən edilir.  Peşə təmayüllü siniflərin fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün məktəbdə biri tədris, ikisi təcrübə otağı olmaqla cəmi 3 otaq müvafiq təchizatla təmin edilib. Bununla yanaşı məktəbin həyətyanı sahəsində müvafiq olaraq yüz kvadratmetr ərazidə Təcrübə sahəsi, şagirdlərin kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üzrə təcrübi fəaliyyəti üçün ayrılıb:"Məktəbdə ilk olaraq 2019-2020-ci tədris ilində peşə təmayüllü siniflərdə dərzi köməkçisi və aqronom, 2020-2021-ci tədris ilində qənnadçı, mebel quraşdırma ustası, İT mütəxəssisi peşə ixtisasları fəaliyyət göstərmişdir. Cari tədris ilində isə 10-cu siniflərdə "Aqronom", "İT Help-Desk", 11-ci siniflərdə "Dərzi köməkçisi" və "Mebel quraşdırma ustası" ixtisası üzrə şagirdlər peşə bacarıqlarına yiyələnirlər. Mövcud ixtisaslar üzrə şagirdlər üçün təcrübə səfərləri, ekskursiyalar, ustad dərsləri, yarışlar və s. kimi tədbirlər təşkil edilir. Məktəbin peşə təmayüllü sinifləri üç il ərzində uğurlu sosial layihələr həyata keçirmişdirlər ki, bu da onların gələcək koryerasında və şəxsi inkişafında mühüm əhəmiyyət kəsb edir. Məktəbin peşə təmayüllü sinifləri 44 günlük Vətən Müharibəsi dövründə şəhidlərimizin xatirəsinə ithaf etdikləri "Xarıbülbül" layihəsini həyata keçiriblər. Belə ki, şagirdlər " Xarıbülbül" çiçəyini otaq şəraitində yetişdirilməsinə nail olublar. Bununla yanaşı şagirdlər "Şəhidlik zirvədir" adlı layihə həyata keçirərək " mebel quraşdırma ustası" ixtisası üzrə taxta oymalı dibçəklər, skamya hazırlamış və həmin əl işləri Zirə qəsəbəsinin Vətən Müharibəsi şəhidlərinin məzarları önünə qoyulub. Dərzi köməkçisi ixtisası üzrə şagirdlər bu məzmunda hərbi parçadan geyimlər hazırlayıblar. İT ixtisası üzrə şagirdlər isə " Qarabağ qəhrəmanları" adlı kitab tərtib edərək, həmin kitabın dizayn və nəşrini həyata keçiriblər.Bunlarla yanaşı məktəbin Peşə təmayüllü siniflərinin şagirdləri xeyriyyə aksiyalarına qoşulub. Belə ki şagirdlərimiz əl işlərindən ibarət məhsullarla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətiylə Xəzər rayonunda keçirilən və Novruz Bayramı münasibətiylə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan satış-yarmarkada iştirak ediblər. Şagirdlərimiz yarmarkalardan əldə olunan gəliri Yaşat Fonduna ianə ediblər. Məktəbin kollektivi olaraq fəaliyyətimizi "hər bir uşaq istedadlıdır" devizi altında həyata keçiririk. Məhz bu devz altında həyata keçirdiyimiz fəaliyyətin ən böyük nəticəsi olaraq onu qeyd edə bilərəm ki, akademik göstəriciləri qənaətbəxş olmayan eləcə də anadangəlmə müəyyən qüsurlara malik olan bir çox şagirdimizin müxtəlif peşə ixtisasları üzrə istedadın müəyyən olunmasına nail olmuşuq. Həmin şagirdlərimiz bu gün öz uğur hekayələrini yazmağa davam edirlər. Bu da şagirdlərin peşəyə, əməyə olan potensialının erkən yaşlarda müəyyən olunaraq , üzə çıxarılmasının əhəmiyyətini bir daha sübut edir".

Bakı şəhəri 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli isə bildirib ki, məktəblilərə peşə dünyasında layiqli seçim etmələrinə hərtərəfli yardım göstərilməli uğurlu karyera axtarışına dəstək verilməli, şagirdlər isə şəxsi keyfiyyətlərinə,bacarıq və qabiliyyətlərinə uyğun olaraq peşə fəaliyyətlərinin növlərini müəyyənləşdirməyi bacarmalıdırlar. Bu baxımdan "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əhəmiyyəti böyükdür: "Layihəyə ilk qoşulan məktəblərdən biri də bizim məktəbdir. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsil alan şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına şərait yaratmaqdan ibarətdir. Layihənin üstün tərəfi şagirdlərə tam orta təhsil haqqında attestat ilə yanaşı, 2 ixtisas üzrə ilkin peşə sertifikatının da verilməsidir. Şagirdlər əlavə vaxt sərf etmədən təhsil aldıqları müddətdə və məkanda 2 peşəyə də yiyələnmiş olurlar. Hal-hazırda peşə təmayüllü siniflərimizdə X sinif üzrə "Aşpaz köməkçisi" və "Mebel quraşdırma ustası" ixtisasları, XI sinif üzrə isə "Dərzi köməkçisi" və "İKT proqram istifadəçisi" ixtisasları tədris edilir. Hər sinif üzrə 20 şagird təhsil alır. Ötən tədris ilində məktəbimiz peşə təmayüllü siniflərin ilk məzunlarını yola salıb. Belə ki, X sinif üzrə "Aşpaz köməkçisi" qrupunda 10 şagirddən 9-u, "Kombi-kondisioner usta köməkçisi" qrupunda 10 şagirddən 10-u, XI sinif üzrə "Dərzi köməkçisi" qrupunda 8 şagirddən 8-i, "İKT" qrupunda 12 şagirddən 5-i imtahanlardan uğurla keçərək Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq sertifikatları ilə təmin olunub. Layihə çərçivəsində "Peşə etikası və müştərilərə xidmət", "Sahibkarlıq", "Estetika və mədəni özünüifadə" kimi modulları özündə ehtiva edən "Əsas səriştələr" fənni və "STEAM" dərsləri də tədris olunur. Ölkə üzrə peşə təmayüllü siniflər arasında keçirilən sosial layihələr, müsabiqələrdə də peşə təmayüllü siniflərimiz bir çox uğurlara imza atıblar. Respublika üzrə peşə təmayüllü siniflər arasında şagirdlərimiz "Qəhrəmanını tanı" devizi altında "Nə? Harada? Nə zaman?" intellektual oyununda I yerə layiq görülüblər. Onu da qeyd edim ki, bu yarışmada ilk 3 yerin sahibi olan komandaların üzvlərinə hədiyyə olaraq məhz bizim "Mebel quraşdırma ustası" qrupumuzun şagirdlərinin əl işləri olan Xarıbülbül suvenirləri təqdim olunub. Bundan başqa,şagirdlərimiz əməyin təhlükəsizliyi mövzusunda "Öncə təhlükəsizlik" devizi altında keçirilən intellektual oyunda III yerə, Bakı şəhəri üzrə peşə təmayüllü siniflərdə "İKT proqram istifadəçisi" ixtisası üzrə təhsil alan şagirdlər arasında müsabiqədə I yerə layiq görülüblər".

Sevinc QARAYEVA

Xəbər lenti