“Erməni saxtakarlığı və plagiatının ifşa edilməsi fəaliyyətimizdə həmişə prioritet istiqamət kimi saxlanılır. Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, ənənəvi mədəni (folklor) nümunələrin, ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin əsrlər boyu ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və saxtalaşdırılaraq erməni yaradıcılıq əsərləri kimi təqdim olunması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür”.
Bunu Oxu.Az-la söhbətində Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli deyib. 26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur və bununla əlaqədar olaraq E.Məmmədli müəllif və ixtiraçıları maraqlandıran suallarımızı cavablandırıb.
Mətbuat katibinin sözlərinə görə, beynəlxalq “çəkişmə”lərdən biri görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri ilə bağlı olub. Əsər Belçikada yaşayan erməni tərəfindən mənimsənilib. Bəstəkarın vərəsələri hüquqlarının bərpasında köməklik üçün Agentliyə müraciət ediblər. Agentliyin işə qarışması nəticəsində albomu buraxan şirkətin rəhbərliyi Azərbaycan tərəfindən üzr istəyib və səhvlərini düzəldib.
- Ümumiyyətlə, Agentliyin fəaliyyətinə nələr daxildir?
- Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.
- Müvafiq hüquqları pozulanlar Agentliyə ərizə yazmalıdırlar?
- Agentliyin “960 Çağrı Mərkəzi” 2021-ci ildən yeni formatda fəaliyyət göstərir və əqli mülkiyyət sahəsinə dair bütün müraciətlər cavablandırılır. Vətəndaşlara göstərilən xidmət səviyyəsinin və şəffaflığın artırılması məqsədilə Agentlik tərəfindən Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) sistemi yaradılıb. 2020-ci ildən fəaliyyət göstərən PƏNAH sistemi vətəndaşlara sənədləri “Elektron Hökumət” portalı vasitəsilə onlayn formatda təqdim etmək imkanı yaradır.
- Müraciətlər sırf şikayət xarakteri daşıyır?
- Daxil olan suallar əsasən əqli mülkiyyət obyektlərini qeydiyyatdan keçirmək üçün tələb olunan sənəd toplusunun tərtibatı, verilmə qaydası, həmçinin ekspertizanın nəticələri, qeydiyyata alınmış hazır mühafizə sənədlərinin təhvil verilməsi və bu prosedurlar üzrə müddətlər və ödənişlər ilə bağlıdır.
Azərbaycanda əsərlərin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər və hüquq sahibləri əsərlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və əsərin qeydiyyatı haqqında şəhadətnamə ala bilərlər.
- Şəhadətnamələr müraciətçilərə hansı üstünlükləri tanıyır?
- Əsərlərin Agentlikdə qeydiyyatının məhz müəlliflər üçün böyük faydası var. Müəllif hüquqları sahəsində mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, Agentlik tərəfindən verilən qeydiyyat haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
Müəlliflər əsərlərini qeydiyyatdan keçirdikdən sonra Agentliyin timsalında öz “vəkil”ini qazanmış olurlar. Belə ki, onlar özlərinə məxsus hüquqların müdafiəsində bizi müvəkkil edirlər. Bu baxımdan bir çox müəlliflər öz əsərlərinin Agentliyimizdə qeydiyyatında maraqlıdırlar.
- Məhkəmə çəkişmələri ilə bağlı müraciətçiləri maarifləndirirsiniz?
- Agentliyin ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nda müəlliflərə və hüquq sahiblərinə təmənnasız köməklik göstərilir.
Mübahisələr məhkəmə səviyyəsində baxıldıqda isə Agentliyin nümayəndələri üçüncü şəxs qismində məhkəmə işinə cəlb olunaraq hüquqları pozulmuş müəllif və hüquq sahiblərinin mövqeyini müdafiə edirlər.
2021-ci ldə Agentliyin nümayəndələri əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 54 iş üzrə (onlardan 46-sı sənaye mülkiyyəti obyektləri, səkkizi isə müəllif hüquqları ilə bağlı) 160-dan çox məhkəmə iclasında iştirak ediblər. Hər bir iş üzrə ekspert rəyi hazırlanıb və məhkəməyə təqdim edilib.
- Beyninin məhsulunu qeydiyyatdan keçirmək istəyən çoxdurmu?
- 2021-ci ildə 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 863 şəhadətnamə verilib.
Vətəndaşlar eyni zamanda bu prosesi Agentliyə gəlmədən, “Elektron Hökumət” portalı vasitəsilə onlayn qaydada da edə bilərlər. Keçən il “Elektron xidmət” bölməsi vasitəsi ilə 231 müəllifin 371 əsəri qeydiyyatdan keçirilib.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən bu ilin əvvəlinədək Agentlikdə ümumilikdə 14 mindən artıq əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
- İxtiraçılarımızın sayı ilə necə, fəxr edə bilərikmi?
- Ötən il ərzində müvafiq Dövlət reyestrində ixtiralara dair 119 ədəd patent qeydiyyata alınıb, onlardan 102 ədədi milli, 17 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.
Faydalı modellərə dair 27 patent qeydiyyata alınıb, bunların 21-i millidir. Sənaye nümunələrinə dair qeydə alınan patent sayı da 27 olub. Bunun da 15-i millidir.
Dövlət reyestrində 2379 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 1453 ədədi milli, 926 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.