- Valideynlərlə münasibətləriniz necə tənzimlənir?
- Mütəmadi olaraq valideynlər məktəbə dəvət olunur və onlarla təlimlər keçirilir. Psixoloqlarla valideynlərin birlikdə əməkdaşlığı olur. Şagirdlərin evdə valideynlərlə münasibəti öyrənilir. Bu da bizim işimizə kömək edir. Valideynlərin məktəbə tez-tez gəlməsi şagirdlərin daha yaxından tanınmasında bizə yardımçı olur. Həmçinin müəllimlər tərəfindən də müsbət qarşılanır. Valideynlər nə qədər müəllimlə sıx münasibətdə olarsa, valideyn-müəllim-şagird üçbucağı daha qüvvətli olur. Ona görə də bu kimi hallar həm müəllimlər, həm də valideynlər tərəfindən müsbət qarşılanır və şagirdlərə də öz müsbət təsirini göstərir.
- Məktəblinin dostu olmaq sizə nə qazandırıb?
- Bu sualı özümə tez-tez verirəm. Əsas qazandığım nüans uşaqların sevincidir. Onların hansısa problemlərinə toxunuşlar etmək böyük xoşbəxtlikdir. Valideynlər bilirlər ki, məktəblinin dostu var və etibar edirlər. Onlar bilirlər ki, hər kiçik problemlərində məktəblinin dostu onların yanındadır və onlara dayaqdır. Onlardan xoş münasibət gördükcə, işimizə olan sevgimiz daha da artır.
Məlumat üçün bildirək ki, Abşeron və Sumqayıt üzrə sıxlıq müşahidə edilən məktəblərdə koronavirusla bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə "Məktəblinin dostu” və "Bir” tələbə-könüllü layihələri üzrə dəstək komandaları təşkil edilib. Ümumilikdə, 300 məktəblinin dostu və 700 könüllü bu işə cəlb olunub. Komandalar Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 məktəb olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.
2016-cı ilin dekabrından fəaliyyət göstərən "Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, "Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə, ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.